”Donqili akademiklərlə” elmi inkişaf etdirmək cəhdi özünü aldatmaqdır”

«İnternet Əlincənin ətəyində əyləncə oyunları üçün deyil»

Cəmil Həsənli onu ittiham edənlərə elə cavab verdi ki…

Kim deyə bilər ki, Mirzə Ibrahimov, Ilyas Abdullayev özünə yaltaqlıq salnaməsi yazdırmaqla birbaşa akademik seçilmişdi”

Maraqlıdır ki, Isa Həbibbəyli 2007-ci il seçkilərində seçilmiş layiqli alimlərin adını sadaladıqda (akademik seçilənlər:Abel Məhərrəmov, Vaqif Fərzəliyev, Xoşbəxt Yusifzadə, Nailə Vəlixanlı, Bəhram Əsgərov, Vasim Məmmədəliyev, Ağamusa Axundov; müxbir üzv seçilənlər: , Kamal Abdullayev, Səlahəddin Xəlilov, Rasim Əliquliyev, Adil Qəribov, Oruc Ibadlı, Cavad Abdinov, Ağabəy Sultanov, Vəli Hüseynov, Zenfira Səfərova, Qadir Qədirzadə, Namiq Cəlilov, Vəli Baxşəliyev, Elmira Ramazanova) nədənsə həmin layiqli alimlərin sırasında birbaşa akademik seçilmiş Ramiz  Mehdiyevin və müxbir üzv seçilmiş Bəxtiyar Əliyevin adını çəkməyi unudur. Çünki humanitar ixtisaslar üzrə say komissiyasının sədri kimi yaxşı bilir ki, fəlsəfə ixtisası üzrə müxbir üzv yerinə tanınmış filosof Yusif Rüstəmov seçilmişdi və seçkinin nəticələrinə görə, hətta Yusif Rüstəmovu təbrik edənlər də olmuşdu.

Bir tərəfdən ömrünü fəlsəfi fikrin inkişafına həsr etmiş tanınmış filosof, böyük alim Yusif Rüstəmovun səsləri Isa Həbibbəylinin bilavasitə iştirakı ilə əlindən alınır, digər tərəfdən bu çirkin əməllərin iştirakçısı, bir ildə iki monoqrafiyası AMEA-nın elmi nəticələrinə daxil olan Cəmil Həsənlini “tələb olunan miqdarda səs toplaya bilməməkdə” günahlandırır. Halbuki, 1945-ci ildən bu günə kimi Akademiyanın tarixində heç bir alimin bir ildə iki monoqrafiyası elmi nəticə kimi qəbul edilməyib.  

Bəxtiyar Vahabzadə örnəyi

Akademiyanın əvvəlki seçkilərində filologiya üzrə verilmiş 1 akademik yerinə böyük şair Bəxtiyar Vahabzadə və sözün tam mənasında nəhəng araşdırmaçı Əziz Mirəhmədov sənəd vermişdi. Əziz müəllimin yaxın bir qohumu vəzifədən vurulduğu üçün ona imkan vermədilər keçməyə. Amma Bəxtiyar müəllim kimi böyük şair özünə borc bildi ki, hamının yanında Əziz müəllimdən üzr istəsin və desin ki, Əziz müəllim, bu akademik yeri sizin idi, amma müəyyən mülahizələrə görə bu yeri sizə vermədilər.
Bir vaxtlar Mərkəzi Komitə Universitetin rektoru Faiq Bağırzadəni Akademiyanın müxbir üzvü seçdirmək istəyəndə Faiq müəllim dedi ki, Xudu Məmmədov qala-qala mən ora sənəd verə bilmərəm. Onda məcbur olub həmin ixtisas üzrə ikinci yer verdilər. Indi bu adamların qabiliyyəti çatmır ki, heç olmasa yerlərini tutduqları layiqli adamlardan üzr istəsinlər. Bütün bu əməllərin əsas icraçılarından biri olan Isa Həbibbəyli isə, Cəmil Həsənliyə əxlaq dərsi vermək istəyir.

Zərərli işlərlə kim məşğuldur?

Isa Həbibbəyli yazır: “Cəmil Həsənlinin Akademiya seçkilərindən bəhs edərkən ”müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzv seçilənlərin demək olar ki, hamısı eyni regionun “alimləridir” mülahizəsi bir çox cəhətdən həm siyasi, həm də elmi baxımdan yanlış, zərərli tezisdir. Əvvəla, Cəmil Həsənlinin “eyni region” adı altında Naxçıvan Muxtar Respublikasını nəzərdə tutması…konkret bir regiona mənfi münasibətin ifadəsi kimi səslənir”.  
Tamamilə doğrudur, son on ildə Akademyanın müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzv olanlar bir qayda olaraq ya Naxçıvanın yeni “akademikləri”, ya da mənşə etibarı ilə Naxçıvanlı olanlardır. Həm siyasi, həm də elmi baxımdan yanlış və zərərli olan regionçuluq zəminində bütün bunları etməkdir. Necə olur ki, siz elmi ictimaiyyətin sifətinə tüpürüb belə şeylər edəndə bu zərərli sayılmır, amma Cəmil Həsənli bunu deyəndə bu siyasi baxımdan zərərli tezis olur. Mənim Naxçıvana guya mənfi münasibətimin olması barədə Isa müəllimin fikrinə bir qədər sonra qayıdacağam.   

Mirqasımov Bağırova istefa ərizəsini təqdim etmişdi

Birbaşa akademik seçilmənin guya Akademiya yaranandan bəri bir ənənə olduğunu əsaslandırmaq üçün Isa müəllim 1945-ci ildən sonra bu qaydada seçilənləri sadalayır. Birincisi, mən son illərdə birbaşa akademik olanları vurğulamışam. Ikincisi isə, 1945-ci ildə Akademiya yeni yarananda Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə Ibrahimov, Yusif Məmmədəliyev, Heydər Hüseynov, sonra Qara Qarayev kimi nəhəng və digərləri birbaşa həqiqi üzv olublar. Hətta həqiqi üzv seçilənlərin bir hissəsi elmlər namizədləri olublar və akademik olandan sonra doktorluq müdafiəsi ediblər. Bu meyardan yanaşaraq
Isa Həbibbəyli yazır ki, birbaşa akademik seçilən 53 nəfərdən cəmisi 9 nəfəri Naxçıvanda doğulanlardır. Amma onu yazmır ki, bu 9 nəfərin neçəsi son on ildə birbaşa akademik olanlardır. Əgər biz keçmiş illərə baxsaq, birbaşa akademik olanların içərisində Bakıda, Şəkidə, Şamaxıda, Naxçıvanda, Irəvanda, Tiflisdə və digər yerlərdə doğulanlar vardır. Lakin həmin adamlar doğum yerinə görə deyil, bilavasitə yüksək elmi nüfuzuna görə birbaşa akademik seçilirdilər. Mirəsədulla Mirqasımov prezident olanda Mir Cəfər Bağırov istedadsız bir adamı Akademiyaya üzv seçməyi ondan xahiş etdi. Sabahı Mirqasımov ərizəsini gətirib qoydu Bağırovun stolunun üzərinə ki, o filankəs elmə zidd adamdır, mən onu akademiyaya üzv edə bilmərəm. Belə kişilər var idi həmin birbaşa akademik seçilənlərin içərisində.

Akademik dikbaşlıq

Üzeyir Hacıbəyovun, Yusif Məmmədəliyevin, Musa Əliyevin birbaşa akademik seçilməsi ilə Mahmud Kərimovun, Ramiz Mehdiyevin, Ismayıl Hacıyevin birbaşa akademik seçilməsini eyniləşdirmək yüngül formada desək, elmi parodiyadır.
Kim deyə bilər ki, Zahid Xəlilov, Mirəli Qaşqay, Abdulla Qarayev onun-bunun yazdıqları ilə birbaşa akademik seçilmişdi, kim deyə bilər ki, Mirzə Ibrahimov, Cahangir Kərimov, Ilyas Abdullayev özünə yaltaqlıq salnaməsi yazdırmaqla birbaşa akademik seçilmişdi.
Bir Allah şahiddir ki, mən bunları yada salmaq istəmirdim, amma Isa Həbibbəylinin adı gedən məqalədə akademik dikbaşlığı bizi bütün bunları xatırlatmağa məcbur etdi.

Məhdud yerliçilik meylləri

Akademiyanın Naxçıvan bölməsini formalaşdırmaqla bağlı mən təklif etmişəm ki, layiq olmayan adamlara akademik titullar verməklə Naxçıvanda elmi inkişaf etdirmək olmaz. Məsələn, bu ilin fevral ayında seçkilərlə bağlı elanda tarix ixtisası üzrə Azərbaycana bir yer, Naxçıvana isə iki yer verilib. Bəri başdan deyim ki, bu qüsurlu yanaşmadır və burada açıq açığına məhdud yerliçilik meylləri vardır. Hətta söhbət ondan da getmir. Söhbət ondan gedir ki, bu iki yerə hansı elmi göstəriciləri olan alimlər namizəd göstəriləcək. Naxçıvanda əhali çox həssasdır. Hər şeyin bir əsli var, bir də əldəqayırması. Bu əldəqayırma şeylərə “donqli” deyirlər. Indi Isa Həbibbəylinin “donqli akademiklərlə” elmi inkişaf etdirmək cəhdələri özünü aldatmaqdan başqa bir şey deyildir. Seçkilər haqqında Akademiyanın əsasnaməsində göstərilir ki, “elmin inkişafında görkəmli xidmətləri olan, onu tədqiqatları ilə zənginləşdirən” alimlər AMEA-nın müxbir üzvü seçilirlər. Isa müəllimin rektor olduğu universitetdən müxbir üzv yerinə təqdim edilən 70 yaşlı tarixçi alim 2011-ci ildə elə ciddi bir elmi yeniliyi olmayan doktorluq müdafiəsi edib, Akademiya seçkilərinə elan çıxandan bir neçə həftə əvvəl doktorluq diplomu alıb və 2012-ci ilin fevral ayında da namizədliyi Naxçıvan Unuversitetinin elmi şurası tərəfindən müxbir üzvlüyünə irəli sürülüb. Bu Akademiyanın əsasnaməsinə bir başa ziddir. Çünki burada elmin inkişafında hansı xidmətdən söhbət gedə bilər, onu necə zənginləşdirməkdən söhbət gedə bilər ki, bu adam zor-bəla ilə 70 yaşında, akademiya seçkilərindən 3 ay əvvəl bir doktorluq müdafiəsi edib. Hələ insafla yanaşsaq, bu adamın elmi zənginləşdirməyə heç vaxtı belə olmayıb. Burada bir şeyi də nəzərə almaq lazımdır, elan akademiyanın Naxçıvan bölməsinin adına verilsə də, elmi göstəriciləri akademik titullara uyğun gələməyən bu adamlar alternativsiz qaydada Naxçıvan bölməsinin deyil, məhz AMEA-nın müxbir üzvləri seçilir və sabah da özlərindən qat-qat üstün olna alimlərin  elmi taleyini həll edirlər. Bunun təşəbbüsçüsü Universitet rektorunun, akademikin “Elmi mühitə obyektiv baxış naminə” adlı məqalə yazmağa mənəvi haqqı yoxdur. Bunun yerinə, Bakıda müxtəlif universitetlərdə və Akademiya sistemində çalışan elmi qabiliyyətli  və o cümlədən mənşəcə Naxçıvanlı olan istedadlı adamları müəyyən şərait yaratmaqla Muxtar Respublikaya dəvət edib, burada normal elmin bünövrəsini qoymaq olar. Məsələn, Əli Əlirzayev kimi görkəmli iqtisadçının akademik titulla Naxçıvan bölməsində işləməsinin nəyi pis olardı. Halbuki, əslən Naxçıvanlı olub Bakının müxtəlif elmi mərkəzlərində ayrı-ayrı ixtisaslar üzrə çalışan, sözün tam mənasında böyük elmlə məşğul olan onlarla istedadlı alimlər vardır.
Isa Həbibbəyli AMEA-nın Naxçıvan bölməsi ilə Rusiya Elmlər Akademiyasının Sibir bölməsini müqayisə edir. Əvvəlcə deyim ki, müqayisə qüsurludur. Müqayisə edilən bölmələr ayrı-ayrı elmi potensialın daşıyıcısıdırlar. Niyə Sibirdə belə ikinci güclü elmi mərkəz yaratmaq mümkün oldu. Ona görə ki, Sibir bölməsini yaradarkən onun şöbə müdirləri güzəştli şərtlərlə hamısı Moskvadan göndərildi. Onların bir hissəsi sonralar Moskvaya qayıtsa da, digər bir hissəsi həmişəlik həyatlarını Sibir bölməsi ilə bağladılar.

Naxçıvanla bağlı iddialara niyə cavab verilmədi?

Isa Həbibbəyli öz məqaləsində Naxçıvanın inkişafı və onun elmi potensialı ilə bağlı çox geniş izahatlar verir. Son illərdə sosial-mədəni baxımdan Naxçıvan şəhərinin və Muxtar Respublikanın inkişafında diqqətəlayiq uğurlar əldə edilmişdir. Əgər indi Naxçıvan bir neçə ölkənin prezidentlərinin və xarici işlər nazirlərinin görüş yeri kimi seçilirsə bunu yüksək qiymətləndirmək lazımdır. Şübhəsiz ki, bu Naxçıvanın belə yüksək səviyyəli görüşlərə  hazır olması ilə bağlıdır. Naxçıvan Universiteti sözün tam mənasında müasir səviyyədə qurulub. Isa müəllim də bilir və mən də bilirəm ki, bu kimin xidmətidir. Amma Isa müəllim Naxçıvanın elmi potensialı ilə bağlı dedikləri sadəcə olaraq hansısa nazirliyə yazılan hesabatdan o yana keçmir. Isa müəllim xatırladır ki, Naxçıvanda 2 akademik, 4 müxbir üzv, 34 elmlər doktoru, 250 elmlər namizədi fəaliyyət göstərir və onlar WiFi üzərində qurulmuş internetin şəbəkəsindən istifadə edirlər. Naxçıvanın elmi potensialının gücləndirilməsinin vacibliyi ilə bağlı Isa müəllim yazır: “Sovet dövləti örtülü şəkildə mübahisəli ərazi kimi baxdığı Naxçıvanın tarixinin, maddi və mənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsinə, bu diyarın qədim və əzəli Azərbaycan torpaqları kimi təqdim olunmasına ən müxtəlif səviyyələrdə maneçilik törətmişdir”.
Ona görə də o, hesab edir ki, mərhum prezident H.Əliyev 2002-ci ildə Akademiyanın Naxçıvan bölməsinin yaradılmasına qərar verdi. Əlbəttə, təcrübəli bir siyasətçi kimi H.Əliyev heç vaxt belə düşünə bilməzdi ki, ciddi elmi göstəriciləri olmayan adamlara akademik titulu verməklə Naxçıvanın elmi potensialını gücləndirmək olar. Isa müəllim Sovet dövlətini Naxçıvan tarixini saxtalaşdırmaqda, onu mübahisə subyektinə çevrilməsində günahkar bilir. Bu doğrudur. Amma həmin proses Rusiyada elə bu gün də davam edir. Məsələn, Rusiya prezident aministrasiyasına yaxın olan yalnız bir agentlikdə (Regnum.ru) 2011-ci ildə Naxçıvanın Azərbaycana məxsus olmadığı, diyarın guya zorla Azərbaycana verilməsi, oranın guya bir erməni torpağı olması haqqında 21 məqalə getmiş və bu məqalələrdə “Naxçıvan” sözü nə az, nə çox 85 dəfə işlədilmişdir. Bütün məqalələrdə Naxçıvanın Azərbaycana məxsus olması şübhə altına alınmışdır. Agentlik Kremlin beş addımlığında yerləşir və onun direktoru Putinin keçmiş prezidentliyi dövründə onun administrasiya rəhbəri olub. Agentliyin materiallarına bütün dünyada istinad edilir. Bütün materiallar agentlikdə çıxan kimi Ermənistan informasiya agentlikləri tərəfindən rus dilində təkrar nəşr edilir və ingilis dilinə tərcümə edilib bütün dünyaya yayılırdı. Bəs WiFi-i, 2 akademiki, 4 müxbir üzvü, 34 elmlər doktoru və 250 elmlər namizədi olan Naxçıvandan bu qədər böyük texniki və elmi potensialla Muxtar Respublikanın tarixinin müasir üsullarla saxtalaşdırılmasına, onun Azərbaycanın ərazisi olmasının şübhə altına alınmasına hansı cavablar verildi? Bu “böyük” potensialdan hansı reaksiya gəldi?! Axı Naxçıvanda olan WiFi və internet bu 21 məqalədən heç olmasa biri haqqında məlumatlı olmalı idi. Texniki bir möcüzə olaraq internet Əlincənin ətəyində əyləncə oyunları üçün deyil, daha səmərəli məqsədlər üçün istifadə olunmalıdır.

Onlara 21 cavab məqaləsi yazdım

Isa Həbibbəyli deyir ki, mənim guya Naxçıvana mənfi münasibətim var. Bu məqalələri oxuduqca, Naxçıvan universitetindən,  AMEA-nın Naxçıvan bölməsinin akademiklərindən, 34 elmlər doktorundan, 250 elmlər namizədindən, respublikanın çeşidli elmi mərkəzlərindən bir səs çıxacağını gözləyirdim. Lakin gözləntilərim özünü doğrultmadı və 2011-ci ilin ikinci yarısında Naxçıvana atılan böhtanları rədd etmək üçün həmin agentliyə 21 məqaləni məhz Cəmil Həsənli yazmalı oldu. Bu məqalələr Regnum.ru agentliyində rus dilində çıxdıqdan sonra dərhal ingilis dilinə çevrilib bütün dünyaya yayıldı. Bunu şübhəsiz ki, mən vətənimizin bir parçası olan Naxçıvana görə, ona atılan daşlara görə yazırdım. Əminəm ki, Isa Həbibbəylinin Wi-Fi-nın heç bundan da xəbəri yoxdur. Həmin cavabları yazanda istər-istəməz Isa Həbibbəylinin istinad etdiyi Naxçıvanda yaradılmış “böyük” elmi ədəbiyyata müraciət etməli oldum. Mübaliğəsiz deyirəm ki, o “böyük” ədəbiyyatın ən azından yarısı maklatura xarakteri daşıyır. Kiçik istisnalarla həmin ədəbiyyatın böyük bir hissəsini Naxçıvandan kənara çıxarmaq olmaz. Isa Həbibbəylinin yəqin vaxtı az olduğundan fəxr mənbəyi kimi göstərdiyi o ədəbiyyatla tanış ola bilməyib. Mən Naxçıvanın Azərbaycanın tərkib hissəsi olmasına qarşı yönəlmiş iftiralara cavab olaraq, bu yazıları yazanda, onları çap etdirəndə haralı olduğumu düşünmürdüm. Isa Həbibbəylidən fərqli olaraq, mənim düşüncəmə görə, biz hamımız bakılıyıq, şəkiliyik, gəncəliyik, naxçıvanlıyıq, şamaxılıyıq və sair. Nahaq yerə Isa Həbibbəyli mənim Naxçıvana mənfi münasibətdə olduğumu düşünür. Naxçıvana mənfi münasibəti olan adam sərasər altı ay çox vacib iş-gücünü bir tərəfə qoyub, Azərbaycanın bu qədim diyarına qarşı yönəlmiş ideoloji hücumlara cavab verməzdi. Bütün bunları qiymətləndirməyi isə, mən Isa Həbibbəylinin vicdanına buraxıram.

***

“İlham Əliyevi yola salıb-qarşılayanlara baxmaq kifayətdir”

“Azərbaycanda hələ elə dövr olmayıb ki, ən yüksək hakim elitanın tərkibi indiki kimi, eyni regionun təmsilçilərindən ibarət olsun”

“Kim cəmiyyəti inandıra bilər ki, Əliş Lənbəranski ilə müqayisədə daha çox parodiya təsiri bağışlayan Hacıbala Abutalıbov əvəzolunmaz kadrdır”

Ötən həftə akademik İsa Həbibbəylinin tarix elmləri doktoru, professor Cəmil Həsənli haqqında yazdığı “Elmi mühitə obyektiv baxış naminə” adlı geniş məqalə əvvəlcə “Azərbaycan”, bir gün sonar isə “525-ci qəzet”də dərc olundu. Birdən birə məqalənin iki qəzetdə dərc olunması onun yuxarıların sifarişi olmasından xəbər verir. Bu fikirlərə münasibət bildirmək üçün professor C.Həsənliyə müraciət etdik. C.Həsənlinin ünvanına səslənən böhtan xarakterli ittihamlarla bağlı mülahizələrini təqdim edirik.

“Ümumnaxçıvan starostası”

Akademik İsa Həbibbəyli bir müddət əvvəl icərisində mənim də olduğum Ziyalı Forumu haqqında “Azərbaycan” qəzetində geniş bir yazı yazmışdı. Həmin yazıdakı fikirlərlə razılaşmasaq da, bunun müəllifin mövqeyi olduğunu nəzərə alaraq ona münasibət bildirməməyi qərara aldıq. Əslində, formaca “akademik” məzmunca “partiyalı” xarakter daşıyan bu yazıda Ziyalı Forumunun ünvanına çox sərt ittihamlar səsləndirilir və məsələ belə qoyulur ki, sən demə, Azərbaycanın bu gün heç bir problem yoxdur, ölkədə rüşvətin və korrupsiyanın kökü kəslilmiş, işsizlik problemi ləğv edilmiş, çörək dalınca qonşu ölkələrə mühacirət etmiş milyonlarla həmvətənimiz
öz ölkəsinə qayıdıb ailəsinə qovuşmuş, 20 ildir düşmən tapdağında olan Qarabağ və ətraf rayonlar işğaldan azad olunmuş və sair. Amma bütün bunları görmək istəməyən Ziyalı Forumu hakimiyyətə böhtan atır və aranı qızışdırır, akademikin dili ilə desək “düşmən dəyirmanına su tökür”. Yazı sırf sovet dövrünün sifarişlərinə uyğun yazıldığından və tamamilə əsassız mülahizlər üzərində qurulduğundan bu qarma-qarışıq söz yığınına vaxt sərf etməyi  özümüzə rəva bilmədik. Sonra mən bu ilin fevral-mart aylarında Vaşinqtonda olarkən “Azadlıq” qəzeti məndən bir müsahibə aldı və onu mart ayının 5-də dərc etdi. Orada respublikada cərəyan edən bir sıra sosial-siyasi proseslərlə yanaşı Azərbaycanda elmin vəziyyəti, MEA-na elan olunmuş seçkilər və o cümlədən, Akademiyanın Naxçıvan bölməsinə ayrılan yerlərlə bağlı bəzi məqamlara töxunmuşdum.  Görünür, Azərbaycanda artıq siyasi xarakter alan və dövlət siyasəti səviyyəsinə qaldırılmış yerliçiliklə və onun elmdəki təzahürü ilə bağlı fikirlərimiz İsa müəllimi bir az
rəncidə edib. Məhz, bu narahatçılığın ifadəsi kimi də o, “ümumnaxçıvan starostası” kimi elmi mühitə “obyektiv” baxışlarını ortaya qoyub. Bu baxışların nə dərəcədə obyektiv olduğuna biz az sonar qayıdacaq və həmin sözü əhatəyə almış dırnaqları oradan qaldıracağıq.
İlk öncə onu demək istəyirəm ki, mən İsa Həbibbəylinin siyasi görüşlərini bölüşməsəm də, onun elminə, savadına, akademik tituluna həmişə hörmətlə yanaşmışam və belə hesab edirəm ki, o daşıdığı yüksək elmi titulu öz zəhməti və səmərəli araşdırmaları ilə əldə etmişdir. Son illərin məmur həyatı onun elmi yaradıcılığına müəyyən qədər təsir göstərsə də, Azərbaycan ictimai fikrinin zirvəsində dayanan Mirzə Cəlili tədqiq etməsi, böyük yazıçının bütün ömrü böyu ədalət axtarışını izləməsi onda öz təsirini qoymalı idi. Ona görə belə hesab edirdim ki, böyük yazıçının işığından və axtardığı ədalətdən İsa Həbibbəylidə kiciçik də olsa bir zərrə qalmalı idi. İsa müəllimin öz yazısında istinad nöqtəsi kimi qəbul etdiyi akademik İsmayıl Hacıyev haqqında da fikrim belə olub. Şübhəsiz ki, İsmayıl müəllim son dərəcə tərbiyəli, qabiliyyətli və mərifətli bir insandır. Əgər müxbir üzv mərhələsini keçmədən onu birbaşa akademik seçməklə İsmayıl müəllimə elmdə müəyyən güzəşt edilmişdisə, o, bu güzəşti öz insani keyfiyyətlərinin hesabına kompensassiya edə bildi. Mən istinad edilən  müsahibəmdə bu iki şəxs haqqında bir şey dəməmişəm və İsa müəllimin də İsmayıl Hacıyev haqqında müdafiə xarakterli fikirlərini mənasız hesab edirəm. Mənim iradlarım başqa idi və indi daha açıq danışmağa başlayacağam.

Cəlal Əliyevə cavabımı oxuyun

İsa müəllim yazır ki, Cəmil Həsənli bütün seçkilərə şübhə ilə yanaşır və daha doğrusu qara yaxır. “Deputat seçildiyi illərdə onun seçki prosesindən narazı qaldığını heç kəs eşitmədi”. Şübhəsiz ki, o burada bir az yanlışlığa yol verir. Həm 2000-ci il, həm də 2005-ci  parlament seçkilərindən dərhal sonra mənim mətbuatda, televiziyalarda və o cümlədən Milli Məclidəki çıxışlarımda hər iki seçkinin total şəkildə saxtalaşdırıldığı haqqında çoxsaylı çıxışlarım və bəyanatlarım olub. Əgər bunu İsa Həbibbəyli eşitməyibsə, bu o demək deyil ki, başqaları da eşitməyib. Seçkilərin dəyərləndirilməsi, seçki məcəlləsinə dəyişikliklər və seçki komissiyasının formalaşdırılması ilə bağlı etdiyim çıxışlarım audio və video mətinləri parlament arxivində saxlanılır, əgər İsa müəllim o zaman eşitməyibsə, xüsusi marağın nəticəsi kimi indi eşidə bilər. Nümunə kimi xatırladıram ki, İsa müəllim 2005-ci ilin iyun ayında qarşıdakı seçkilərlə bağlı akademik Cəlal Əliyevin cəmiyyəti təhqir edən fikirlərinə qarşı mənim etdiyim çıxışın mətninə baxsa, pis olmaz. Ən azından yəqinlik hasil edər ki, onun da təmsil olunduğu parlamentdə cəmiyyəti bürümüş yaltaqlıq və məddahlıq mühitinə etiraz edənlər olub.  Son parlament seçkilərində mənim “uğursuzluğumun” səbəbini İsa müəllim
özü daha yaxşı izah edib: “bir-birindən fərqli cinahların təmsilçilərini “müdafiə” etməklə, ayrı-ayrı qurumlarda, cəmiyyətlərdə “fəallıq” göstərməklə” müsir seçicinin etimadını qazanmaq daha mümkün deyildir”.  
İsa müəllimin bu cümləsi Azərbaycan seçki sistemin bütün “demokratik” maskasını ifşa edir, onun mahiyyətini ortaya qoyur. Azərbaycanda son illərdə seçki prosesi bütövlükdə hakimiyyətin nəzarətinə keçdi, xalq hakimiyyəti, o cümlədən parlamenti formalaşdırmaq hüququndan məhrum oldu. Bununla
da ölkəmizdə hakimiyyətin mənbəyinin xalq olması barədə konstitusiyon maddə öz əhəmiyyətini itirdi və hakimiyyət bir qurup adam tərəfindən mənimsənildi. Azərbaycanda cinayətin 4 dərəcəsi var, lakin bu 4 dərəcənin fövqündə dayanan səhv etmirəmsə bir 6-cı maddə də var: Azərbaycanda ən ağır cinayət xalqın hakimiyyəti formalaşdırmaq haqqının mənimsənilməsidir. Bu gün ölkəmizin başı üzərində bu maddənin qorxunc kabusu fırlanmaqdadır və bunu həqiqətlərin acı mənzərəsini yaratmış Mirzə Cəlil kimi bir fikir
adamını araşdırmış İsa müəllim də yaxşı bilir.   

Əliyevi yola salıb qarşılayan 4 nəfər

İsa məllim yerliçilik və regionçuluqla bağlı mənim fikirlərimi “həm siyasi, həm də elmi baxımdan yanlış, zərərli” hesab edir. Sual olunur: yerliçiliyi və regionçuluğu etmək, onu Azərbaycanın idarəçilik formasına çevirmək “həm siyasi, həm də elmi baxımdan yanlış, zərərli”dir, yoxsa bəzi adamları öz çirkin əməllərindən utandırmaq üçün bu eybəcərliyi dilə gətirmək?  Əgər İsa müəllim nümunə istəyirsə, mən bir neçə nümunə təqdim edə bilərəm. Azərbaycan tarixində hələ elə bir dövr olmayıb ki, ən yüksək hakim elitanın tərkibi eyni regionun təmsilçilərindən ibarət olsun. Bəs hazırkı mənzərə necədir? Bunun üçün prezident xarici səfərlərə gedəndə və xarici səfərlərdən qayıdanda onu yola salan və qarşılayan dördlüyün tərkibinə diqqət yetirmək yetərlidir. Kim Azərbaycan cəmiyyətini inandıra bilər ki, bir vaxtlar Bakı şəhərinə rəhbərlik etmiş Əliş Lənbəranski ilə müqayisədə daha çox parodiya təsiri bağışlayan Hacıbala Abutalıbov əvəzolunmaz kadrdır. Əgər kiçik istisnalarla bütün nazirlik, nazir və müvinlər də daxil olmaqla eyni ləhcədə danışırsa, bu çirkin əməli Bakılının, Qubalının, Qarabağlının, Şamaxılının, Lənkəranlının və nəhayət nümunələri daha çox təsadüf olunan Naxçıvanlının etməsindən asılı olmayaraq, bunun bir adı var: yerliçilik. Əgər İsa müəllim xatırlayırsa, mənim 2009-cu ildə parlamentdə bir çıxışım oldu və dedim ki, indi Azərbaycanda yeni idarəçilik formasına keçid başlayır. Hər rayonda 4 rəhbər vəzifə var: icra başçısı, prokuror, məhkımnin sədri və polis rəisi. Artıq bir neçə rayon var ki, həmim rayonlarda bu dörd rəhbər vəzifəni tutanların dördü də keçmiş inzibati bölgü sisteminə görə eyni regionun eyni sovetliklərdəndir. Bu çıxış bəzi dairələrin diqqətini cəlb etdiyindən bunun tədbiri üstüörtülü görüldü. Amma bunu edən adamlar öz əməllərindən utanmalıdırlar, buna bəraət qazandıranları öz geri zəkalılığıının xəcalət təri basmalıdır. Biz nə deyirik? Biz deyirk ki, bu milləti regionçuluğa bölməyin, bu milləti özünüzkülərə və özgələrə bölməyin. Uzağı görməsəniz də, gözünüzü açın, Bakı şəhərini, onun rayonlarını idarə edən adamların regional mənzərəsinə diqqət yetirin. Onda hər şey aydın olacaq.

Akademik əxlaqsızlıq

İsa müəllim yazır ki, Cəmil Həsənli 2007-ci il akademiya seçkilərinə qatılıb, “lakin tələb olunan miqdarda səs toplaya bilmədiyi üçün iddia etdiyi yeri qazana bilməmişdir”. Əvvələ səs miqdarla ölçülmür, onun ayrı ölçü vahidi var. İkincisi, bəlkə İsa müəllim izah etsin ki, bu səsi toplamaq üçün meyar nədir? Üçüncüsü bu məsələ ilə bağlı narazılığım olsaydı, bunu elə mən 2007-ci ildə deyərdim və onu 2012-ci ilə saxlamazdım. İsa müəllim tamamilə yanlış formada yazır ki, guya mən həmin seçkilərdə müxbir üzv seçilmiş Yaqub Mahmudov və İlyas Babayevi “elmdə heç bir diqqəti cəlb edən uğurları olmayan” alimlər hesab etmişəm. Bu tamamilə belə deyil, onların hər ikisi iddia etdikləri  yerlərə layiqdirlər. Yeri gəlmişkən 2012-ci il seçkilərində tarix ixtisası üzrə akademik yeri ona görə vermədilər ki, tarix institutun direktoru Yaqub Mahmudov həmin yerə seçilməsin. Mənim həmin seçkidə elmdə heç bir ciddi uğuru olmadan akademik titular almış tamam başqa adamları nəzərdə tuturdum. Əlbəttə mən müxtəlif mülahizələrə görə ad çəkmək istəmirdim, amma İsa Həbibbəylidə aydınlıq yaransın deyə o təsadüfü adamları açıqlamaq istəyirəm. Bunun birincisi öz xidməti vəzifəsindən sui istifadə edərək müxbir üzv mərhələsini keçmədən birbaşa akademik seçilmiş Ramiz Mehdiyev, ikincisi isə ona göstərdiyi müxtəlif xidmətlər müqabilində müxbir üzv seçilmiş Bəxtiyar Əliyev idi. Akademiyanın təcrübəli bir həqiqi üzvü kimi, eyni zamanda həmin seçkilərdə say komissiyasının üzvü olmuş bir alim kimi bəlkə İsa Həbibbəyli desin ki, Bəxtiyar Əliyevin elmə töhfə  verən hansısa kitabın, əsərin məqaləsin və sair oxuyub. Professor  Əkbər Bayramov kimi böyük bir alim dura-dura, orta səviyyli, elmdə elə bir diqqətəlayiq nəticələri olmayan Bəxtiyar Əliyevi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçmək akademik əxlaqsızlıq idi.

Ziyalılıqdan məmurluğa doğru

Digər tərəfdən, son 100-150 ildə dünyanın oturuşmuş 3 elmi mərkəzi vardır: Oksford, Kembric və Harvard. Dünyanın 5 ölkəsində 15 elmi monoqrafiyası çıxan Cəmil Həsənli bu üç elmi mərkəzin ikisinin (Oksford və Harvard) hər birində Azərbaycanın tək tarixi ilə deyil, həm də taleyi ilə bağlı 450- 500 səhifəlik iki monoqrafiya nəşr edirib, Azərbaycan Akademiyasının müxbir üzvlüyü üçün lazım olan səsi toplaya bilmir, elə həmin ixtisas üzrə Naxçıvanda yenicə doktorluq müdafiəsi etmiş orta səviyyəli bir kitabın və iki broşuranın müəllifi olan Vəli Baxşəliyev Ziyad Səmədzadə, İsa Həbibbəyli və İsmayıl Hacıyevdən ibarət olan say komissiyasında lazım olan “miqdarda” səsi toplayır. Ziyalılıqdan məmurluğa doğru yüksəlib öz vicdanı ilə xısın-xısın, pıçıltı ilə danışanda adam tədricən belə böyük həqiqətləri görmür, vicdanı tamam-kamal susanda isə görmək istəmir. Yəqin ki, İsa Həbibbəyli “Elmi mühitə obyektiv baxış naminə” vicdanın bir az işlək vəziyyətə gətirəcəkdir.