Baş Qərargah, MİT və DİN yüksək səviyyəliləri Davudoğlunun rəhbərliyi altında iclas keçirdi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Çindən Suriya diktatoru Bəşər Əsədə göndərdiyi “Bizi Suriyaya girməyə məcbur etmə” mesajının ardınca dünən Ankara əlahəddə bir toplantı keçirilib. “Hürriyet” qəzetinin yaydığı məlumata görə, Suriya məsələsinə həsr edilən toplantı qapalı xarakterli olub və ona xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edib. Diqqət çəkən məqam isə toplantıda Baş Qərargah rəisinin müavini general Hulusi Akarın və Milli İstihbarat Təşkilatı (MİT) ilə Daxili İşlər Nazirliyindən yüksək səviyyəlilərin iştirak etməsidir.
Maraqlıdır ki, Davudoğlu baş nazir Ərdoğanla birlikdə olduğu Çin səfərini yarımçıq qoyaraq dünən səhər saatlarında Ankaraya qayıdıb. O, qapalı toplantıdan əvvəl yaxın məsləhətçiləri ilə Suriya ilə bağlı vəziyyəti dəyərləndirib. Bundan sonra Baş Qərargaha, MİT-ə və DİN-ə toplantı üçün dəvət göndərilib.
Məlumatlara görə, qapalı toplantıda Suriya əsgərlərinin Öncüpınar Sərhəd Keçid məntəqəsindən Türkiyəyə qaçan müxaliflərə qarşı silah işlətməsi; Əsəd rejiminin Annan planına əməl etməyəcəyi təqdirdə Türkiyənin BMT Təhlükəsizlik Şurasını hərəkətə keçirə bilmək üçün atacağı addımlar; Suriyada gələn qaçqınların sürətlə artması halında Türkiyənin görəcəyi, eləcə də bu vəziyyətdən PKK-nın ölkə ərazilərinə soxulmaq üçün istifadəsinə imkan verməmək üçün sərhəddə görülməli olan tədbirlər müzakirə edilib.
azadliq.info