5 milyardlıq oğurluğun izahatını kim verməlidir?

maliyye_nazirliyiMaliyyə Nazirliyinin bu oğurluqdan xəbəri olubsa…

Azərbaycanda məhkəmə sistemi məhv edilib, müstəqil məhkəmə yoxdur. Amma məhkəmə adlanan məzhəkələrdə baş verənlər, adamların ifadələri ölkədəki vəziyyətin nə qədər eybəcər olduğunu bir daha sübuta yetirir. Məsələn, Beynəlxalq Bank ətrafında baş verənlər, Cahangir Hacıyevin məhkəmədəki ifadələri, Maliyyə Nazirliyinin bəyanatı ciddi araşdırma tələb edir.

Əvvəlcə Cahangir Hacıyev məhkəmədə bildirdi ki, günahkar Maliyyə naziri Samir Şərifovdur və o da hbəsxanada olmalıdır. Daha sonra aydınlıq gətirdi ki, 34 faizlik devalvasiya qərarı məhz Samir Şərifovun təşəbbüsüdür. Bütün bunlardan sonra isə Maliyyə Nazirliyi bəyanat yaydı və Cahangir Hacıyevin 5 milyard dolları ofşorlara çıxardığını bildirdi. Hansıki, bankirə qarşı rəsmi ittihamda onun 211 milyon manat mənimsədiyi göstərilir.

Necə olur ki, rəsmi ittiham 211 milyon manat olduğu halda, Maliyyə Nazirliyi 5 milyard oğurluqdan söhbət açır?  Əslində, Maliyyə Nazirliyinin bu ittihamı həm də Nazirliyin özünə qarşı yönəlib. Çünki, Beynəlxalq Bankın səhmlərinin 51 faizi Maliyə Nazirliyinə məxsusdur.

Bu qədər vəsaitin Nazirliyin xəbəri olmadan ölkədən çıxarılması inandırcı görünmür. Ikinci bir məqam bundan ibarətdir ki, Maliyyə Nazirliyi niyə bu məlumatları istintaqa bildirməyib? Niyə aylardı Cahangir Hacıyevə qarşı yalnız 211 milyon manat ittiham irəli sürülməsini susqunluqla qarşılayırlar?

Belə çıxır ki, Cahangir Hacıyev Samir Şərifova qarşı ittihamlar səsləndirməsəydi, Maliyyə Nazirliyi 5 milyard ittihamını irəli sürməyəcəkdi.

Ən dəhşətlisi budur ki, ölkənin mövcud büdcəsinin yarısı qədər məbləğ ölkədən çıxarılıb və bunu Maliyyə Nazirliyi etiraf edir. Başqa vaxt hansısa QHT-lərin fəaliyyətində “çp” axtaran, guya vergidən yayınanların izinə düşən aidiyyəti orqanlar, bu miqyasda oğurluğu niyə araşdırmırlar?  Beynəlxalq Bankın səhmlərinin 51 faizi Maliyyə Nazirliyinə məxsus olduğu halda, Cahangir Hacıyev milyardları necə şəxsi əmlakına çevirə bilib? Maliyyə Nazirliyi hara baxırmış, nəyə nəzarət edirmiş ki, bu miqyasda maxinasiyadan xəbəri olmayıb?

Cahangir Hacıyev də ifadələrində bildirir ki, bütün pulları yuxarıların razılığı ilə paylayıb, milyardların talan edilməsi özfəaliyyətin nəticəsi deyil.

Istənilən halda, təkcə Beynəlxalq Bankda baş verənlərə nəzər salanda, ölkənin niyə bu vəziyyətə düşdüyü aydın görünür.  Dövlətin bütün qurumlarında büdcədən pul silmək, ölkədən pul çıxarmaq mexanizmi işləyib. Bu qədər oğurluğun qarşısında  heç bir sərvət tab gətirə bilməz. Təkcə bir bank vasitəsilə 5 milyard ofşorlara çıxarılıbsa, vətəndaşın dilənçi vəziyyətində olması, xarici borcun 25 milyarda çatması təbiidir.

Bir daha aydın olur ki, ölkədəki acınacaqlı vəziyyət qlobal böhranın, neftin qiymətinin ucuzlaşmasının nəticəsi deyil. Sadəcə olaraq hökumət komandası ölkəyə gəlir gətirən obyekt kimi baxıb və dövlətin sərvətlərini mənimsəmək üçün hər yola əl atılıb. Məhz bu qeyri-şəffaflığın, talançılığın nəticəsidir ki, 140 milyard neft pulu ölkənin inkişafına  xidmət etməyib.

Əslində aidiyyəti qurumlar bu 5 milyardın ölkədən necə çıxarılmasını, kimlərin əli ilə çıxarılmasını ciddi araşdırmalıdır. Maliyyə naziri ilə Cahangir Hacıyev üzləşdirilməli, məhkəmədə mütləq həqiqətin üzə çıxması təmin olunmalıdır.

Amma bu hökumətin dövründə həmin 5 milyardın taleyinə işıq salınacağı real görünmür. Çünki, son 15 ildə ölkədən 95 milyard dolların çıxarılması barədə rəsmi araşdırma var. Amma hökumət susur, hüquq mühafizə orqanları susur.  Ümumiyyətlə, bugünə qədər vəzifəli şəxslər barəsində, dövlət qurumları barəsində səslənən ittihamlara, korrupsiya faktlarına görə heç bir tədbir görülməyib. Ona görə də 5 milyardın taleyi də qaranlıq qalacaq. Məsələ burasındadır ki, istənilən ittihamın ciddi araşdırılması ən yuxarılara qədər gedib çıxır.

Istənilən obyektiv istintaq prosesi, məhkəmə prosesi rejimin özünün ifşası ilə nəticələnə bilər. Ona görə də hər dəfə belə faktlar ortaya çıxanda, kimlərsə qurban verilir və  məsələ bağlanır.

Fakt isə budur ki, milyardlar ölkədən çıxarılıb. Hökumət isə nə Qarabağı geri qaytara bilir, nə də ölkədən oğurlanmış pulları. Görünür, ikisinin qayıtması bunlara sərf eləmir.

Samir