Əliyev niyə geri çəkildi?

Bir bəyanata verilən iki fərqli cavabın şərhi…

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun  Bakıya səfəri maraqlı bəyanatlarla yadda qaldı. Daha doğrusu, Azərbaycan hakimiyyətini növbəti dəfə çətin vəziyyətə saldı və anlaşılmaz bəyanatlara məcbur elədi.
Rusiyalı siyasətçi verdiyi bəyanatda Rusiya ilə Azərbaycan arasında həllini tapmamış bir sıra məsələlərin olduğunu bildirdi. Söhbət təbii ki, həm də Qəbələ RLS-in icarəyə verilməsinə dair müqavilə şərtlərinin razılaşdırılması məsələsindən gedirdi…
Biz əvvəlki şərhlərimizdə də bildirmişdik ki, Azərbaycan hökuməti Rusiyaya qarşı açıq siyasət yürüdə bilməz. Ona görə ki, hazırkı hakimiyyətin demokratik dünya ilə münasibətləri kəskin şəkildə pisləşib və yeganə çıxış yolu Moskva ilə münasibətləri saxlamaqdır.
Ilham Əliyev rusiyalı qonağın bəyanatına beləcə cavab verdi: “Rusiya ilə Azərbaycan arasında həlli mümkün olmayan məsələ yoxdur”.
Bu bəyanatın tonuna baxsaq görərik ki, Ilham Əliyev Kreml təmsilçisinin fikirlərini hədə kimi qəbul edib. Ona görə də belə bir cavaba dərhal ehtiyac duyub. Əliyev ehtiyat edir ki, Rusiya daha bir qlobal marağına görə Azərbaycan hakimiyyətinin arxasından əlini çəkər. Beləliklə, onsuz da vəziyyəti çətin olan rəsmi Bakı sürətli bir süqut yaşayar.
Amma diqqəti çəkən başqa bir məqam da var. Bu da odur ki, Əliyev əgər razılığa gələcəkdisə, niyə Qəbələ RLS-in qiymətini bu qədər qaldırmağa qərar verib? Bunun da şərhini öncədən vermişdik, amma təkrar qeyd etməkdə fayda olduğunu düşünürük. Göründüyü kimi, rəsmi Bakı Israillə münasibətlərində bizim də təsvir etdiyimizə uyğun olaraq, üçtərəfli oyundadır. Birincisi, Rusiya ilə gərgin, amma Israillə səmimi olmaq görüntüsü – bu, o deməkdir ki, Əliyev hakimiyyəti Qərbin maraqlarına görə Təl-Əvivlə əməkdaşlıqdadır. Ikincisi, Azərbaycan hakimiyyətinin bu münasibətlərdə vaxtaşırı Iranla üz-üzə görünmək cəhdləri və birinci variantın möhkəmlənməsi niyyətidir. Və nəhayət, üçüncüsü, Qərbin də regiondakı birbaşa layihələrinə dolayı maneələr yaratmaqla, hakimiyyət müstəqil görünməyə məcbur olduğunu göstərir.
Biz isə bütün bu siyasəti öncədən görmüş və qeyd etmişdik ki, Əliyev Rusiyanın nəinki hər hansı addımına, heç bəyanatına da müqavimət göstərə bilməz, çünki həyatı ondan asılıdır.

Obamaya təsdiq məktubu nə idi?

Diqqətli oxucularımızın yadında olar ki, ABŞ prezidenti Barak Obama Ilham Əliyevə ünvanladığı təbrik məktubunda iki ölkə arsında problemlərin olduğunu qeyd etmişdi. Ilham Əliyev isə cavabında bu tezisi təsdiqləmiş, amma hər hansı həll barədə danışmamışdı. Bu o demək deyil ki, Azərbaycan hakimiyyəti ABŞ-la Rusiyanın gücünü düzgün qiymətləndirə bilmir. Rəsmi Bakı yaxşı bilir ki, Vaşinqtonla yaxınlıq  rejimin çökmə sürətini artıra bilər, ona görə də imkan daxilində gərgin və məsafəli münasibətlər saxlamağa çalışır. Sözsüz ki, hər hansı plandan söhbət getsə, Bakı üçün vəziyyət çətin olacaq, Rusiya isə Azərbaycanda hakimiyyətə deyil, dövlət maraqlarına ziyan vuran siyasəti dəstəkləyir ki, bu da indiki iqtidarı qətiyyən narahat etmir.

Seymur Həzi