Məleykə Abbaszadənin ardınca Heydər Əsədov da təhsil nazirini pis vəziyyətdə qoydu
Hesablama Palatası 2011-ci il dövlət büdcəsinin icrası ilə apardığı tədqiqatlar zamanı Təhsil Nazirliyində külli miqdarda yeyintilərin baş verdiyi aşkarlayıb. “Bizim Yol” qəzetinin yaydığı məlumatda deyilir ki, Təhsil Nazirliyində aparılan araşdırmalar zamanı əsasən dövlət proqramlarının icrasında problemlərin yaşandığı aşkar edilib.
“Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012) üzrə 25 bənddən ibarət Tədbirlər Planından 8 bəndin icrası təmin edilməyib. Bakı Peşə Liseyinə bir müqavilə üzrə eyni adlı, eyni parametrlərə malik inventar və avadanlıqların satınalınması zamanı qiymətlərində kəskin fərqlər müşahidə edilib və bu yolla büdcədən artıq vəsait xərclənib.
“Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı”nın icrası ilə bağlı araşdırmalarda ürəkaçan olmayıb. Hesablama Palatasının tədqiqatından məlum olur ki, profili saxlanılmaqla özəlləşdirilmiş bağçaların 36-sı bağlı olub, 5-də məcburi köçkünlər məskunlaşıb, 2-si sökülüb, 11-i isə xüsusi razılıq almadan profil üzrə fəaliyyətini davam etdirib.
2008-2010-cu illərdə çap olunan dərsliklərin bir qismi təhsil müəssisələrinə yetişdirilimədiyi halda vəsait icraçıya tam ödənilib. 2008-ci ildə Dağıstanın Dərbənd şəhər Təhsil Idarəsinə çatdırmaq üçün ibtidai sinif dərsliklərinin ölkədən çıxarılması zamanı gömrük yük bəyannaməsi ilə rəsmiləşdirilməsi təmin edilməyib. Belə çıxır ki, dərsliklər qanunsuz olaraq ölkədən çıxarılıb. 2010-2011-ci tədris ilə üzrə 11-ci sinflər üçün “Ingilis dili” dərsliyi tələbatdan artıq çap edilib, buna əks olaraq məktəblərdə dərslik çatışmazlığı aşkar edilib.
Təmir işlərinin yerinə yetirilməsi zamanı icraçıya artıq büdcə vəsaiti ödənilib. 2010-cu ildə cari təmir işlərinə ayrılmış vəsait tender keçirilmədən istifadə edilib. Vəsatin tam ödənilməsinə baxmayaraq binalardat aparılan cari təmir işləri yarımçıq qalıb.
Bundan əvvəl isə tələbə qəbulu üzrə dövlət komissiyasının sədri TQDK-nın xətti ilə ali məktəbə qəbul olunmayan tələbələrin sayını açıqlamışdı.