«Cənab Əliyev Azərbaycanın sərvəti sizin əlinizdədir, bu qədər var-dövlət, sərvət sizə kifayət etmirmi ki, 3 azyaşlı körpənin çörəyinə göz dikmisiniz?!»
Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin sifarişi ilə həbs edilən Böyükağa Abdullayevin xanımı Kəmalə Abdullayevə ölkə başçısına müraciət ünvanlayıb. Müraciətin bir surəti də redaksiyamıza daxil olub. Həmin müraciəti olduğu kimi təqdim edirik: “Artıq 8 aydan çoxdur ki, 3 azyaşlı uşağımla çətin maddi şəraitdə yaşaşyıram. Ailəmin yeganə qazanc gətirəni olan ərim Abdullayev Böyükağa Abdulla oğlu Prezident Ilham Əliyevin əmisi mərhum Aqil Əliyevin oğlu Ilqar Əliyevin sifarişi əsasında baş prokurorluq tərəfindən şərlənərək tutulmuşdur. Artıq 8 aydır ki, ərim Abdullayev Böyükağa həbsdə-Ilqar Əliyevin girovluğunda saxlanılır. Ərimin günahı odur ki, o Prezident Ilham Əliyevin əmisi Aqil Əliyevlə şərikli ”EKO servis KO” MMC təsis edərək ona 25 faiz payla şərik olmuşdur. Aqil Əliyev Rəhmətə gedəndən sonra cəmiyyətin əmlakı üstündə mübahisə başlamış və ərim Abdullayev Böyükağanın payını əlindən almaq üçün ona qarşı təzyiqlər başlamışdır. Bu təzyiqlərin sonunda Ərim 22 iyul 2011-ci ildə həbs edilmişdir.
Mən Ilham Əliyevə müraciət edirəm. Cənab Əliyev Azərbaycan və onun sərvəti sizin və yaxın qohumlarınızın əlindədir. Ilqar Əliyevin əlində milyardlarla ölçülən sərvət toplanmışdır. Bu qədər var-dövlət sərvət sizə kifayət etmirmi ki, 3 azyaşlı körpənin çörəyinə göz dikmisiniz?! Bu qədər sərvətlər sizə bəs deyilmi ki, ailəmin yeganə çörək gətirəni olan ərim Abdullayev Böyükağanı 8 aydır həbsdə çürüdürsünüz? Allahdan qorxmursunuzmu? Azyaşlı balalarımın çörəyini əlindən alıb balalarınıza necə yedirirsiniz? Balalarınızın da allahın qəzəbinə gələcəyindən qorxmursunuzmu?
Cənab Ilham Əliyev! Prokurorluqdan dəfələrlə bizə bildiriblər ki, Böyükağanın heç bir günahı yoxdur. Onu Ilqar Əliyevin sifarişi ilə tutmuşuq. Bu gün aparılan məhkəmə də özbaşınalığa yol verilir, ərimin heç bir xahişinə məhkəmə qiymət vermir. Bunun da bir səbəbi var. Sifarişin başında Sizin əminiz oğlu Ilqar Əliyev – onun xofu durur. Sizin ətrafınızda bir ləyaqətli adam yoxdurmu ki, sizə həqiqəti çatdırsın? Bir cinayət işi ilə maraqlanın görün Sizə səs vermiş, əminizə sədaqətlə xidmət etmiş insanın başına hansı oyunlar açılır. Heç olmasa əminiz Aqil Əliyevin ruhunu şad etmək üçün bu işə vicdanla yanaşın. Necə olur ki, Aqil Əliyev sağ olarkən ərimə hörmətlə yanaşılırdı.O öləndən sonra hər şey əksinə dəyişib.
Mənim ailəm artıq faciə içində yaşayır. Ehtiyacdan azyaşlı uşaqlarımın üzünə baxa bilmirəm. Mənim yaşamağımın mənası qalmayıb. Əgər ərimə qarşı qanunsuzluq dayandırılmasa həyatıma qəsd edəcəm. Ölümüm sizin ailənizin üstündə qalacaq. Artıq boğaza yığılmışam. Bu qədər qanunsuzluq, vicdansızlıq, acgözlük olmaz. Ərim qısa müdddətdə azad edilməli, bu işdə günahı olan hər kəs cəzalandırılmalıdır”.