
«Xaricdəki təsisçi şirkətlərə sorğu verin, görün, benefislər kimlərə məxsusdur – Cahangir Hacıyevə, yoxsa Samir Şərifov və digərlərinə?»
«Şou göstərəndə, heç olmasa, yaxşı təşkil eləyin. Mənə də 100 sifariş olub, amma elə eləmişəm ki, nə şiş yanıb, nə kabab»
Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev ölkədən 5 milyard vəsait çıxarması barədə Maliyyə Nazirliyinin bugünlərdə onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib. Keçmiş bankir bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onun, eləcə də daha yeddi nəfərin işi üzrə keçirilən məhkəmə iclasında danışıb.
“Maliyyə Nazirliyi bundansa, manatın taleyi, məzənnəsi barədə açıqlama versin”
Əvvəlcə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmənin gedişindən şikayətlənib. Vəkil deyir ki, təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası, müdafiə hüququ pozulur, ittiham tərəfi qərəzli sənədlər təqdim edir: “Bizim sənədlərlə bağlı vəsatətlərimiz nəinki təmin olunmur, ümumiyyətlə, müzakirəyə çıxarılmır”.
Bu cür məhkəmədən ədalətli nəticə gözləmədiyini deyən F.Mehdiyev müvəkkilinin ölkədən 5 milyard çıxarması barədə Maliyyə Nazirliyinin açıqlamasına da münasibət bildirib: “Elə fantastik rəqəmlər səsləndirirlər ki, adam vahiməyə düşür. Maliyyə Nazirliyinin açıqlamasında iddia olunub ki, bu dəstə 5 milyard mənimsəyib, guya Cahangir Hacıyev ofşor zonalara pul ötürüb. Ofşor zonalarla bağlı məlumatlar açıqdır, jurnalistlər istəsə, yoxlaya bilərlər. Orada Cahangir Hacıyevin adı yoxdur. Maliyyə Nazirliyi bu məsələdə də qərəzlidir, vəsaitlər layihələrə xərclənib”.
Vəkil Maliyyə Nazirliyinin 5 milyardlıq ittihamını C.Hacıyev barəsində mənfi ictimai rəy yaratmaq cəhdi kimi qiymətləndirib: “Əgər Maliyyə Nazirliyində 5 milyardla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyib, yoxdursa, niyə belə açıqlama verir? Maliyyə Nazirliyi belə açıqlamalardansa, manatın taleyi, məzənnəsi barədə açıqlama versin”.
Maliyyə Nazirliyinin mətbuat katibi dindirilsin…
F.Mehdiyev qaldırılan vəsatətlərin müzakirə olunmasını istəyib: “Əgər ittiham aktını təsdiqləmək istəyirsizsə, elə bu gün məhkəməni bitirək. Bizim silahımız vəsatətlərdir. Əgər onlar təmin edilmirsə, o zaman bizim burada oturmağımızın nə mənası var?! Obyektiv araşdırma aparılması üçün vəsatətlər müzakirə olunmalıdır”.
Vəkil Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.
Dövlət ittihamçısı Fərid Nağıyev vəkilin dediklərinə cavab olaraq, bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasının bu cinayət işinə aidiyyəti yoxdur: “O açıqlama bankla yox, şəxslə bağlıdır”.
“Samir Şərifovun imzasını prezidentin imzasından üstün tutursuz?”
C.Hacıyev də ünvanına səslənən ittihamlara etiraz edib: “Bu gün xaricdəki təsisçi şirkətlərə sorğu verin, görün, benefislər kimlərə məxsusdur – Cahangir Hacıyevə, yoxsa Samir Şərifov və digərlərinə? Mənimsənildiyi iddia olunan vəsait layihələrə sərf olunub. Bu gün həmin layihələr öz əllərində olduğundan sənədləri vermirlər. Nə baş verdiyini siz də, mən də yaxşı bilirik. Şou göstərəndə, heç olmasa, yaxşı təşkil eləyin. Mənə də 100 sifariş olub, amma elə eləmişəm ki, nə şiş yanıb, nə kabab. Daha şou göstərməmişəm.
Həmin şirkətlərin təsisçilərinin yoxlanması barədə vəsatət verirəm. Çünki indi benefislər öz əllərində olduğu üçün sənədləri vermirlər. Əslində, siz sübut etməlisiniz ki, mənimsəməyə yol vermişəm. Ancaq indi biz sübut etməyə çalışırıq ki, mən mənimsəməyə yol verməmişəm. Nə baş verdiyini siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm.
Bir daha deyirəm, o vəsaitlər layihələrə xərclənib. Siz Samir Şərifovun imzasını prezidentin imzasından üstün hesab edirsiz?”
“Him-cim” söhbəti…
Bundan sonra C.Hacıyevlə dövlət ittihamçısı F.Nağıyev arasında belə bir dialoq olub.
C.Hacıyev:
– Sizə simpatiyam var. Amma imkan yaradın vəkillər sual versinlər. Hörmətli prokuror sizin şahidlərə etdiyiniz işarələri, him-cimləri buradan yaxşı görürəm. Nə baş verib, sonda nə qərar veriləcək – siz də, mən də yaxşı bilirik…
Prokuror:
– Mən heç kimə him-cim eləmirəm. Bunu özümə sığışdırmaram. Sonda görəcəksiniz ki, danışdıqlarım şeylər him-cim yox, faktlar olacaq.
Keçmiş deputatdan işçilərinə kredit göstərişi…
Ardınca məhkəmədə şahidlər dindirilib. Şahidlər də əsasən Beynəlxalq Bankın filiallarında müxtəlif vəzifələrdə çalışmış, həmçinin adlarına kreditlər götürülmüş adamlar olub.
“Inter Textile” ASC-də aylıq 500 manat maaşa işləmiş Ibrahim Ağayev adına böyük məbləğdə kreditin necə götürülməsindən danışıb: “Müdirimiz Şakir müəllim əsas rəhbər Dünyamin Xəlilovun (keçmiş deputat) adından göstəriş verdi ki, banka gedib müəyyən sənədləri imzalayım. Mənə demişdilər ki, şirkətə dəzgah alınmalıdır”.
Prokuror məlumat verib ki, bu şahidin adına 15 milyon 776 min manatlıq kredit kartı açılıb.
Niyazi Məmmədov adlı başqa bir şahidin isə adına şirkət açılıb. Dediyinə görə, onun anası ilə Dünyamin Xəlilovun həyat yoldaşı rəfiqədilər: “O şirkətdən ayda yüz manat pul alırdım. Bir gün dedilər ki, sənədlərə qol çəkmək lazımdır. Mən də imzaladım. Amma adıma kredit götürüldüyünü bilməmişəm”.
Silahı evə kim qoyub?
DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməliyyatçısı Ibrahim Kazımov təqsirləndirilən şəxslərdən Bakı Fındıq Emalı Zavodunun keçmiş rəhbəri Azad Cavadova qarşı silah ittihamı ilə bağlı ifadə verib. O bildirib ki, idarəyə A.Cavadovun evində silah saxlaması barədə məlumat daxil olub. Həmin məlumat əsasında Buzovna qəsəbəsində yerləşən evdə axtarış aparılıb və həyətdəki əlavə tikilidə idman yataq dəstinin yastığının altından “Makarov” silahı və 6 patron tapılıb. Polis qeyd edib ki, həmin vaxt A.Cavadov silahın ona məxsus olmadığını deyib və bu səbəbdən protokolu imzalamaqdan imtina edib.
A.Cavadov məhkəmədə ifadəsində də odlu silahın ona məxsus olmadığını, evinə polislər tərəfindən atıldığını bildirmişdi.
Həmin axtarışla bağlı hal şahidi Ulduz Məmmədov da məhkəmədə ifadə verib. “Idarənin yaxınlığında parkda idim, çağırdılar ki, bir evdə axtarış aparmalıyıq, mən də getdim” deyən Ulduz Məmmədovun ifadəsindən məlum olub ki, onun bundan əvvəl də hal şahidliyi təcrübəsi varmış, bu, ikincidir. Dediyinə görə, A.Cavadovun evindən silah tapıldığını görüb: “Özü də orada idi, qol çəkmədi, dedi ki, mənim deyil”.
Amma şahid məhkəmə zalında A.Cavadovu tanımayıb, onun əvəzinə başqa bir təqsirləndirilən – Beynəlxalq Bankın strukturlarının mühafizəsini həyata keçirmiş “Inter Security” şirkətinin rəhbəri Ibrahim Hüseynovu göstərib.
Məhkəmə prosesi sentyabrın 7-də davam edəcək.
Aytən



