Yevlax polisinin özbaşınalığı Usubova çatdırıldı

SAMA yevlaxlı siyasi fəallara polisin təzyiqini qanunsuz addım kimi araşdırmağı tələb etdi

Siyasi Azadlıqları Müdafiə Alyansı İctimai Palatanın 8 aprel mitinqindən sonra Yevlax rayonunda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünə polis təzyiqi ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.
Müraciətdə AXCP Yevlax rayon şöbəsinin sədri, İP-nin üzvü Şəkər İsgəndərlinin evinə polis nəzarəti gücləndirildiyi, onun evinə gəlib-gedən adamların nəzarətə götürüldüyü vurğulanır.
Eləcə də aprelin 7-də AXCP üzvü Gülnar Məmmədova və anası Lümunə Əbdurəhimovanın rayon polis şöbəsinə aparılıb orada üç saat saxlanıldıqdan sonra buraxılması, həmin gün gecə saat 11:30-da isə polis əməkdaşlarının Ş.İsgəndərlinin evinə gələrək onu şöbəyə aparmaq istəmələri nazirin diqqətinə çatdırılıb: “Bundan bir gün sonra isə Ş.İsgəndərlinin bacılarının polis şöbəsinə getmədiyini görən sahə müvəkkili Qurban Qasımov bir neçə polislə onların evinə gəlib və Ş.İsgəndərlidən şikayət ərizəsinin olduğunu deyib. Baş verənlərin Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevin tapşırığı ilə edildiyi və bu şəxsin dəfələrlə polis göndərərək Ş.İsgəndərlini narahat etdiyi bildirilir. Ş.İsgəndərli bu hadisələrdən sonra baş verənlərlə bağlı Yevlax Rayon Polis Şöbəsinə müraciət etmək istəsə də, onu qəbul edən olmayıb”.
Milli qanunvericiliyin və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə görə, “heç kəs siyasi mənsubiyyətinə və baxışlarına görə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən təqib edilə bilməz”. SAMA baş verənlərlə bağlı araşdırma aparılması üçün tapşırıq verməyi və polisin bu hərəkətinin hansı məqsədlə həyata keçirildiyi barədə Alyansı məlumatlandırmağı xahiş edib.

Siyavuş