Biz yüzdə doxsan doqquzuq!

saadet-cahangir-koseSəadət Cahangir

Etiraz aksiyaları, mitinqlər min illərin ən təsirli etiraz formasıdır. Antik dövrdən üzü bu yana etiraz aksiyaları dünyanın dəyişməsinə mütləq mənada böyük impuls verib. Elə formasiyaların, rejimlərin əvəzlənməsi və yenilənməsində, daha mütərəqqi sistemlərə keçidin baş verməsində də belə aksiyaların rolu böyükdür. Belə olmasaydı, dünyanın ən inkişaf etmiş ölkələrində günü bu gün belə çoxminlik etiraz aksiyaları keçirilməzdi. Seçki sistemi mükəmməl işləyən, qanunları hər şeydən üstün tutulan, məhkəmə hökmləri hər kəsdən hökmlü olan ölkələrdə belə… Beş il əvvəl Nyu- Yorkda bir qrupun başladığı və qısa zamanda bütün ölkəyə yayılan etiraz aksiyaları yadınızdadır yəqin. Amerika maliyyə sisteminin qəlbi sayılan “Wall Street”dən qığılcım alan dinc aksiyaların əsas hərəkətverici qüvvəsi təhsilli gənclər idi. Aksiya sosial bərabərsizliyə və nəhəng şirkətlərin ABŞ hakimiyyəti üzərindəki nüfuzuna etiraz etmək məqsədi ilə təşkil olunmuşdu. Aksiyaların ana şüarı “biz yüzdə doxsan doqquzuq!” idi. Milyonları əhatə edən həmin səsli-küylü aksiyalar uzun zaman həyəcanlanan ölkə hökumətini ayaq üstə saxlamışdı. Amma o akasiyaları zor gücünə dağıtmaq və ya insanları həbsxanalara doldurmaq kimsənin fikrindən keçməmişdi. Insanlar günlərlə etirazlarını bildirdilər, mesajlarını verdilər, qəzəblərini soyutdular və səssizcə dağılışıb getdilər. Hökumət və səlahiyyətli bütün qurumlar da öz hesabını götürdü hər halda…

Şübhəsiz ki, sivil qaydada etiraz etmək hər bir insanın haqqıdır. Bunu əngəlləmək, qarşısını zorakılıqla almaq, yüksək məbləğdə cərimələr tətbiq etmək, həbs cəzaları kəsmək ən ibtidai düşüncədən doğan yanaşma formasıdır. Biz illərdir bu ibtidai düşüncə tərzindən nələr çəkirik! Illər öncə Türkiyədə “inkişaf etməkdə olan ölkələrdə mətbuat azadlığı” mövzusunda bir tədbirə qatılmışdım. Tədbirdə ən çox təəccübləndiyim və təəssüfləndiyim bir fakt olmuşdu o zaman. Məlum oldu ki, bu ölkələrin heç birində mövcud hökumət dinc etiraz aksiyalarının keçirilməsinə hər hansı əngəl yaratmır. Demək olar, iştirakçılardan hər biri şəhər mərkəzində keçirilən həmin yüzminlik mitinqlərin canlı şahidi olan media nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri idi. Mən konstitusiyada yer almış azad toplaşmaq haqqımızın əngəllənməsindən danışanda çox utandım, doğrusu. Dünyanın bu vaxtında adam arasına çıxıb, elementar hüquqları tapdanan bir ölkənin vətəndaşı olduğunu söyləmək heç xoş deyil, əlbəttə. Bu situasiyaya düşənlər daha yaxşı bilir söhbəti…

Indi uzun fasilədən sonra, nəhayət, Milli Şura mitinq qərarı verib. Problemlər məngənəsində boğulduğunuz bir zamanda meydanlara çıxıb narazılığınızı ifadə etmək haqqınız var.  Milyonları havaya uçmuş neft vəsaitlərinin hesabını tələb etmək üçün səsinizi ucaltmaq haqqınız var. Manatın iki dəfə ucuzlaşması, qiymətlərin iki dəfə bahalaşması, ölkə büdcəsinin tamam boşalması ilə bağlı hesabat istəmək haqqınız var. Övladlarınızın gələcəyini oğurlayanlara, ölkəni talayanlara, qollarını əbədilik monarxiya hakimiyyəti qurmağa çirməyənlərə YOX demək haqqınız var. Bu, sizin konstitusion haqqınızdır. Haqqınıza sahib çıxın. O meydana on minlərin çıxması çox şeyi dəyişə bilər. O on minlər konstitusiyanı zorla dəyişənləri belə dayandıra və xalqla hesablaşmağa vadar edə bilər. Axı toplumun narazı hissəsi, həqiqətən də, böyük çoxluqdur bu gün. Həm də yüzdə doxsan doqquz faiz nisbətində çox.