Cahangir Hacıyevin müavini ondan DİN-ə şikayət edibmiş…

cahangir_haciyev-bank

Emin Mustafayev məhkəmədə keçmiş rəhbərinin əleyhinə ifadə verdi

“Ittihamda göstərilən 157 kredit, o cümlədən VIP kreditlər Cahangir Hacıyevin özünə, ailəsinə, ona yaxın adamlara verilib. Bunun üçün Müşahidə Şurasının qərarı olmalı idi, amma olmayıb. Bu kreditlər təminatlı verilməliydi, lakin Cahangir Hacıyevin göstərişi ilə məcbur olub təminatsız verirdik. Bu, qanunsuz idi, ona görə də Cahangir Hacıyev işdən çıxandan sonra bu barədə Daxili Işlər Nazirliyinə (DIN) müraciət elədim”.

Bunu “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyəti sədrinin müşaviri Emin Mustafayev sentyabrın 2-də məhkəmədə ifadə verərkən deyib. O, bankın keçmiş rəhbəri Cahangir Hacıyevin birinci müavini olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bank işi üzrə şahid qismində danışan E.Mustafayev C.Hacıyevdən o, vəzifədən gedəndən sonra DIN-ə şikayət etməsinin səbəbini isə belə izah edib: “Cahangir Hacıyev rəhbər idi, biz də onun göstərişlərini yerinə yetirməyə məcbur idik. Bizim bir əməkdaşımız vardı, Cəlil Daşdəmirov. O, Cahangir Hacıyevin göstərişlərindən birini yerinə yetirmədiyinə görə işdən uzaqlaşdırıldı”.

Məhkəmədə 1997-2008-ci illərdə C.Hacıyevin sürücüsü, daha sonra isə Beynəlxalq Bankın baş ofisində mütəxəssis işləmiş Aydın Mehdiyev də ifadə verib: “Mərkəz filialının rəhbəri Anar Sultanov mənə zəng eləyib dedi ki, gəl, müəyyən sənədlərə qol çək. Mən də Cahangir müəllimdən soruşdum, o da razılıq verdi, dedi ki, layihələrlə bağlıdır. Getdim, 30-a yaxın sənədə qol çəkdim. Sonradan bildim ki, mənim adıma 11 milyon 928 min dollarlıq kredit götürülüb”.

Dövlət ittihamçısı Fərid Nağıyev iş materiallarına istinadən bildirib ki, A.Mehdiyevin adına 2009-cu ilin yanvarından 2013-cü il sentyabrın 1-dək 3 ədəd plastik kartlar vasitəsilə 32 milyon dollar, 18 milyon 730 min avro, 10 milyon manat ayrılıb.

A.Mehdiyev həmin kartlardan xəbəri olmadığını deyib. Eyni zamanda, qeyd edib ki, adına götürülən kreditlərin 80 faizi ödənilib.

C.Hacıyev özü də təsdiqləyib ki, kreditlər sürücüsünə onun göstərişi ilə verilib və götürülən vəsait də layihələrə xərclənib: “Bütün ödəmələr və kreditlərin sərf olunduğu yerlər Vergilər Nazirliyinin açdığı cinayət işində var. Həmin cinayət işinə də xitam verilib. Xahiş edirəm, həmin qərar məhkəməyə təqdim olunsun”.

Beynəlxalq Bankın “Suraxanı” filialının müdiri olmuş Fuad Bağırzadə də şahid qismində dindirilib. O bildirib ki, iri həcmli kreditlərlə bağlı sənədlər toplanıb baş idarəyə göndərilir, qararı da onlar verirdi.

Beynəlxalq Bankın Kreditlərə Nəzarət Departamentinin rəhbəri Akif Əliyev də ifadəsində təsdiqləyib ki, fiziki şəxslərin adına külli miqdarda kreditlər ayrılıb və bu barədə göstərişləri C.Hacıyevdən alıb. Kreditlərin qaydalara uyğun ayrılmadığını deyən A.Əliyev götürülən vəsaitlərin hara və necə xərclənməsindən xəbərsiz olduğunu bildirib. Qeyd edib ki, həmin kreditlərin ödənilməməsi barədə C.Hacıyevə məlumat verib. Bankın sabiq rəhbəri də ödəniləcəyini deyib.

2002-ci ildən Bankın Idarə Heyətinin sədri kimi C.Hacıyevin köməkçisi olmuş Anar Bəkirov isə ifadəsində bildirib ki, kredit verilmiş şəxslər arasında iki nəfər Rusiya vətəndaşı olub ki, onlara kreditin qanunsuz verildiyi müəyyənləşdirilib. Onun sözlərinə görə, həmin şəxslərə kredit ayrılması C.Hacıyevin göstərişi olub.

Məhkəmə prosesi sentyabrın 5-də davam edəcək.