aslanismayilov-enyeni

Aslan İsmayılovdan gənclərə müraciət

aslanismayilov-enyeniAzərbaycan Gənclərinə!
Əziz Gənclər, bu yazı ilə Sizə müraciət etməyimin əsas səbəbi bu günlərdə Borçalı ziyalıları adından həbsdə olan MTN generalı Akif Çovdarovun müdafiəsinə ünvanlanmış ərizəyə etirazıma A.Çovdarovun tör-töküntülərinin münasibəti oldu. Atdığım istənilən addımda ancaq özümə güvənmişəm, heç vaxt, heç kimdən kömək gözləməmişəm və gözləmirəm. Mənim üçün ölümdən qorxmaq anlayışı yoxdur, çünki bilirəm ki, heç kim daim yaşamayıb, hamı gec, tez ölür. Ona görə də hər gün qorxa-qorxa ölməkdənsə bir dəfə ölməyi üstün tuturam. Ancaq məni dəhşətə gətirən dünən gün ərzində bu tör-töküntülərin hamını, o cümlədən məni təhqir etmələri və bir neçə nəfəri çıxmaq şərtilə hamının susmağı, bu azğınların qabağından qaçmaları, konkret desəm qorxmaları oldu. Bu yaramazlar da bunu görüb qaza gəldilər. Onları bloka atmamağımın tək səbəbi oxucuların yazılanlara münasibətini öyrənmək idi. Əgər bildirdiyim fikrə təhqirlərlə, hədə qorxularla cavab verməsələr, bu gün A.Çovdarovun həbsdə olmasını nəzərə alaraq bu məsələnin üstünə getməzdim, çünki bu gün də hakimiyyətdə akif çovdarovlar çoxdur. İndi Siz təsəvvür edin, bu yaramazların başçısı həbsdədir, bunlar siçan deşiyinə girib susmaq əvəzinə, yenə də meydan oxuyurlar. Bunu görən bu gün vəzifədə olan akif çovdarovlar və onların ətrafı bizim başımıza daha da ağır müsibətlər gətirəcəklər. Bunlar qatı cinayətkar ola-ola üstümüzə gəlirlər, Biz isə haqlı ola-ola geri çəkilirik. Sonuc olaraq bu gün çəkdiklərimiz, şəhidlərimizə, onların ailələrinə qarşı olan hörmətsizlik, bunların Vətənimizi talamaları ancaq və ancaq Bizim qorxaqlığımızın nəticəsidir.
Bu yazımda Sizə qısaca uğura aparan yollardan birini, bəlkə də birincisini anladığım, gördüyüm, yaşadığım kimi çatdırmaq istəyirəm. Uğurlu olmaq üçün haqq bildiyin işdə heç nədən və heç kimdən qorxmamaq lazımdır. Öz adım kimi əminəm ki, bizim bu günkü durumumuz qorxaqlıqla bağlıdır. Biz hər kəsdən, hər şeydən qorxuruq. Biz fikir bildirəndə bu, ədalətlidirmi yox, kim nə deyər, kim necə baxar deyə fikirləşirik. Özümü tərifləmək üçün yox, anlayışlı olsun deyə öz həyat hekayəmi qısaca Sizlərlə bölüşürəm. Çünki özümü uğurlu, istəyinə çatmış insan sayıram. Yazıda konkret məkanların da adını çəkəcəm ki, şübhəsi olanlar yoxlaya bilsinlər.
Gürcüstanın Qardabani rayon orta məktəbini 1975-ci ildə bitirmişəm, elə həmin ildən də Krasnodar şəhərinin Kompressor zavodunda fəhlə işləmişəm. Düz bildiyim işdə heç nədən, heç kimdən çəkinməmişəm, özümdən böyüklərlə, güclülərlə də savaşmışam, döyülmüşəm, döymüşəm də, ancaq heç vaxt düz bildiyimdən, sözümdən geri durmamışam. Həmin dövrlər Krasnodar şəhərində rəqs meydançaları var idi. Orada hər türlü gənclər yığışırdı, mədənisindən tutmuş, qulduruna qədər. Mən və dostlarım olan yerdə hər kəs bizimlə hesablaşardı, heç kəs həddini aşa, kimsə özünü yekəxana apara, qızlara qarşı hörmətsizlik edə bilməzdi, çünki bilirdilər ki, dostlarımla dərslərini verəcəyik. Fəhlə işləyən vaxtı 9-cu kilometr adlanan, narkomanların çoxluq təşkil etdiyi qəsəbədəki yataqxanada qalırdım. Hər ayın 15-i və 1-i avans, maaş verilən günləri yerli “lotular” gəlib otaqlarda hərədən 1-3 manat pul alırdılar. Birinci dəfədən “yox” dedim. Məni ölümcül döydülər. Növbəti dəfə gələndə məndən yaşca böyük olan yataqxana sakinlərini yığıb gələnləri necə lazım “qarşıladıq”. Bir də biz tərəflərə ayaq basmadılar. 1978-1983-cü illər Kuban Dövlət Universitetində oxuduğum dövrdə əla oxusam, qrup nümayəndəsi, tələbə tikinti dəstələrində rəhbər olsam da mənə olan hörmət birinci növbədə qorxmazlığıma görə olub. Universiteti bitirdikdən sonra Stavropol diyarında hakim, məhkəmə sədri işlədiyim dövrlərdə mənə qədər at oynadan prokurorlar, polis rəisləri hakimin ən səlahiyyətli şəxs olduğuqlarını başa düşdülər. Bu gün Bakıda vəkil olan, prokurorluqda vəzifə tutanların bəziləri bunun şahididirlər. Prokurorluqda bu gün də işləyən bir nəfərin azərbaycanlılar olduğu məclisdə mənə dediyi “Aslan, təkbaşına bir nəfərin, özü də rusların içində Birinci Katib (o dövr SSRİ-nin başçısı olan M. Qorbaçovun etibarlı adamı), Rayon Prokurorunun, Polis rəisinin əleyhinə getməyin nə olduğunu anlayırsanmı?” deməsini, onun kimi çoxları, məni qorumaq üçün, bölüşdü. Yenə haqq bildiyimdən çəkinmədim və hər üçü sonda mənimlə hesablaşmalı oldu. Bu işdə isə həlledici an mənim ədalətli, işimi bilməyim, zəhmətkeş olmağım yox, onların qarşısından çəkilməməyim, onlardan qorxmamağım oldu. 1989-1993-cü illər Azərbaycan Respublikası Prokurorluğunda işlədiyim illər keçirilən müşavirələrdə Baş Prokuroru, Ali Məhkəminin sədrini, digər vəzifəliləri tənqid etməyimi isə o dövrlər sıravi işçi olan, bu gün isə ən yüksək vəzifədə olanlar – Azərbaycanın Baş Prokuroru Zakir Qaralov, Ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və adlarını çəkmədiyim çoxları bilirlər. 1993-1994-cü illər Prezident Aparatında işlədiyim dövrdə də gördüyüm mənfi halları heç kimdən qorxmadan dilə gətirirdim. Bu gün ən yüksək vəzifələrdə oturanların bir çoxu həmişə mənə tənqidi fikir söyləyəndə ehtiyatlı olmağımı, heç olmasa onların otağında olanda belə fikirləri səsləndirməməyi xahiş edirdilər. Bir maraqlı məqamı da Sizinlə bölüşüm. 1993-cü ildə Səbayil rayon məhkəməsinin qətnaməsi ilə Zemfira Verdiyeva rektor vəzifəsinə bərpa olunmuşdu. O dövr Dövlət Hüquq şöbəsinin (indiki hüquq mühafizə orqanları ilə iş şöbəsi) rəisi, qanundan anlayışı olmayan Avtandil Bayramov məni yanına dəvət edib təcili həmin işi Prezident Aparatına gətirməyim barədə göstəriş verdi. Bunun qanunsuz olduğunu, bizim elə bir hüququmuzun olmadığını bildirdikdə sərt şəkildə “bu, Dövlət katibi Lalə xanım Şövkətin göstərişidir” dedi. Kimin göstərişindən asılı olmayaraq qanunsuzluq etməyəcəyimi bildirdikdə, onsuz da məndən canını qurtarmağa fürsət axtaran Bayramov dərhal birbaşa telefonu götürüb “Lalə xanım, Aslan İsmayılov Zemfira Verdiyeva ilə bağlı Sizin göstərişinizi icra etməkdən imtina edir” söylədi. Dəstəyi asan kimi ”indi get, özünə cavab ver” dedi. Lalə Şövkətin yanına qalxdım. Lalə xanımın “nə üçün mənim tapşırığımı icra edib o işi bura gətirtmirsən” sualına cavab verdim ki, bu, qanunsuz göstərişdir və onu icra edə bilmərəm. Lalə xanım “bu, cənab Prezident Heydər Əliyevin göstərişidir, get icra et” dedi. Bildirdim ki, inanmıram Heydər Əliyev bu cür qanunsuz göstəriş verə. Ancaq dediyiniz kimi olsa da qanunsuz olduğundan icra etməyəcəm. Cavabı verib otağı tərk etdim. Təxminən bir ay sonra Lala Şövkət bütün Aparatın işçilərini otağına yığıb heç kimin gözləmədiyi bir xəbəri, “Bu gün Prezident Heydər Əliyev mənim istefamı qəbul etdi” xəbərini bölüşərək hamımıza təşəkkür edib, işlərimizdə uğurlar arzuladı. Bundan sonra ayrıca mənə yaxınlaşıb “Aslan bəy, Sizə isə ayrıca təşəkkür edirəm. Arzulayıram ki, həmişə belə prinsipial olasınız” dedi. Düzdür, az sonra heç bir izah vermədən məni də işdən azad etdilər. Ancaq bu gün də həmin addımımı təkrar edərdim. Sonrakı taleyimdə də qorxmamağım həyatımda dəfələrlə məni ən çıxılmaz vəziyyətlərdən qurtardı. Bu gün sağ qalmağımın, həbs olunmamağımın da yeganə səbəbi, bir çoxlarının fikirləşdiyi kimi hansısa oyunlarda iştirakçı olmağımla deyil, məhz haqq bildiyimi deyəndə qorxmamağım olub. Təbii ki, ədalətli olmağa çalışmağım və zəhmətkeşliyim bu yolda ən sadiq dostlarım olub.
Əziz Gənclər, sonda hər birinizə mən yaşa gələndə bunu kimi, bundan da məzmunlu həyat hekayəsi arzulayıb Sizə uğurlar diləyirəm.