Ağalarov və AST Telman kilsəyə getdi; Rusiyada etiraz qopdu

Moskva kilsəsində Rusiya şou-biznesinin ulduzlarından biri Filip Kirkorovun qızının xaç suyuna salınması mərasimi olub. Qalmaqalla müşayiət olunan mərasimə bir çox tanınmış şəxslərin, o cümlədən Azərbaycan əsilli milyarderlər Telman İsmayılov və Araz Ağalarovun da qatıldığı bildirilir. Rusiya KİV-lərinin yazdıqlarına görə, Kirkorovun qızını guya surroqat ananın dünyaya gətirdiyi bildirilir. Rusiya televiziyasının I kanalında “Pust qovoryat” verilişinin aparıcısı Andrey Malaxov uşağın xaç atası olub.

Mərasimə çoxlu sayda zənginlərin dəvət edilməsinə görə kilsəyə başqalarının girişi dayandırılıb. Mühafizəçilər kilsənin “texniki səbəblərdən” bağlı olduğunu deyiblər. Mərasim pravoslav xristianların dini bayramı gününə təsadüf etdiyindən kilsəyə çoxlu sayda insan gəlib və içəri girə bilməyiblər. Nəticədə qalmaqal yaranıb. Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Aleksandr Yuşşenko deyib ki, kilsənin bu cür bağlanması yolverilməzdir və “xamlıqdır”. O, xristianların kilsəyə buraxılmadığı halda T.İsmayılov və A.Ağalarovun orada nədən alqışlarla qarşılandığını da sual edib. Həmçinin xatırladılıb ki, Rusiya kilsəsi surroqat analığı qətiyyətlə pisləyir.
Başı ziyafətlərdən və dəbdəbəli əyləncələrdən açılmayan T.İsmayılov, digər xəbərə görə, iki ay sonra Fransanın Lacivərdi sahillərində keçiriləcək bir həftəlik toy mərasiminə də dəvətlidir. O, yaxın dostu və Qazaxıstan əsilli yəhudi milyarderi Aleksandr Maşkeviçin qızının toyuna qatılacaq. Bu toya bir çox MDB ölkələrindən, İsraildən və digər ölkələrdən milyarderlər dəvətlidir. Yəhudi əsilli qazax maqnatının qızı Tunis əsilli yəhudiyə ərə gedir. Toy mərasimi açıq havada keçiriləcək və bir həftə davam edəcək (musavat.com).