Yanan bina Kərəm Həsənovun imiş

«Ikinci dəfədir ki, bu cür qorxu yaşayırıq, bizi köçürsünlər, sonra nə edirlər, etsinlər»

Bakı şəhərində çoxmərtəbəli binalardan birində partlayış və yanğın olub. Hadisə saat aprelin 19-da saat 20 radələrində Rəsul Rza küçəsində tikilməkdə olan hündürmərtəbəli binada baş verib.
Dövlət yanğından mühafizə xidmətinin rəis müavini polkovnik Rza Quliyev “Azadlıq” radiosuna açıqlamasında deyib ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın 7-ci mərtəbəsində yanğın olub, binada olan taxta qəliblər yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Rza Quliyevin sözlərinə görə, hadisəylə bağlı istintaq qrupu işləyir. O bildirib ki, hadisə yerində partlayışa səbəb olan heç bir şey tapılmayıb: “Taxta qəliblər yanıb yerə düşən zaman səs salıb. Insanlarsa elə biliblər bu, partlayışdır. Amma hadisə yerində partlayışa səbəb olan bir şey tapılmayıb”.
Ötən gün sözügedən ünvana baş çəkib hadisənin təfərrüatlarını öyrənməyə çalışdıq. Ərazidə bir polis maşını gözə dəyirdi. Ərazidə işləyənlərə içəri keçmək istədiyimizi bildirəndə bunun mümkün olmadığını dedilər. Məcbur qalıb sakinlərlə söhbətləşdik. Ətrafda yaşayanlar deyirlər ki, yanğın baş verməzdən əvvəl iki dəfə partlayış olub: “Alov təxminən 20 metr hündürlüyə qalxmışdı. Ətrafa kəskin qaz qoxusu yayılmışdı”.
Sakinlər deyirlər ki, tez-tez binada partlayışa oxşar hadisələr baş verib: “Öncə bilmədik burada partlayış olub. Düşündük ki, yəqin yuxarı mərtəbələrdən nəsə düşdü. Yanğın baş verəndən sonra hadisənin ciddi olduğunu anladıq. Bununla ikinci dəfədir ki, bu cür qorxu yaşayırıq. Yanğınsöndürənlər bizə dedilər ki, qaz balonu partlayıb. Ancaq biz bunun qaz balonu olduğuna inanmırıq”.
Bizimlə söhbət edənlər onu da bildirdilər ki, ötən ilin yayında burada binanın özülü qoyulanda yaxınlıqda evlər ziyan çəkib: “Bizi köçürsünlər, sonra nə edirlər, etsinlər. Hər gün burada qorxu altında yaşaya bilmərik”.
Sakinlərin sözlərinə görə, yanğın baş verəndə yanğınsöndürənlər əraziyə gəlsələr də təxminən yarım saat ərzində maşında su olmayıb. Əraziyə cəlb edilən əlavə 12 yanğınsöndürən maşın yalnız iki saat sonra yanğının qarşısını ala bilib.
Hadisənin baş verdiyi ərazinin yaxınlığında Yəhudi məktəbi də yerləşir. Olay qəsdən törədilə də bilər. Ancaq bu, hələlik versiyadır.
Sakinlərdən onu da öyrəndik ki, həmin tikinti aparılan bina Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun deputat qardaşı Malik Həsənovun rəhbəri olduğu “Azinko” şirkətinə məxsusdur.

Ramin DEKO