Ölkədə dollar şoku yaşanır

bank-dollar-manatDollar satışını dayandıran bankların sayı 23-ə çatdı, «qara bazar» da satışa limit tətbiq edir

Sentyabr ayının birində daha 5 bank dollar satışını dayandırıb. Söhbət “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Yapı Kredi Bank (Azərbaycan)”, “Zıraat Bank (Azərbaycan)” və “Günaybank”dan gedir. “Günaybank”, “Zıraat Bank (Azərbaycan)” və “Rabitəbank” avqustun 31-də satışlara 200 dollara kimi, “Kapital Bank” 100 dollara kimi limit qoymuşdu. “PAŞA Bank” isə yalnız müştərilərinə 5000 dollar limitlə satış həyata keçirirdi. “Zıraat Bank (Azərbaycan)”dan isə bildirilib ki, səhər saatlarında 200 dollar limitlə satış həyata keçirilib. Günorta saatlarında isə kassalarda dollar bitdiyindən satış dayandırılıb. Bank avro satışını isə davam etdirir. Bir nəfər üçün limit 200 avrodur.

Banklardan verilən məlumata görə, dollar satışı alışa uyğun olaraq aparılır. Kassada dollar olmadığı üçün satış da dayandırılıb. Bununla da ölkədə dollar satışını dayandıran bankların sayı 23-ə çatıb.

Amma sentyabr ayının 1-də 10 bank dollar satışı həyata keçirib. Banklar üzrə maksimum satış limiti 100 dollar təşkil edir. Yalnız Beynəlxalq Bank bir nəfərə 200 dollar satışını təklif edir. Dollar satan banklar isə bunlardır “Accessbank”, “Amrahbank”, “Azərbaycan Sənaye Bankı”, “Azər-Türk Bank”, “Bank of Baku”, “Caspian Development Bank”, “Expressbank”, “Turanbank”, “Unibank”.

MB-nin sentyabrın 2-nə elan etdiyi rəsmi kurs isə 1,6362 səviyyəsində olub. Bu barədə Mərkəzi Bankdan bildirilib. Sentyabrın 01-də USD/AZN rəsmi məzənnəsi 1,6321 manat səviyyəsində olub.

Qeyd edək ki, bu ilin 11 mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 may tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.

Qara bazarda satış 1,76, alış 1,75 manat oldu

Bankların ardınca “qara bazar”da da dolların satışına limit qoyulub. Hazırda Bakıda “qara bazar”da 1000 dollardan artıq valyuta satmırlar.

Onların xidmətindən istifadə edən vətəndaşlar həmin məbləğdən artıq dollar ala bilmirlər. Eyni zamanda dolların “qara bazar”da alış-satış qiyməti də dünən artıb. Bir dolların satış kursu 1.76 manatdır. Alış qiyməti isə 1.75 manat müəyyən edilib.

Dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə “bazarlıq” edirlər (fins.az).

Tələb hər gün artır

Dollara tələb hər gün artmaqdadır. Banklarda xarici valyuta qıtlığı dərinləşir. Təzahürlər bankda dollar satışı üzrə limitlərin aşağı düşməsinə və yaxud, ümumiyyətlə, dollar satışını dayandırması ilə özünü göstərir.

Dollar çatışmır

Qeyd edək ki, dollar satışı hazırda banklar üçün əlavə gəlir mənbələrindən birinə çevrilib, lakin banklar tələbə qarşı dollar ala bilmədiyindən bu imkandan istifadə edə bilmirlər. Banklarÿöz müştərilərinin belə dollar tələbini ödəyə bilmirlər və müştərilərin xarici valyuta üzrə ödənişlərlə bağlı banka sorğuları 1-2 gün gecikmə ilə həyata keçirilir.

Xatırladaq ki, hazırda bankların dollara olan tələbatının ödənilməsi üçün təminatçı rolunda Azərbaycan Dövlət Neft Fondu çıxış edir. Fond həftədə iki dəfə, hər dəfə 50 milyon dollar olmaqla dolları bazara çıxarır. Banklar da dollarla olan əməliyyatları həmin hərraca uyğunlaşdırmaq məcburiyyətində qalırlar.

Beləliklə, həftə ərzində bazara çıxarılan dolların ümumi məbləği 100 milyon təşkil etdiyi halda, bankların tələbi hərraca çıxarılan valyutadan 12 dəfə çox – 600 milyon dolları ötür. Hərraclar isə həftənin 2-4-cü günləri saat 10-da “Bloomberg”ÿüzərindən həyata keçirilir.

Saat 10:45-dək bu əməliyyatlar yekunlaşır və nəticədə gözlərini məhz hərracdan alacaqları dollar kütləsinə dikən banklar dollar satışı üzrə məzənnəni saat 11-dən sonra açıqlayırlar.

“Səhər vardı, satıb qutardıq”

Bundan sonra məzənnəni açıqlayan bankların da dollar satdığını əminliklə söyləmək olmaz. Çünki onların əksəriyyəti sadə vətəndaşları, “səhər vardı, satıb qutardıq”, və ya “indi yoxdu, axşam olacaq” kimi yalançı izahatlarla yola verməyə çalışırlar.

Banklar dollarla əməliyyatlarda öz müştərisinə üstünlük verirlər. Məlumdur ki, Mərkəzi Bank bir gün əvvəldən məzənnəni elan edir. Banklardan aldığımız məlumata görə, onlara rəsmi kurs səhər 9:30-da daxil olur.

Bundan sonra öz müştərilərinin tələblərini dəyərləndirən bankın hərracdan nə qədər dollar ala biləcəyi də sual altındadır. Bu səbəbdən də banklar əlində olan xarici valyuta ehtiyatına əsasən öz işlərini qurmağa çalışırlar.

Devalvasiya qorxusu

Əksər banklar öz real müştərilərini itirməmək məqsədilə dollar satışını dayandıraraq, malik olduğu dollar və avronu onların ödəmə əməliyyatları və ehtiyacları üçün xərcləyirlər.

Üstəlik, banklarda təminat yoxdur ki, bir saat sonra devalvasiya olmayacaq.ÿBeləliklə, ölkə iqtisadiyyatındakı mövcud durum, bankların xidməti timsalında özünü açıq şəkildə büruzə verir (Fins.Az).

Qubad Ibadoğlu: “Manat yenidən ”reanimasiya”da”

qubad-ibadoglu

Iqtisad elmləri doktoru Qubad Ibadoğlu Azərbaycanda yaranmış dollar qıtlığı və maliyyə bazarındakı durumun gərginliyi barədə təhlil yazıb. Onun Facebook səhifəsində paylaşdığı məqaləsini təqdim edirik: “Yenidən valyuta bazarlarında gərginlik var, bir neçə gündür ki, valyuta satışının əsas dövriyyəsi qara bazarlarda müşahidə olunur. Rəsmi və qeyri- rəsmi məzənnələr arasında fərq 10 faizə yaxınlaşır. Azərbaycanda yaranmış dollar qıtlığının başlıca səbəbini FED-in gözlənilən qərarında deyil, milli iqtisadiyyatda, xüsusilə də qeyri-neft ixracatında yaranmış acınacaqlı vəziyyətlə, ölkədən kapital axını və Mərkəzi Bankın mövcud situasiyaya adekvat olmayan yanlış siyasəti ilə izah etmək olar.

Diqqət edin. Gömrük məlumatına görə, bu ilin 6 ayında ümumi ixracat gəlirləri 3 milyard 821 min 500 dolar, ondan qeyri-neft ixracı 584 milyon 500 min dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azdır. Beləliklə də adambaşına son 6 ayda ümumi ixrac 402 dollar, qeyri-neft bölməsinin ixracı isə 61,5 dollar olub. Ölkənin orta aylıq ümumi ixracatı 636,8 milyon, qeyri-neft ixracatı 97,4 milyon dollara bərabərdir”.

Q.Ibadoğlunun sözlərinə görə, deməli, neft və qaz gəlirləri olmazsa, milli iqtisadiyyatın indiki potensialı ilə valyuta gəlirlərimiz aylıq 100 milyon dollardan da aşağı düşərdi. Halbuki, bu ilin ilk 6 ayında ölkəyə idxal mallarını gətirmək üçün 4 milyard, hər ay 666 milyon dollarlıq valyuta xərclənib. Göründüyü kimi, ixracatdan əldə edilən valyuta gəlirləri heç idxalı maliyyələşdirməyə belə yetərli deyildir: “Unutmayaq ki, bundan başqa dövlətin, şirkətlərin, bankların borc öhdəliklərini, vətəndaşların cari ehtiyaclarını ödəməyə də əlavə olaraq valyuta qazanılmalıdır. Valyutanı qazanmaq üçün isə rəqabətə dözümlü, yüksək texnologiyalı, innovativ mal və xidmət istehsal etmək lazımdır. Bu isə iqtisadiyyatın modernləşdirilməsi, eləcə də təhsilin səviyyəsindən asılıdır. Iqtisadiyyatın modernləşdirilməsi üçün ölkəyə xarici sərmayələr gəlməli və əlverişli investisiya mühiti formalaşdırılmalıdır. Təəssüf ki, bu hədəflərə qısa zaman çərçivəsində nail olmaq mümkün deyildir. Bu müddətdə manatı reanimasiyadan çıxartmaq mümkün olmayacaq. Ona görə də vaxt itirmədən islahatlara və iqtisadiyyatda təxirəsalınmaz tədbirlərə başlanılmalıdır”.

Samir Əliyev: “Hazırkı situasiya kəskin devalvasiyanı labüd edir”

Bəs, manatın növbəti devalvasiyası qaçılmazdırsa, bu dəfə bu rəqəm neçə faiz olacaq? Azərbaycanı qarşıda neçə faizlik devalvasiya gözləyir?

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev bildirdi ki, budəfəki devalvasiyanın neçə faiz olacağını söyləmək çətindir. Çünki burada əsas rolu qərar qəbul etmək səlahiyyəti olan şəxslərin prosesə yanaşması oynayacaq: “Mənim gözləntim budur ki, referenduma qədər ciddi məzənnə dəyişikliyi olmayacaq. Amma ondan sonra çətin situasiya yaranacaq. Çünki bu gün bütün proseslər manatın əleyhinədir. Manatın möhkəmlənməsi ilə bağlı möcüzə gözləmirəm. Möcüzə isə neftin bahalaşması ola bilər. Bu isə gözlənilmir. Digər tərəfdən, hökumətin tələbatın aşağı salınması istiqamətində də addımı gözlənilmir. Ola bilsin ki, hökumət kombinə edilmiş addım atsın. Bu nə deməkdir? Bir var yumuşaq devalvasiya. Ay ərzində gedən tədricən baş verən ucuzlaşma, bir də var, birdən-birə 5 və 10 faizlik ucuzlaşma. Istənilən halda konkret fikir söyləmək çox çətindir. Amma hazırkı situasiya kəskin devalvasiyanı labüd edir”.

S.Əliyevin sözlərinə görə, əgər kəskin devalvasiya baş verəcəksə, bu, əvvəlki devalvasiyalar kimi kəskin olmayacaq. Amma, ekspertin fikrincə, konkret rəqəm söyləmək çətin olsa da, devalvasiya bu dəfə 15-20 faiz arası ola bilər.

Xəyal