Vətəndaş dövlətinin sahibi deyilsə, yarışlara ev sahibliyi etmək uğur sayıla bilməz
Uzun illərdi ölkədəki problemlərdən yazırıq, çatışmazlıqları hökumətin diqqətinə çatdırırıq. Amma həmişə həqiqətləri üzə çıxardığımıza görə ağır ittihamlarla qarşılaşmışıq. Axsayan yerləri göstərəndə, “hər şeyi qara rəngdə görürsüz”, “inkişafı gözünüz götürmür” cavabı almışıq.
Artıq vəziyyət o həddə çatıb ki, ölkəni qara günə saldıqlarını özləri də etiraf etməyə məcburdular. Təkcə statistik rəqəmlərlə nəzər salanda tənəzzülün sürətini hesablamaq olur.
Problemli kreditlərin həcmi artır, büdcə sürətlə kiçilir, xarici borc yükü çoxalır, bank sektoru çökür, ticarət dövriyyəsi azalır, işsizlik və yoxsulluq ölkəni təhdid edir. Eyni zamanda qiymətlər qalxır, milli valyuta devalvasiya rekordu vurur, təhsil və səhiyyə iflic vəziyyətdədir. Bir sözlə, ölkədə “ağ” rəngdə heç nə qalmayıb, hər yeri “qara” rəngə boyayıblar.
Ən dəhşətlisi isə budur ki, qara rəngin üstündən ağ boya çəkmək əvəzinə, qaraları ağ kimi təqdim etməklə məşğuldular.
Bir müddət əvvəl yarıtmaz siyasəti sığortalamaq üçün “Avropa oyunları”nı sipər seçdilər. Bütün uğursuzluqların qarşısına “biz Avropa oyunları keçiririk” arqumenti ilə çıxdılar. Sanki “Avropa oyunları” korrupsiyaya, monopoliyaya, repressiyalara, hüquqsuzluğa haqq qazandırır. Amma qısa müddətdən sonra bəlli oldu ki, “Avropa oyunları” dünyada mötəbər yarışma kimi qəbul edilmir. Həm də məlum oldu ki, bu yarışma ölkə iqtisadiyyatına böyük zərbə vurdu. Milyardlar havaya sovruldu, büdcədə qazanc görünmədi. Ancaq bu vəsait ağır vəziyyətdə olan xalqın rifahına yönəldilə bilərdi.
Bir müddət “Avropa oyunları”nın təbliğatı ilə qulağımızı yağır etdikdən sonra, “Formula-1″ nağılı danışmağa başladılar. Guya, bu yarışma ölkəmizə uğur gətirəcək, turistlər büdcəni dolduracaq, Azərbaycan təbliğ olunacaq və s. Amma nə gözələnilən qədər turist gəldi, nə də büdcəmizdə artım hiss olundu. 100 milyon xərcləyib, 4 milyon gəlir əldə etdik. Itirən dövlətin büdcəsi, qazanan bir qrup məmur oldu.
Indi isə yeni təbliğata start verilib. Azərbaycanda “42-ci Bakı Şahmat Olimpiadası” keçirilir. Hökumət mətbuatı, telekanallar “xoşbəxtlik nəğməsi” oxuyur. Sən demə, bu yarışmaya ev sahibliyi etməyimiz uzaqgörən siyasətin, uğurlu inkişafın nəticəsi imiş.
Vallah, adamı ağlamaq tutur. Ölkə batır, vətəndaşın sabaha ümidi yoxdur, hər gün 2-3 adamın intihar xəbəri yayılır və hökumətimiz idman yarışlarıyla təsəlli paylayır. Bundan əvvəl “dolma festivalı”, “süd festivalı”, “pendir festivalı”, “qarpız festivalı”, “mürəbbə festivalı” keçirdilər. Indi də Şahmat yarışının keçirilməsini bizə minnət kimi sıramağa çalışırlar.
Əlbəttə, ölkədə beynəlxalq yarışların keçirilməsi, beynəlxalq yarışlara ev sahibliyi etmək yaxşı haldır və biz bunun əleyhinə deyilik. Amma sosial-iqtisadi vəziyyətin kəskin pisləşdiyi, vətəndaşın borc içində batdığı ölkədə “Avropa oyunları”na miylardlar xərcləməyə, “Formula-1″ yarışına pul tökməyə ehtiyac yoxdur. Normal hökumət bundan imtina etməli, xalqın və dövlətni sabahını fikirləşməliydi. Bu vəsaitlər zavod və fabriklərin tikilməsinə, maaşların artırılmasına, məcburi müalicəyə ehtiyacı olanların sağlamlığına sərf edilməliydi. 25 milyard xarici borcu olan ölkənin 8 milyardlıq ziyafət verməsi absurd idi.
Şahmat yarışının Azərbaycanda keçirilməsini bizə inkişaf kimi sırımaq da absurddur. Əvvəla, bu yarış Azərbaycana qədər 41 ölkədə keçirilib və həmin ölkələrin hökumətləri bunu inkişafın göstəricisi kimi təqdim etməyib.
Inkişaf göstəricisi elm və təhsildə, qabaqcıl texnologiyaların istehsalında, səhiyyədə, iqtisadiyyatda, hüquq sistemində, əhalinin gəlirlərində olmalıdır. Vətəndaş ölkəsində qərib kimi yaşayırsa, vətəndaş ölkəsinin sahibinə çevrilə bilmirsə, hansısa yarışmaya ev sahibliyi etmək inkişaf göstəricisi ola bilməz.
Vətəndaş “mat” vəziyyətinə salınıbsa, Şahmat yarışması uğur vəd edə bilməz. Ac xalqın qarşısına idman yarışları ilə yox, real islahatlarla çıxmaq lazımdır. Bu ölkəni fəlakətdən çıxarmaq üçün Şahmat taxtası yox, hökumətin dəmir iradəsi lazımdır.
Hansısa festivalı, idman yarışmasını gözümüzə soxmaqla ölkəni böhrandan çıxarmaq mümkün olmayacaq. Beynəlxalq yarışlara ev sahibliyi ilə öyünməyin, beynəlxalq təcrübələri evimizə gətirin.
İlham