Gülənçinin də, yalançının da kim olduğu məlumdur
Millət vəkili, Mətbuat Şurasının Idarə Heyətinin üzvü Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi “Azərbaycan” qəzeti yenə də öz ampluasındadır. Azərbaycandakı rüsvayçı vəziyyətdən yazmağa cəsarəti çatmayanlar, şərəfli insanlara böhtan yağdırmaq üçün fürsət axtarırlar.
Əslində, bu şər-böhtana cavab yazmamaq da olardı. Çünki, kifayət qədər faktlar var, müxalifətə qarşı “Gülən əməliyyatı”nı heç kim qəbul etmir və cəmiyyət bu rejimə nifrət edir.
Amma bu qədər lənət, bu qədər ifşa bunlarda utanc hissi yox, utanmazlıq immuniteti yaradıb. “Azərbaycan” qəzeti AXCP sədri Əli Kərimlinin FETÖ terror təşkilatı ilə əlaqəli olduğunu, dövlətinə xəyanət etdiyini yazıb.
Guya, Bəxtiyar Sadıqov əsl Gülənçilərin kimlər olduğunu bilmir? Faiq Əmirlinin maşınına atılan kitabın ön söz yazarı, Bəxtiyar Sadıqovun həmkarı Rəşad Məciddir. Yaxşı olar ki, Bəxtiyar Sadıqov təmsil olunduğu hakimiyyətə göz gəzdirsin, parlamentdə yan-yörəsinə baxsın və sonra qəzetində “Gülən şəbəkəsi”nin üzvləri ilə bağlı dolğun yazılar tirajlasın. Fətullah Gülənin kitablarını kitabxanada yerləşdirən siz, bu kitabları readaktə edən siz, Gülüstan sarayında Heydər Əliyevə həsr olunmuş tədbirdə Gülənin jurnallarını paylayan siz, Gülənə mədhiyyələr yağdıran siz, maliyyə alan Əli Kərimlidir. Belə çıxır ki, hökumət komandasının böyük bir hissəsi Əli Kərimliyə işləyir?
Bəxtiyar Sadıqov tənbəllik etməyib, “youtube” da axtarış versin və Heydər Əliyevdən tutmuş, deputatlara qədər çoxlarının Fətullah Gülən sevgisiylə tanış olsun.
Yeri gəlmişkən, xatırlayırıq ki, Elnur Aslanovun işdən çıxarılması barədə prezident sərəncamını “Azərbaycan” qəzeti dərc etməmişdi. Bu gün müxalifət liderini “FETÖ terror təşkilatı”nın üzvü kimi təqdim edən qəzet, Gülənçi olduğu iddia edilən vəzifəlilər haqqında niyə yazmayıb? Niyə, həmişə “gülənçi”lərin müsbət obrazını yaratmağa çalışan qəzet, indi vicdanlı adamları “gülənçi” kimi damğalamağa həvəsənib?
Başqa vaxt adamlara dərs keçməyə çalışan, təsdiqlənməmiş informasiyaların tirajlanmasını qəzetçiliyə zidd hesab edən redaktor, haqqında məhkəmə hökmü olmayan adamları hansı əsasla qəzetində “cinayətkar” adlandırır?
Insanlara şər atmaq, iyrənc senarilər quraşdırmaq qəzetçilikdir? Həqiqəti bildib, yalana könül vermək dövlətçilikdi?
Indi nə edək, bütün işimizi atıb, sizin haqqınızda araşdırma aparaq? Kimin gülənçilərlə isti münasibətdə olduğunu, kimlərin Gülənə könül verdiyini daha detallı üzə çıxaraq?
Heç olmasa ölkəmizin adını daşıyan bir qəzeti, “şər maşını”na çevriməkdən utanın. Bütün fəaliyyətlər tarixdə qalır və gələcək nəsillər bu qəzetin səhifələrini vərəqləyəndə, sizləri ikrahla xarıtlayacaqlar. Ağ vərəqlərə bu qədər qara fikirlər yazmaq iyrəncdir. Dolanışığınızı şər-bəhtandan çıxarmayın. Bir gün çox ağır şəkildə burnunuzdan gələcək.
Samir