Mitinq ən effektli etiraz formasıdır

eldeniz-quliyev-yeniEldəniz Quliyev

Bildiyiniz kimi, mitinq ən effektli ETİRAZ formalarından biridir. Və bu gün,demək olar ki, əksəriyyət tərəfindən ən çox səslənən, müzakirə olunan, təkrarlanan kəlmə və aktual mövzu da elə ETİRAZdır. Kimi dindirirsən- etiraz edir: hökumətin iqtisadi siyasətinə, qiymətlərin bahalaşmasına, günahsız insanların həbs olunmasına,dindarların səbəbsiz-amansız təqiblərinə, demokratik dəyərlərə biganəliyə, insanların fundamental hüquq və azadlıqlarının addımbaşı pozulmasına və sair və ilaxır. Bütün bunların üstünə qəfil peyda olub gündəmi zəbt edən konstitusiyaya dəyişikliklərini də gəlsək, hazırda cəmiyyətin kifayət qədər sinergetik enerji ilə yükləndiyini demək olar… Bu baxımdan, Mili Şuranın təşkilatçılığı ilə baş tutacaq mitinqin gözlənildiyindən də kütləvi olacağını proqnozlaşdırmaq olar. Nə vaxtsa bu millət öz taleyinin laqeyd tamaşaçısından, fəal iştirakçısına çevirliməlidi,axı. Əks-təqdirdə, ölkə yerində saya-saya demokratik proseslərdən,eləcə də mütərəqqi inkişafın keyfiyyət meyarlarından məhrum ola bilər… Onu da deyim ki, “demos kratos”,yəni “xalqın hakimiyyəti” anlayışı, sadəcə, gəlişigözəl söz birləşməsi deyil. O ki qaldı mitinqin keçirilməsinin hakimiyyətin daxili siyasətinə təsiri məsələsinə… düşünürəm ki, təsirsiz ötüşməyəcək.İstər beş nəfər olsun, istər əlli,istərsə də əlli min nəfər- ortada haqlı ETİRAZ varsa,haqsızlıq, özbaşınalıq varsa, hakimiyyət bundan əndişələnməli və ciddi islahatlara başlamağın alternativi olmadığını dərk etməlidir. Ən azından, hökumət anlamalıdır ki, irəliyə baxmamış addım atmaq, geriyə baxmamış söz demək qədər bihudə bir işdir.