Toplantıda ölkədəki sosial-iqtisadi durum, repressiyalar, siyasi məhbus problemi müzakirə olunub
Avqustun 31-də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki sosial-iqtisadi durum, Xalq Cəbhəsi fəallarının kütləvi həbsi, sentyabr ayının 26-da keçiriləcək Referendum əleyhinə etiraz tədbirlərinə hazırlığın vəziyyəti, siyasi məhbus problemi və digər məsələlər müzakirə edilib.
Antikonstitusion xarakter daşıyan Referendum Aktı əleyhinə xalqın etirazlarını təşkil etmək məqsədilə Milli Şura mitinq və nümayişlərə başlamağa qərar verib. Gündən-günə dərinləşən sosial-iqtisadi vəziyyətlə bağlı hökumətin heç bir effektli tədbir görməməsini, əhalinin dağıdıcı böhranla üz-üzə qaldığını, aztəminatlı ailələrin ağır sosial sarsıntılar məngənəsində boğulduğun nəzərə alaraq Milli Şura antiReferendum mitinqlərinin eyni zamanda sosial tələblər şüarı altında keçirilməsini məqsədəuyğun sayıb.
Bu məqsədlə Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda sentyabr ayının 11-i saat 17-yə mitinq təyin edilib və müvafiq icra hakimiyyətinə xəbərdarlıq göndərilib. Koordinasiya Mərkəzinin toplantısında son vaxtlar Gülənçilərə qarşı mübarizə adı altında Azərbaycan Xalq Cəbhəsi Partiyasına və onun sədri Əli Kərimliyə qarşı başlanmış böhtan xarakterli kampaniyanın iflasa uğradığı bildirilib və Azərbaycan hakimiyyətinin bu kampaniyanı Rusiya ilə birlikdə aparmasından, müxalifətin simasında Gülənçilərə qarşı mübarizə görüntüsü yaratmaq, bu fonda diqqəti hakimiyyətin öz içində olan əsl Gülənçi şəbəkədən yayındırmaq cəhdləri pislənilib. Toplantıda Gülən şəbəkəsinin Azərbaycanda bilavasitə dövlət siyasəti olduğu bir daha qeyd edilib.
Koordinasiya Mərkəzinin toplantısında ölkədə siyasi məhbus probleminin ağırlaşması, son həftələr ərzində repressiyaların geniş vüsət aldığı, Xalq Cəbhəsi partiyasının rəhbərliyinə daxil olan şəxslərin, partiya funksionerlərinin və fəallarının həbsindən ciddi narahatçılıq ifadə edilib, hazırda bu partiyanın 14 üzvünün həbsdə olduğu vurğulanıb.
Toplantıda eyni zamanda NIDA fəallarının və REAL hərəkatı rəhbərliyinə daxil olan Natiq Cəfərlinin qanunsuz həbsindən, hərəkatın lideri Ilqar Məmmədov haqqında Avropa Insan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməkdən boyun qaçırmasından ciddi narahatçılıq bildirilib. Müzakirələr zamanı “Nardaran işi” ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan prosesin hakimiyyətin ifşasına çevrildiyi, ikisi polis işçisi olmaqla 6 nəfər vətəndaşın ölümünün bilavasitə DIN orqanları tərəfindən həyata keçirildiyi təqsirləndirilən şəxslərin ifadələri ilə təsdiq edildiyi qeyd edilib, qurama dövlət çevrilişi şousunu təsdiqləyən ifadələr almaq üçün xalq arasında “Bandotdel” kimi tanınan qurumda dinc insanlara, inanclı şəxslərə ağlasığmaz işgəncələr verildiyi, hətta Fərahim adlı bir nəfər dinc sakinin idarəyə gətirilərkən yolda döyülərək öldürüldüyünün məhkəmə prosesində aşkarlandığı göstərilib. Inanclı insanlara qarşı Azərbaycan hakimiyyətinin apardığı repressiv siyasətdən toplantıda narazılıq ifadə edilib, Islam Partiyasının sədri Hacı Mövsüm Səmədovun qurama ittihamla həbs edildiyi, siyasi mülahizələrə cəzalandırıldığı pislənib, cəzaçəkmə yerində onun aclıq aksiyası keçirməsindən narahatlıq ifadə edilib. Koordinasiya Mərkəzinin toplantısında son günlər siyasi məhbus Əli Insanova qarşı törədilən saxtakarlıq aktından hiddət ifadə olunub. 11 il qanunsuz olaraq cəzaçəkmə yerində saxlanmış tibb elmləri doktoru, professor Əli Insanovun azadlığa çıxmasına 2 aydan da az vaxt qaldığı bir zamanda ona saxta yollarla quraşdırılmış cinayət işinin açılması Azərbaycanın hüquq sisteminin hansı acınacaqlı vəziyyətdə olduğunun daha bir göstəricisidir. Avropa Insan Haqları Məhkəməsi 4 il əvvəl Əli Insanovun qanunsuz həbsi barədə qərar versə də, hökumət bu qərarı yerinə yetirmək əvəzinə 11 il həbs həyatı keçirmiş yaşlı bir insana münasibətdə qurama cinayət işi açmaqla onu məhz siyasi mülahizələrə həbsdə saxladığını bir daha təsdiqləyib. Koordinasiya Mərkəzinin toplantısında Əli Insanova qarşı törədilmiş bütün bu anti-insani oyunlar pislənilib, törədilən qanunsuzluqlara etiraz bildirilib.