Dananın quyruğu qırılan yer…

saadet-cahangir-koseSəadət Cahangir

Azərbaycan hökuməti ölkə insanının bədbəxtliyi üçün o qədər çox şeylər edib ki, artıq insanlar bu girdabdan çıxmağın mümkünlüyünə belə inanmır. Hər kəs düşünür ki, bu məmləkətdə xoşbəxtlik formulu aramağa dəyməz artıq. Çünki sənə bu imkanı tanıyan və azacıq işıq ucu verən heç nə yoxdur. Qurduğun gözəl xəyalların ardınca getməyə kiçik bir cığır belə qalmayıb. Bütün yolların qarşısına STOP işarəsi, keçidlərin qarşısına şlaqbaum asılıb. On-on beş il əvvəl ümid bağladığımız nə vardısa, hamısı əldən çıxıb. Insan arada gözəl günlərlə bağlı qurduğu xəyallara belə acıyıb sıxılır. “Bu göydən neçə daş gəldi, başımızı söydü, düşdü…” Bir ölkə bu qədərmi şanssız və bəxtsiz olar? Bir ölkənin başına bu qədərmi bəla gələr, bu qədərmi od yağar üstünə? Kimin lənəti, qarğışı, ahı tutdu bizi? Nələr oldu bu son 25 ildə! Nə sular axdı, duruldu, nə yağmurlar yağdı, qurudu, nə rənglər açdı, soldu. Nə faciələr yaşadıq! Haralardan haralara gəldik. Nə günlərə qaldıq…

Rəhmətlik nənəm o qədər zarafatcıl biri idi ki, qonşunun toyuğu çəpəri keçib toyuqlarımıza qarışanda da belə ona lətifə qoşurdu. Bir baxırdın, “bu işğalçı filankəsi(ad çəkirdi) tutun atın bayıra, çəpəri keçməyi bəs deyil, hələ gəlib bizimkiləri dimdikləyib, dənini ağzından alır” deyib ucadan gülür. “Burax başına, xeyri yoxdur, qovursan yenə gəlir” dediyimizə də başqa bir rəngli cavab gəlirdi. “Nə buraxım başına, hoppanıb stolun başına çıxır daha, qovun getsin, dadananla quduranın qabağında durmaq olmaz…” Doğrudan da, dadananla quduranın havasını almaq zor məsələ imiş. Əvvəl çəpəri aşar, sonra qarşındakı yeməyi qapar, sonra da masanın başına keçib sənin özünü öz süfrəndən qovar. Bax, bizim 23 ildə yaşadığımız ağrı-acıların qısa özəti bu ibrətamiz hekayətin içində. Biz rus imperializminə qarşı ölüm-dirim savaşı verəndə onlar yox idi. Biz tankların qarşısına yeriyəndə, qan su yerinə axanda, meydanlar milyonların “azadlıq” hayqırtısı ilə silkələnəndə də onlar yox idi. Min bir əzab-əziyyətlə ölkəyə istiqlaliyyət qazandıranda da onların izi-tozu yox idi. Bir yerlərdə öz kef-damaqlarında, yeyib-içməklərində, eyş-işrətlərində idilər. Hər şey hazır olanda gizli yuvalardan çıxdılar. Çıxdılar və gizli bir əlin bələdçiliyi ilə gəlib masanın başına yerləşdilər. Özlərinə yer eləyincə də, o süfrəni dişiylə-dırnağıyla quranları sıradan çıxarıb, bir daha ordan qalxmadılar…

Indi ölkə insanının halı necədir, özünüz bilirsiniz. Həmin süfrəni qamarlayanlar yeməyə elə oturublar ki, nə qarınları doyur, nə gözləri. Gözləri də elə hədəqəsindən çıxıb ki, daha o süfrəni quranları yaxına belə buraxmırlar. Kənardan yarıac-yarıtox baxan adamlar da, deyəsən, baş verən “işğal”ın şokundan indi çıxırlar. Indi ayıq başla sağa, sola baxıb görürlər ki, olub-qalanı bir ovuc acgöz yeyib süfrəni boş qoyub. Üstəlik, taxtada-boxçada da nə varsa, silib-süpürüblər. Təknədə quru çörək belə qoymayıblar qalsın. Məmləkət talanıb, evlər yoxsullaşıb, ciblər boşalıb. Amma qeybdən qəfil çıxıb həmin o süfrənin başına keçənlərin durumu başqa. Onlar yoxsullaşan insanların əksinə olaraq, yüz dəfə zənginləşiblər, yüz dəfə şişiblər, yüz dəfə böyüyüblər və yüz dəfə də acgözləşiblər. Elə bu qütbləşmə üzündən ölkənin durumu gəlib dirənib dalana. Indi ipin bir ucunda çörək imtahanı qarşısında dərdə qərq olmuş milyonlarla ölkə insanı, o biri ucunda ölkənin milyonlarını çalıb-çapıb özünə biznes imperiyası quran bir ovuc harın adam. Ipdə artıq o qədər gərilib ki, qopması an məsələsidir. El arasında deyildiyi kimi, dananın quyruğu qırılan yerə gəldik. Allah kimə verə, verə…