“Azadlıq”ın verdiyi xəbərə görə, Sabirabadda polis “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevi saxlayıb. O, Minbaşı kəndində bu həftə 2010-cu il daşqınının nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin ədalətli paylanması tələbilə mitinq keçirmiş yerli sakinlərlə görüşdə saxlanılıb. Gülalıyev “Turan” agentliyinə guya insanları hakimiyyətə qarşı etirazlara və çıxışlara təhrik etməkdə ittiham edildiyini söyləyib.
Bunlar hamısı tanış söhbətlərdi. Hakimiyyət indi öz kölgəsini belə, həbs etməyə hazırdı – istər özündən arxaya, istər önə düşsün. Öz kölgələrinə belə, hakimiyyəti ələ almaq istəyən biri kimi baxan iqtidarın Gülalıyevləri həbs etməsindən təbii heç nə ola bilməz. Məni bir sual maraqlandırır: Indi, hüquqlarını müdafiə etmək üçün getdiyi yerdə saxlanılan Gülalıyevi həmin o camaat müdafiə edəcəkmi? Heç olmasa, 20-30 nəfər polis şəbəsinin qarşısına gedib onun buraxılmasını istəyəcəkmi? Bunun üçün nə müxalifətçi olmağa, nə hakimiyyətin əleyhdarı olmağa gərək var. Bu, sadəcə mənəvi məsələdi. Bir az da mentaldı. Millətə xas xüsusiyyətin göstərilməsi gərəkən məqamdı. Səninçün öz həyatını təhlükəyə atan adamın müdafiəsinə qalxmağın lazım olduğunu körpə uşaq da başa düşür. Yaşlılar da başa düşəcəkmi, görəcəyik.
Bu hadisə aprelin 8-də, Bakıda mitinq keçirildiyi vaxt, Səyavuş Novruzovun gözlərinin tutulduğu günə təsadüf eləyir. Deyirlər Günəş tutulması baş verəndə, xüsusən onun aydın müşahidə edildiyi yerlərdə bədbəxt hadisələr qeydə alınır. Səyavuşun gözlərini Günəşə bənzətmək fikrindən uzağam. Hərçənd, onu nəinki Günəşlə, Yaradanla müqayisə eləməliydik. Ən azı, Nəsiminin məntiqiylə:
Surətin nəqşində hər kim görmədi nəqqaşını,
Vahibi-surət onun gözsüz yaratmış başını…
Mən Səyavuşun gözsüz yaradıldığını da iddia eləmirəm. Maşallah, 14 gecəlik Aya bənzəyən gözləri var. Arıq, şüvərək oğlan olduğu əski çağlarda hətta bütöv aya, dolunaya da oxşardı. Köklük avtomatik olaraq gözlərinin ölçüsünü kiçildib. Kilolarından bir az atsa, yenə də gözləri diqqət çəkəcək şəklə düşər. Deyirlər, dünən mitinqə axışanların çoxluğunu görəndən sonra Novruzov ərazidən çox pərişan və pəjmürdə halda çıxıb gedib. Əvvəla, “görəndən” sözü burda yerinə düşmür, ola bilsin ki, o, səslərdən müəyyən eləyib. Axı o vaxt onda göz tutulması baş veribmiş. Ancaq inanın, o bir az da orda qala bilsəydi, çəkdiyi iztirab üzündən artıq çəkidən xeyli azad ola bilərdi…
Nə isə. Günəş tutulmasından danışırdıq. Bunu da Səyavuşun gözlərinin üstündən yazmışdım. Mən Səyavuşun gözlərinin tutulmasını Günəşin tutulmasından daha əlamətdar, daha xoş bir hadisə hesab eləyirəm. Çünki onun gözləri tutuldusa, deməli, həmin vaxt ölkədə nəsə xoş hadisələr baş verir. Onun gözlərininsə xoş hadisələrə allergiyası var. Əslində, allergiya-zad məsələsi deyil. Günəşin gözlərinin içinə şax baxmaq hər oğulun işi deyil. O ki qaldı Novruzov ola. Şəxsən mən 8 aprel mitinqinə elə də yüksək qiymət vermək fikrində deyildim. Ancaq siyasi məsələlərə, müxalifətin fəaliyyətinə qiymət vermək üçün mənim bir cihazım var: Siyavuşun gözləri. Onun gözləri tutuldusa, deməli, hər şey qaydasındadı. (Əlində, bütün dünya hadisələrinə də, onun gözlərinin reaksiyası əsasında qiymət verməyə alışmışam.) Indi mən 8 aprelə Günəşin bayramı kimi baxıram – dostumuzun sayəsində.
Yazının əvvəlində fikrim vardı ki, üzümü cərraha tutub deyəm: “Ya Paşa Qəlbinur, sən özün onun gözlərinə şəfa ver!”. Yazının sonunda bu fikirdən daşınıram. Öz ölçü cihazımı itirmək istəmirəm. Görünür, Allah da belələrinin gözünü bu səbəbdən bağlayırmış ki, insanlar yollarını düzgün müəyyən eləyə bilsinlər.

Ya Paşa Qəlbinur!
•
•