Əhəd Abıyev MTN-ə qarşı

Daşkəsənin icra başçısı qurumun Masallı şöbəsinin rəisini ittiham edirmiş

Daşkəsənin icra başçısı Əhəd Abıyevin Masallıda baş verən olaylar barədə danışarkən bu hadisələrin arxasında yerli məmurlardan birinin dayandığını bildirmişdi. Əhəd söyləmişdi ki, həmin şəxs uzun müddətdir Masallıda böyük vəzifədədir: “Pensiyaya getmək yaşı çoxdan çatıb, hələ xeyli əvvəl getməli idi.
Lakin nədənsə qaldı. O adam həddən artıq varlanıb. Qanunsuz yollarla, qaranlıq əməllərlə milyonların sahibi olub. Masallının bütün icra başçılarını müxtəlif oyunlar quraraq özündən asılı vəziyyətə salıb. Bundan sonra da istədiyini edib və edir. Həmin şəxs cinayətkar şəbəkə ilə, Iranda müəyyən qüvvələrlə əlaqəlidir. Nəinki Masallını, bütün cənub regionunu qarışdıran odur. Mən onun əməlləri, hansı işlərin sahibi olduğu barədə onun rəsmi tabe olduğu nazirə də demişəm. Nazir özü də o adamı işdən götürmək istəyir. Amma çətinlik çəkir. O şəxs icra hakimiyyətində işləmir. Ancaq icra hakimiyyətinin işçilərini də nəzarəti altında saxlayır. Onun gizli şəkildə müəyyən müxalifətçilərlə də əlaqəsi var. Keçmiş OMON-çu Elçin Əmiraslanovun qohumudur. Onun rayonda yeganə qorxduğu adam mən olmuşam. Barəmdə şayiələri də o yayır və yazdırır”.
“Azadlıq” yazmışdı ki, Əhəd Abıyev Masallıda su-kanal idarəsinin müdiri Maşallah Kərimovu nəzərdə tutur. Çünki bu şəxslə Əhəd Abıyev arasında uzun müddətdir ki, savaş gedir. Bu savaşın kökündə Əhəd Abıyevin Maşallah Kərimovu Masallının icra başçısının birinci müavini vəzifəsindən
uzaqlaşdırması dayanır. Əhəd Abıyev onun yerinə qardaşı Zəfər Abıyevi təyin etdirib. Maşallah Kərimovun da Abıyevlərə zərbəsi gecikməyib. YAP-ın yerli təşkilatının seçkili orqanlarının formalaşdırılması ilə bağlı keçirilən toplantılarının birində Idarə Heyətinin və sədrin müavini olan Nadir Abıyev sıravi üzvə qədər kiçilib. Onun yerinə isə Maşallah Kərimov təyin edilib.
Lakin dünən başqa bir məlumat əldə etmişik. Həmin məlumatda deyilir ki, Əhəd Abıyev MTN-nin Masallı şöbəsinin rəisi Əli Əliyevi nəzərdə tutur. Məlumatda bildirilir ki, əslən Qazax rayonunda olan Əli Əliyev Elçin Əmiraslanovun qohumudur. Digər tərəfdən o uzun müddətdir ki, şöbə rəisi vəzifəsindədir. Və Əhəd Abıyevlə münasibətləri gərgindir. Bir müddət əvvəl Əhəd Abıyev onu açıq şəkildə ittiham etmişdi.