Rayonun bəzi kəndlərinin sakinləri dünən növbəti dəfə etiraz aksiyası keçirib
Sosial hüquqlarının pozulmasına hakimiyyət nümayəndələrinin laqeydliyinə görə 600-ə yaxın sakin (çoxu Minbaşı kəndindən olmaqla) səhər saatlarında kənddən Şirvanla rayonu birləşdirən Kür üzərindəki körpüyə qədər yürüş edib. 3 km-lik yürüş məsafəsi boyunca yerli polis çox çalışsa da etirazçıların qarşısını ala bilməyib.
“Ilham Əliyev” tələbi
Minbaşı kəndinin sakinləri əsasən Kür daşqınlardan sonra onlara kompensasiya verilməməsinə etiraz edirlər. Camaat yerli icra strukturlarının onlara çatacaq kompensasiyanı mənimsədiyini iddia edir. Dünən onlar yürüş zamanı “Biz kompensasiyanı yerli icra strukturlarından yox, prezidentdən istəyirik”, “Biz dövlət başçısını istəyirik, o gəlsin” şüarları səsləndiriblər.
Körpü bağlanır
Yürüşün son dayanacağı Dadaşbəyli kəndi olub. Buranın sakinləri də aksiyaya qatılıb. Bu zaman polislə qarşıdurma şiddətlənib. Zorakılıq zamanı bir qadın huşunu itirib. Polis sakinlərin əllərində tutduğu Ilham Əliyevin bir neçə şəklini cırıb. Polisin səyinə baxmayaraq aksiyaçılar Kürün üstündəki körpünü bağlaya bilib.
Daxili qoşunlar işə qarışır
Etirazı yatırmaq üçün Hacıqabuldakı daxili qoşunların 8 maşın əsgəri hadisə yerinə gətirilib. Körpünün üstündən uzaqlaşdırılan aksiyaçılar Sabirabad rayon yol polisi postunun da yerləşdiyi “dördyol” adlanan ərazini təxminən 15 dəqiqə bağlayıblar. Bundan sonra rayonun polis rəisi Mübariz Quliyev kənd sakinləri ilə icra başçısı Nazim Ismayılov arasında telefon əlaqəsi yaradıb. Onlara bildiriblər ki, icra başçısı şikayətləri dinləmək üçün kəndə gəlir.
Icra başçısı vəd verir
Günorta saatlarında icra hakimiyyətinin başçısı Nazim Ismayılov Minbaşı kəndinin sakinləri ilə görüşüb. Icra başçısı kənd sakinlərinə “çalışacağıq qaldırdığınız problemləri həll edək” vədini verib.
Görüşdən çıxan adamlar isə vədlərin yerinə yetiriləcəyinə inanmadıqlarını bildiriblər. Sakinlər icra nümayəndəliyini tərk etməyəcəklərini deyiblər. Onlar “bizə quru söz yox, bizə verilməli olan kompensasiyalar lazımdır” deyiblər(“Azadlıq” radiosu).
Görüşdə iştirak edənlərdən birinin “Azadlıq” qəzetinə verdiyi məlumata görə, başçı müavinlərinin hər həftə Minbaşı və ona qonşu olan kəndlərdə görüş keçirəcəyini də vəd edib.
Xatırladaq ki, iki gün əvvəl Minbaşı kəndində başlanan aksiyalara görə kənd icra nümayəndəsi və onun müavini işdən çıxarılıb. Əhali isə bu cəzalandırmanı yetərli saymır.
Xatırladaq ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Güləliyev də bu kənddə monitorinq apararkən tutulub və Sabirabad Rayon Məhkəməsi onu 12 sutka müddətinə azadlıqdan məhrum edib.
“Azadlıq”