Baş nazirin Çinə səfəri gərginliklə başladı; mühafizəçilərin silahları gecikdirildiyinə görə, o, təyyarədə ləngidi
Çinə rəsmi səfərə yollanan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ziyarətinə uyğur türklərinin kompakt yaşadığı Sincan Uyğur Muxtariyyətinin paytaxtı Urumçidən başlayıb. Baş naziri, eləcə də onunla birlikdə səfər edən həyat yoldaşı, qızı və türkiyəli nümayəndələri Urumçi hava limanında yerli rəsmilərlə yanaşı, uyğur türkləri də qarşılayıb. Şəhəri ziyarət edən ilk türk baş nazir olan Ərdoğan Urumçi Iqtisadi və Texnoloji Inkişaf bölgəsinə gedib. Ərdoğan enerji məsələləri üzrə tanınmış “TBEA” və “Gold Wind” şirkətlərində araşdırmalarla tanış olub.
Baş nazir “Gold Wind” şirkətinin Türkiyədə araşdırmalar aparması üçün şirkət rəhbərliyilə danışıqlar aparıb. Şirkət rəsmiləri baş nazirin istəyinə müsbət cavab veriblər. Türkiyənin baş naziri muxtar bölgədəki Böyük Bazara da baş çəkib. Ərdoğan onu böyük coşqu ilə qarşılayan uyğur türklərilə söhbətləşib. Baş nazir bazarda uyğur türklərinin satdığı quru meyvələrdən özü üçün bazarlıq edib.
Ərdoğan səfərin ikinci günü Pekinə yollanıb. Ərdoğan Pekin aeroportunda təyyarədən enməmişdən əvvəl türk mühafizəçilərlə çinli səlahiyyətlilər arasında qısa müddətli gərginlik yaşanıb. Gərginliyin səbəbi Ərdoğanın mühafizəçilərinə məxsus silah dolu baqajın onlara çatdırılmaması olub. Silahların mühafizəçilərə gec çatdırılmasından dolayı təhlükəsizlik səbəbilə baş nazir təyyarədə ləngiyib. Baqajlar mühafizəçilərə çatdırılandan sonra Ərdoğan təyyarədən enib. Bundan sonra Ərdoğanın Çinin baş naziri Ven Tsziabao tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.
Qarşılanmadan sonra hər iki baş nazir jurnalistlər üçün qısa brifinq keçirib. Çin hökumətinin başçısı 27 il sonra bir türk baş nazirin ölkəsinə səfər etdiyini vurğulayaraq Ərdoğana “ümid edirəm ki, bu ziyarətiniz çox gözəl izlər buraxacaq” deyib. Türkiyəyə iki il əvvəl reallaşdırdığı rəsmi səfəri xatırladan Tsziabao hörmətlə qarşılandığını və böyük diqqət gördüyünü də əlavə edib.
Türkiyənin baş naziri də öz növbəsində qonaqpərvərliyə görə həmkarına təşəkkürünü bildirib. O, Çinin baş nazirini Türkiyəyə dəvət edib.
Daha sonra tərəflər arasında görüş bağlı qapılar arxasında keçirilib.
İnformasiya şöbəsi