Saxta hırka geymiş yalançılar

saadet-cahangir-koseSəadət Cahangir

Yaralı bir quş Hz.Süleymanın yanına gəlib, bir dərvişin onun qanadını qırdığını söyləyir. Hz. Süleyman dərvişi hüzuruna çağırıb soruşur ki: “Bu quş səndən şikayətçidir, onun qanadını nədən qırmısan?” Dərviş özünü müdafiə etmək məqsədilə: “Sultanım, mən bu quşu ovlamaq istədim. Öncə qaçmadı, yanına getdim, yenə qaçmadı. Mən də təslim olacağını düşünərək üzərinə atladım. Tam tutacağım anda qaçmağa çalışdı, o zaman da qanadı qırıldı”- söyləyir. Bunu eşidən Hz.Süleyman quşa dönərək deyir: “Bax, bu adam da haqlı. Sən niyə qaçmadın? O sənə lap yaxınlaşmamış özünü xilas edə bilərdin. Daha indi niyə ”qolum-qanadım qırıldı” deyib şikayət edirsən?” Quş belə cavab verir: “Əfəndim, mən onu dərviş qiyafətində gördüyüm üçün qaçmadım. Ovçu olsaydı, həmin an qaçardım. Dərviş olmuş birindən mənə zərər gəlməz, bunlar Allahdan qorxarlar deyə düşündüm və qaçmadım!” Hz.Süleyman quşun bu sözlərini əsaslı sayaraq, onun haqlı olduğuna qərar verir. “Quş haqlı, dərviş cəzasını çəkməlidir, qolunu qırın onun!” deyə əmr edir. Quş o anda özünü önə atır: “Əfəndim, qətiyyən elə bir şey etməyin!” “Nədən?” deyə soruşur Hz.Süleyman. Quş fikrini belə izah edir: “Dərvişin qolunu qırsanız, qolu sağalan kimi yenə  eyni şeyi edər! Siz ən yaxşısı, bunun üzərindəki dərviş hırkasını(geyimini) çıxardın. Çıxardın ki, mənim kimi quşlar bundan sonra aldanmasın…”

Çevrəyə baxsanız, məmləkət saxta hırka geymiş “dərviş”lərlə dolu. Bu yalan libasının içində işlərinə gəlsə, qolunuzu da qırarlar, gözünüzü də çıxararlar. Başınızda inanıb güvənəcəyiniz Hz.Süleyman kimisi də yox ki, hüzuruna çıxıb, arın-arxayın şikayətinizi edəsiniz. Bu saxta hırkalı adamlar neçə illərdir anasını ağladır məmləkətin! Bölük-bölük məmləkətə yayılıb, ölkə insanının ömrünü yeyir bunlar. Bir bölüyü dövlət adamı libasında, bir bölüyü din xadimi libasında, bir bölüyü müxalifət libasında… Məmləkət qan ağlayır bu saxtakarların əlindən. Insanlarımız da bəhs etdiyim hekayədəki quş qədər sadəlövh və yuxa ürəkli. O quş qədər müdrik də ola bilsələr, kaş ki… Sadəlövhlükləri üzündən on illərdir aldana-aldana gəlib, böyük bir torun içinə düşüblər. Torun içində nələr baş verdiyini də özünüz görürsünüz. Dövlət adamı libasına girmiş qansızlar insanlara olmazın işgəncə verir, zülm edir, qabığını soyur. Din xadimi libasına girənlər qəlbini möhürləyib bu zülmə gözünü, qulağını, ağzını qapayıb susur. Müxalifət libasına girən cibgirlərin də öz missiyası var. Onların işi ağalarından vaxtaşırı aldıqları “payok” müqabilində həqiqi müxaliflərin əl-ayağına dolaşmaq, onlara mane olmaqdır. Əslində, bu “zümrə” o birilərdən daha təhlükəli və daha ziyanlıdır. Çünki bu adamların vəzifəsi təkcə həqiqəti bağıran müxaliflərə əngəl yaratmaq yox, həm də o biri yalan libası geymiş saxtakarlara haqq qazandırmaq üçün əllərindən gələni etməkdir. Əllərindən gələni də bacardıqları şəkildə, həm də ən pis şəkildə edirlər, bilirsiniz ki.

Gəl də, indi bu dəhşətlərin içində insan kimi yaşa görüm, necə yaşayırsan. Arada bir Hz.Süleyman ədaləti lazımdır ki, məmləkətin qol-qanadını şil-küt edən bu adamların layiqli cəzasını kəssin. O da olmadığına görə, gərək elliklə yığışıb bu saxtakarların əynindəki “hırka”larını dartıb çıxaraq. Yoxsa, bunlardan başımız çox çəkəcək, lap çox…