Düşünürəm ki, biz danışmağı bacarırıq, əməl etməyi yox. O günə kimi danışacaqsınız ki, bir də görəcəksiniz evdə ailənizlə nahar etdiyiniz yerdə əli “lapatkalı” biri girdi içəri ki, bəs evi sökürəm. Onda oyanacaqsız, inanın ki, gec olacaq.
Hər bir insan kimi gündəlik işlərimi görmək üçün ictimai nəqliyyatdan istifadə edirəm. Hər kəs olmasa da, təxminən 90 faiz insan yaşaya bilmədiyini dilə gətirir.
Bu millətin düşünən beyni, ziyalısı müəllimdir. Müəllim əgər 100 manat maaş alıb (onu da kreditə verir) öz etirazını bildirmirsə, onun dərs dediyi şagird ondan artıq olmayacaq. Yəni, müəllim bir növ qisas alır ki, mən sürünürəmsə, sən də sürünməlisən!
Biz danışmağı sevirik, əməl etməyi isə yox! Bu səbəbdən də torpaqlarımızın 20 faizi işğal altındadır. Yəqin hər kəsin bildiklərini danışıram, ancaq əmin olun ki, hər kəs mənim bu bildiklərimi danışmır.
Çox gülməli bir nüansa toxunmaq istəyirəm. Bəzən deyilir ki, Azərbaycanda müxalifət yoxdur. Inanın ki, bunların hər biriÿ qorxudan irəli gəlir. Hörmətli yoldaşlar, bizdə necə müxalifət yoxdur ki, onlar sizin rifahınız üçün canlarını belə, qurban verməyə hazırdırlar. Müxalifət sizin üçün meydan alır ki, gəlib öz etirazınızı bildirəsiniz. Siz nə edirsiniz? Oturursunuz evdə, qışqırırsınız ki, mən narazıyam. Bəlkə müxalifət sizi zorla çıxarmalıdır meydana? Əlbəttə, yox. Bu sizin, bizim, hamımızın savaşıdır.
8 aprel – daha bir aksiya. Yenə də meydan bizimdir, bəli, bizim, sizin, bütün Azərbaycan xalqının. Yenə də müxalifət fəalları sizin haqqınız üçün meydanlara çıxacaq. Öz haqqını özün tələb et, Azərbaycan xalqı!
Narazı olan hər kəs danışsa, hər kəsin problemi həll olunar. Buna inanmırsınızsa, gəlin 8 apreldə gücümüzü göstərək. Kənardan durub danışmaqdansa, meydanda danışaq, həm də hamılıqla. Inanın ki, güc birlikdədir, indi gəlin, bunu sübut edək. Susduqca sıra sizə gələcək.
Biz güclüyük, çünki haqsızlığa qarşı mübarizə aparırıq.
Əli Əkbərin “Amneziya” əsərindən bir hissə yadıma düşdü. “Inqilabın sabahı gündür, hər yerdə ”rüşvətə yox deyək”, “demokratiya” şüarları asılıb. Polis məmurları əvvəlki kimi bizi təhqir etmir, söymür, bizimlə gülərüz, səmimi, mehriban danışır”. Mən belə cəmiyyət arzusundayam, bəs siz? Əgər siz də haqqınızı istəyirsinizsə, 8 apreldə öz sözünüzü deyin. Hər kəs bizimlə bərabər 20-ci sahədəki sürücülük məktəbinin həyətində haqqını tələb etsin!
Ədalət qələbə çalacaq! Buna heç şübhəniz olmasın.
Fikrimi milli öndər M.Rəsulzadənin tez-tez xatırlatdığı qızıl kəlamlarla bitirirəm:
Sən bizimsən, bizimsən,
Durduqca bədəndə can.
Yaşa, yaşa, çox yaşa,
Ey şanlı Azərbaycan!!!
Elçin Əhmədli