8 Aprel mitinqinə PA-dan münasibət

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İctimai Palatanın 8 aprel aksiyasına münasibət bildirib. “Trend”ə açıqlamasında Əli Həsənov deyib:

“Azərbaycan hakimiyyəti müxalifətin keçirdiyi razılaşdırılmış mitinqi müsbət dəyərləndirir. O anlamda ki, Azərbaycan müxalifəti, nəhayət, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirmək iradəsini ortaya qoydu. Azərbaycan hakimiyyəti düşünür ki, müxalifət məhz gələcəkdə də mitinqləri, özünün aksiyalarını qanuna müvafiq şəkildə, razılaşdırılmış yerlərdə keçirəcək.

O ki qaldı ümumi siyasi qiymətə, əlbəttə, bu, Azərbaycanda söz, məlumat azadlığının, sərbəst şəkildə başqaları ilə toplaşmaq, narazılıq ifadə etmək azadlığının təminatıdır. İndiyə qədər bəziləri həm daxildə, həm də xaricdə Azərbaycanda sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması ilə bağlı bəyanatlar yayırdılar. Bu həm də onun göstəricisidir ki, Azərbaycanda mitinqlər qanunlar çərçivəsində və qanuna müvafiq şəkildə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılaraq keçirildikdə sərbəst toplaşmaq azadlığına heç bir məhdudiyyət qoyulmur. Azərbaycan demokratik dövlətdir, bu dövlətdə insanlar sərbəst şəkildə toplaşa bilirlər”.

İctimai Palatanın mitinqi Bakının Səbail rayonunda, 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilib. Aksiyada demokratik islahatların aparılması, siyasi məhbusların azad edilməsi, sərbəst toplaşmaq azadlığının təmin olunması və başqa tələblər irəli sürülüb.