Bakıdakı mitinqə dünyadan böyük diqqət

Diplomatlar və dünya mediasının nəhəngləri Ictimai Palatanın mitinqini izlədi

Ötən gün Bakıda Ictimai Palatanın təşkilatçılığıyla keçirilən mitinqə beynəlxalq diqqət böyük olub. Siyasi məhbusların azad olunması, siyasi islahatların keçirilməsi və bir sıra başqa sosial tələblərin səsləndirildiyi, on mindən artıq adamın iştirak etdiyi mitinqi ATƏT, Avropa Birliyi, Avropa Şurasının Bakıdakı nümayəndəliklərinin, ABŞ, Ingiltərə və Fransanın ölkəmizdəki səfirliklərinin əməkdaşları müşahidə edib. Diplomatlar aksiyanın təşkilini, səsləndirilən tələbləri diqqətlə izləyib.
Dünya mediası da Ictimai Palatanın mitinqinə böyük maraq göstərib. Aksiyanı “BBC”, “Amerikanın səsi”, “Azadlıq” radiosu, “Reuters”, “Associated Press” kimi nüfuzlu media orqanlarının, Almaniya və Avstriya mediasının təmsilçiləri də izləyib. Xarici jurnalistlər aksiya başlamamışdan əvvəl mitinqin keçirildiyi ərazidə olub. Onlar hakimiyyətin aksiyanın təşkilinə yaratdığı maneələri, mitinqə gəlmək istəyənlərin üzləşdikləri çətinlikləri, müxalifət tərəfdarlarının səsləndirdiyi tələbləri lentə alıblar.

“Radio Free Europe” (Azad Avropa) radiosu aksiyadan reportajı “Minlərlə insan müxlaifətin aksiyasına qatıldı” başlığı ilə təqdim edib. Xəbərdə qeyd olunur ki, AXCP sədri Əli Kərimli aksiyada çıxışı zamanı ölkədə geniş azadlıqlarla bağlı çağırışlar edib. “Radio Free Europe”ın xəbərini “BBC” də yayımlayıb.
Bundan başqa, aksiya yekunlaşandan bir neçə dəqiqə sonra Avstriyanın “Ausrtria Largest News Magazine” qəzetinin əməkdaşı Kristofer Lehermayer AXCP sədri Əli Kərimlidən müsahibə alıb. Müxalifət lideri avstriyalı jurnalistə Ictimai Palatanın fəaliyyəti, 8 aprel mitinqinin tələbləri barədə geniş açıqlama verib. Əli Kərimli müxalifətin bundan sonra planlaşdırdığı növbəti etiraz aksiyaları haqda da məlumat verib.

Informasiya şöbəsi