“Kür” Qərargahının koordinatoru 12 sutkalıq həbs edildi
Sabirabad Rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin işinə baxılıb. Məhkəmə O.Gülalıyevin barəsində inzibati qaydada 12 sutka həbs qərarı çıxarıb. Bu barədə “Turan”a Sabirabad Rayon Məhkəməsindən bildirilib. Məhkəmə Sabirabad rayon polis şöbəsinin inzibati xətalara dair protokolu əsasında keçirilib. Dünən Sabirabad rayon polis şöbəsinin müstəntiqi Seyran Mehbalıyev dindirmə keçirib və inzibati xətalara dair protokol tərtib edib. İş yerli məhkəməyə verilib.
Protokol İjra Hakimiyyətinin Qarağaç kəndindəki nümayəndəsinin şikayəti əsasında hazırlanıb. Belə ki, o, O.Gülalıyevin onu təhqir etdiyini bildirib. Lakin şahidlər bunun əksini, yerli İcra Hakimiyyətinin nümayəndəsinin və Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin O.Gülalıyevi təhqir etdiyini bildirirlər.
Sabirabad rayonunda növbətçi polis “Turan”a bildirib ki, O.Gülalıyev “ictimai yerdə ünvansız söyüş söydüyünə görə” saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə məsuliyyətə jəlb olunub.
O.Gülalıyev aprelin 8-də Minbaşı kəndində yerli sakinlərlə görüş zamanı saxlanılıb. Belə ki, bu həftə sakinlər 2010-cu il daşqınlarının nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin ədalətli bölünməsi tələbi ilə mitinq keçiriblər. O.Gülalıyev vətəndaşların şikayətlərini qəbul edib və adamların tələblərini dəqiqləşdirib. Bu zaman yerli polis tərəfindən saxlanılaraq “Qaragüney” bölməsinə, sonra Sabirabad rayon polis şöbəsinə aparılıb.
O.Gülalıyev “Turan”a məlumat verib ki, onu guya adamları hakimiyyətə qarşı etirazlara və çıxışlara təhrik etməkdə ittiham edirlər. O, bu ittihamları rədd edərək bildirib ki, görüş polis zabitinin və şahidlərin iştirakı ilə keçirilib.
O. Gülalıyev 2010-cu ilin yayından daşqınların nəticələrinin aradan qaldırılması məsələləri ilə fəal məşğul olan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. Qərargah tərəfindən çoxsaylı dələduzluq, korrupsiya, icra orqanlarının vətəndaşları aldatması faktları aşkar edilib.
O.Gülalıyevin vasitəçilik fəaliyyəti sayəsində minlərlə adam dövlət tərəfindən ala bilmədiyi kompensasiyanı, evi və digər yardımı alıb. Son qərar Aran zonasında 8 rayonu əhatə etmiş daşqının nətijələrinin aradan qaldırılması üçün əlavə olaraq 50 mln. manatın ayrılması barədə Azərbaycan prezidentinin fərmanıdır.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Oqtay Gülalıyevin həbsini siyasi motivli sayır və hakimiyyətin bu addımını pisləyir. Belə ki, hakimiyyət bu hərəkəti ilə daşqından zərər çəkən vətəndaşlara yardımın paylanmasında vətəndaş cəmiyyətinin iştirakının və bununla da prosesin şəffaflığının qarşısını almağa çalışır. Qərargah O.Gülalıyevin azad edilməsinə və qərargahın Azərbaycan qanunverijiliyinə uyğun olaraq fəaliyyəti üçün şəraitin yaradılmasın çağırır.