Azərbaycan hakimiyyəti Qərbi Brejnev üsulu ilə aldatmaq istəyir
Azərbaycan hökumətinin Qəbələ RLS-in icarə haqqını belə fantastik həddə artırması Rusiyanın da Ilham Əliyevə analoqu olmayan qəzəbini artırıb. Bu tərəfdən də Iranla münasibətlərimiz gərginləşib, az qalırlar, bizi tapdasınlar. Israil bazası da Tehranı özündən çıxarıb. ABŞ da buna inandı…
Azərbaycan hökuməti bu qədər çılpaq işi ancaq mitinqə gedənlərin yolunu kəsəndə görür. Hətta adamların cibinə narkotik atmalarında da bir məntiq tapmaq olurdu…
ABŞ “Israili 2013-cü ilə kimi yola gətirdik” bəyanatını verməklə onu dəstəkləyənlərə, daha doğrusu, onun aləti olmağa razılıq verənlərə də eşitdirdi ki, “bu arada sizinlə məşğul olacağıq”.
Gəncədə baş verən hadisəni bu konyunktura çərçivəsində şərh etmək, əslində, orada həyatını itirmiş şəhid zabitin ruhuna sayğısızlıq olardı. Ona görə ki, Azərbaycanda bu cür təşkilatların olması uzun müddətdir, bəllidir. Hələ 2008-ci ildə Ramiz Mehdiyev gözə kül üfürürdü ki, Azərbaycanda vəhhabilər yoxdur, sələfilər var. Budur, sizə aydın olsun ki, vəhhabi də elə sələfidir. Ona görə də bu söhbətlərin heç bir mənası yoxdur. Kiminsə dilindən, “Rusiya Azərbaycanda terror edir” bəyanatı verdirməklə rəy yaratmaq daha gec və mənasızdır. Inanın ki, mənasızdır…
Bəli, artıq dünya bilir ki, Rusiyanın baş naziri, keçmiş və gələcək prezidenti Vladimir Putin terror təşkilatları ilə əlaqəli işləyib. Amma hamı onu da bilir ki, Putin bu terrorun əlindən Çavesin yanına da qaçıb. Sözümün canı odur ki, terror dünyanın hər yerində oyundur. Rusiya isə Azərbaycanda terrorla heç nəyi saxlamaq istəməz, çünki bu, onun marağında deyil.
Ilham Əliyev düşünür ki, bu bəyanatla, ola bilsin, Qərbin dəstəyini qazana bilər, amma yanılır. Çünki Qərb artıq qərara alıb ki, terrorun da, qiyamın da qənimi demokratiyadır. Odur ki, bu cür oyunlarla vaxt udmaq sadəcə, özünü aldatmaq cəhdidir. Nə Azərbaycan hakimiyyətinin elə bir qədirbilənliyi yoxdur ki, RLS-in qiymətini artırmaqda pul güdsün, nə də Rusiyanın pul qıtlığı yoxdur ki, onun üçün əhəmiyyətli olan obyekti nəzarətdə saxlamağa sərvət əsirgəsin. Amma nə Ilham Əliyevdə bu məsələdə səmimi olmaq üçün cəsarət var, nə də Rusiyada bu cəsarətə qarşı səbr. Ona görə ki, onların qayəsi birdir. Bütün bu tamaşa Qərbin diqqətini çəkməyə hesablanıb. Amma bir məsələ də var ki, Qərb bu regiona gəlir, onun üçün Qəbələ ilə Ağdaşın heç bir fərqi yoxdur. Belə oyunlarda iştirak edən politoloqlarımız isə ehtiyatlı olsunlar, çünki bu cür oyunların ömrü uzun olmur və yalanın üstü daha tez açılır.
Seymur Həzi