“The Guardian” yazır ki, Fransanın tematik parklarından biri 15-ci əsrdə yadelli ingilislərə qarşı döyüşən yeniyetmə qıza aid olduğu düşünülən gümüş üzüyü Britaniyaya qaytarmaqdan imtina edib.
“Orlean qızı” – milli qəhrəman Janna Darka aid edilən bu tarixi yadigar ötən il pulu ödənilərək Britaniyadan alınmışdı.
Məqalədə deyilir ki, “üzüyün yeni sahibləri əlahəzrət kraliçaya şikayət məktubu yazıblar”.
Fransadakı tarix-mədəniyyət parkı Le Puy du Fou, 15-ci əsrə aid qızıl suyuna çəkilmiş gümüş üzüyü bu ilin fevralında Londonda təşkil edilmiş hərracda 300 min funt sterlinqə almışdı.
Lakin üzük Fransaya gətirildikdən sonra Britaniyanın mədəniyyət rəsmiləri onun ölkədən çıxarılması üçün lisenziyanının olmadığını əsas gətirərək üzüyün qaytarılmasını tələb edirdilər.
Əlahəzrətin bir sözü
Puy du Fou milli parkının prezidenti Nicolas de Villiers deyib ki, üzüyün qaytarılması tələblərinin heç bir qanuni əsası yoxdur.
“Bizim bu tələbə gülməyimiz gəlir, – deyib Villiers “The Guardian” qəzetinə, – Amma biz kraliçaya məktub yazdıq ki, bu işə bir aydınlıq gətirsin. Görünür, Buckinghem sarayı lazımi adamlara göstəriş verib. Çünki sonradan eşitdik ki, daha üzüyü istəmirlər”.
De Villiers daha sonra deyib: “Bu bir rəmz, bir yadigardır ki, İngiltərədə 600 il əsir saxlanıb. Bu əslində pulla elə bir dəyəri olmayan balaca bir üzükdür. Lakin onun fransızlar üçün fövqəladə simvolik əhəmiyyəti var və biz onu nəhayət ki, geri almışıq”.
Siyasətçi deyib ki, bu üzük “ölkəni qələbələrə aparan fövqəladə gənc qadının yadigarı kimi qiymətsizdir”.
“Biz inanırıq ki, bu ümid və qələbə rəmzi fransızlara itirdikləri iftixar və özünəinam hissini qaytaracaq” – deyib De Villiers.
Bu üzüyün çox nişanı var
Orta əsrlərə aid üzüyün üstündə üç xaç işarəsi və İsa və Məryəm sözlərini bildirən IHS və MAR hərfləri var.
Tarixi rəvayətə görə üzük Janna Dark 1431-ci ildə Fransanın şimalındakı Ruen şəhərində küfrə görə tonqalda yandırılmazdan əvvəl həbsxanadaykən onun barmağından çıxarılıb.
“The Guardian” yazır ki, 1431-ci il martın 17-də kilsə məhkəməsində dindirilən Janna Dark “ingilisləri Fransa torpağından süpürüb atmaq əmrinin” ona Allahdan gəldiyini iddia etməklə işğalçıları qəzəbləndirmişdi.
Üzük barədə suala cavab verərkən 14 yaşlı sərkərdə qız bunun ona valideynlərindən yadigar qaldığını və hər dəfə ingilislərlə döyüşə girməzdən əvvəl bu üzüyə baxdığını demişdi.
O demişdi ki, ingilis işğalçılarla valideynlərinin ruhunu şad etmək üçün vuruşub.
Əldən-ələ keçən yadigar
Hərracın təşkilatçıları bildirmişdilər ki, müəyyən tarixi kəsimdə bu üzük kiminsə sifarişi ilə enləndirilib.
Auksionun broşüründəki məlumatda bu da qeyd olunurdu ki, üzük 1447-ci ildə vəfat etmiş kardinal Henry Beaufort-da olub.
Bəzi məlumatlara görə Janna Dark üzüyü edamından az əvvəl özü kardinala verib.
Beaufort-dan sonra üzüyün sahibi Portland hersoqunun ailəsi olub və sonra rəssam Augustus John-a keçib.
Üzük 1947-ci ildə Sotheby’s auksionunda “bir Esseks centlmeninə” satılıb.
“The Guardian” yazır ki, 600 il ərzində əldən-ələ keçən bu üzüyün nəhayət Fransaya qayıtması fransızlara xüsusi qürur hissi gətirib.
Puy du Fou tematik parkı bu üzük üçün parkda xüsusi vəng tikilməsini planlaşdırır. İanələr hesabına tikiləcək vəngə giriş pulsuz olacaq.
“Bu üzük bizim üçün heç vaxt biznes olmayacaq. Bu, bizim donorlara vədimizə xilaf çıxmaq olardı. Bu yadigardır. Yadigardan isə pul çıxarmaq olmaz” – deyib De Villiers. (BBC azeri)