Mesaj dəyişmir – “azad olmaq öz əlimizdə”!

saadet-cahangir-koseSəadət Cahangir

Gözəl bir müəllimim vardı. Bilgi və fəlsəfə qaynağıydı. “Ağıl dəryası” ifadəsi belə adamlar haqqında deyilir, yəqin.  Ondan öyrəndiyim heç bir şeyi unutmamışam. Bəlkə, həm də ona görə ki, hər dərsinin içində çox maraqlı “haşiyələr”- misallar vardı. “Burda bir haşiyə çıxım…” deyimi hələ də qulaqlarımdadır. Düşünürəm, oxuduqlarımdan sətirbaşı misal çəkmək mənə elə ondan keçib. Qısası, müəllimim filosof kimi biriydi, bilgisi tükənməzdi. Amma bəzən eyni “haşiyə”ni dəfələrlə təkrarlayardı və buna çox təəccüblənərdim. Bir gün marağım güc gəldi və dərsdən kənar tədbirlərin birində bunun səbəbini soruşdum.”Yeniləri var ikən, nədən köhnələri təkrar-təkrar anladırsınız, təkrarçılıq çevrədəkiləri bezdirməzmi?” dedim. “Sən bezirsənmi?” soruşdu. Çaşdım, ancaq aramızda o qədər doğmalıq vardı ki, gülərək “mən yox” dedim. Sonra da “bir yandan haqlısan, amma hər kəsin qavrayış dərəcəsi eyni deyil, bəzi fikirləri beyinlərə həkk etmək üçün əzbərlətmək önəmli, eynilə vurma cədvəli kimi…” cavabını verdi. Müəllimimin nə qədər haqlı olduğu illərdir təsdiqlənə-təsdiqlənə gedir. Bəzən dostlar “bu yerli kanallar eyni bayağı və düşük proqramları yayınlamaqdan yorulmur” deyəndə, müəllimimi xatırlayıram. Bütün bunlar boşuna deyil axı, onun planını xüsusi texnokratlar düşünüb. Məqsəd gündəlik səviyyəsiz əyləncələrlə insanların beynini yumaq, onların diqqətini əsas məsələlərdən yayındırmaqdır. Bu, yüz illərin sınanmış təcrübəsidir, belə gəlib, belə də gedəcək. Ölkəsini sevən vicdanlı qələm adamlarının təsir gücü burda özünü göstərməlidir. Bizim işimiz doğru-dürüst yazılarla insanları inandırıb, bu “beyin yuma” planını darmadağın etməkdir. Nə qədər çətin olsa da…

On illərdir o kanalların primitiv təbliğatı öz işini görüb. Insanlar indi ayılıb görür ki, gəmi batır. Beş-on günə dolların kursu 2 manata çatacaq. Yaşam şərtləri can alır. Axı biz illərdir insanlarımızı o nadan kanalların qarşısından yığmaq üçün əlimizdən gələni edirik. Axı biz uzun zamandır dönə-dönə xəbərdarlıq edirik, səslənirik, bağırırıq. Axı biz illər öncə ölkəsində dəyişiklik edən tunisli etirazçıların “əgər bir gün insanlar yaşamağı arzu edərsə, tale hökmən onlara cavab verər” şüarını dəfələrlə insanlarımıza çatdırmışıq. Axı azad olmaq hər bir toplumun öz əlində və biz bunu on illərdir yorulub-usanmadan qışqırıb dururuq. Ancaq indi gəminin batmasını hiss etməmək əldə deyil. Təhlükənin nə qədər real olduğunu hər kəs anlayır,  elə bilirəm. Anlamayanın günahı çoxdan bizdən gedib. Amma biz yenə əvvəlki fikrimizin üstündə dayanıb dururuq. Bəli, biz yenə Cozef Qoldşteynin dəfələrlə nümunə çəkdiyim “Azad olmaq öz əlimizdə” hekayəsindəki mesajın üstündə dururuq…

Mesajı xatırlayanlar da, xatırlamayanlar da var, təbii. Qoldşteyn deyir ki, tələdəki yeməyi götürmək üçün əlini yarıqdan içəri salan meymunu dustaq edən heç bir şey yoxdur. Onu sadəcə öz asılılığının gücü dustaq etmişdir. Tələb olunan tək şey əlini açıb yeməyi buraxmaqdır. Amma zehnində açgözlüyü o qədər güclüdür ki, bu tələdən qurtaran meymuna çox nadir halda rast gəlinir. Bizi tələyə düşürən və orada qalmağımıza səbəb olan şey də istəklərimiz və zehnimizdə onlara asılı olmağımızdır. Tam tələb olunan şey əlimizi açıb mənliyimizi və asılı olduğumuz şeyləri sərbəst buraxmaq, dolayısıyla azad olmaqdır. Nobel mükafatlı alim düz demir məgər?