Nizami Cəfərov: «Hər şeyi lağ-lağı etmək olmaz, meymun oynatmırıq ki»
Zeynal Məmmədli: «Hökumət camaatın illərdir dediyini indi dilə gətirir»
Telekanallarda milli-mənəvi dəyərlərə zidd verilişlərin yayımlanması ətrafında polemika qızışır. Az qala, hər gün bu tip verilişlərin dayandırılmasına yönəlik fikirlər və tələblər səslənir. Son olaraq Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov telekanalları ittiham edərək onları yalnız qalmaqalların maraqlandırdığını bildirmiş və efiri gic-gic verilişlərlə doldurmaqda ittiham etmişdi. Telekanallarla bağlı növbəti irad dünən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovdan gəlib. N.Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, hər televiziya və radio öz verilişləri üçün məsuliyyət daşımalıdır: “Onlar tədricən müəyyən şeylərin aradan qalxmasında maraqlı olmalıdırlar. Düzdür, ”Onun yarısı”, “Toy olsun” tipli verilişlər var ki, tənqidlər də elə bunlara yönəlib. Ümumiyyətlə dünyada bir sıra müqəddəs işlər var ki, onlardan biri də evlənməkdir. Amma onu bu şəkildə bayağı, lağ-lağı edib, gülünc vəziyyətə gətirib çıxaranda, istər-istərməz insanlar həmin televiziyanın simasına baxıb gülür”.
“Mən nə istəyirəm edəcəm, təki sən güləsən”
Komitə sədri vurğulayıb ki, sonda telekanallar o həddə gətirib çıxaracaqlar ki, Türkiyədə olduğu kimi, onların verilişlərinə məhdudiyyətlər qoyulacaq: “Mən demirəm o tipli verilişlər olmasın. Dünyanın hər yerində istirahət üçün, beyinin dincəlməsi üçün yüngül verilişlər olur. Amma bu yüngül verilişlər də insan həyatının yüngül məqamlarına təsir etməlidir. Yoxsa daha hər şeyi lağ-lağı etmək olmaz axı! ”Mən nə istəyirəm edəcəm, təki sən güləsən” və ya “diqqətin məndə olsun” fikirləri yanlışdır. Meymun oynatmırıq ki?! Bundan artıq da təzyiq göstərmək olmaz, gərək dərk etsinlər, başa düşsünlər”.
N.Cəfərov onu da bildirib ki, televiziya və radiolara daha sərt münasibət göstərmək olar: “Gərək, hərdənbir hörmətli Nuşirəvan müəllim qılıncını sıyıra, yoxsa problemlər daha çox ola bilər”.
“Problemin söz və mətbuat azadlığı ilə birbaşa bağlı olduğunu demirlər”
Tanınmış telemütəxəssis Zeynal Məmmədli hesab edir ki, televiziyalarla bağlı narazılıq göz qabağındadır və reallıq odur ki, Azərbaycan tamaşaçıları xarici televiziyalara üstünlük verirlər: “Çox təəssüf ki, hökumət nümayəndələri, millət vəkilləri insanların illərlə dediklərini indi dilə gətirirlər. Amma yenə də bir məqamı demirlər. Məsələn, Əli Həsənov da bu məsələlərə toxunanda deyir ki, Azərbaycanda media azadlığı sahəsində elə bir problem yoxdur. Hökumət nümayəndələri də, millət vəkilləri də danışanda problemin söz və mətbuat azadlığı ilə birbaşa bağlı olduğunu demirlər. Cəmiyyətin həyatında müxtəlif fikirlilik yoxdur, parlamentin özündə müxtəlif fikirlilik yoxdur. Bütün bunlar onu göstərir ki, bu cür tənqidlər ictimai rəyi sakitləşdirmək, həmçinin diqqəti ölkədə baş verən çox ciddi olaylardan – məsələn, Xədicə Ismayıl, Quba olaylarından, bu olaylarla bağlı bir neçə jurnalistin həbsindən yayındırmaq üçündür”.
Gültəkin