Kitabları yandırın

 

fariz-namazliFariz Namazlı

Bir kitab oxudum və həyatım dəyişdi. Orxan Pamuk bir romanını bu cümləylə başlayır. Doğrudan da kitablar insan həyatının dəyişməsi istiqamətində əhəmiyyətli rol oynayır. Kimisi kitab oxumaqla həyatını müsbət istiqamətdə dəyişdirir, kimlərsə də pis istiqamətə. Bu əsasən kitabın məzmunundan, onun yönəldiyi istiqamətdən asılıdır.

Kitabların insanların həyatında tutduğu yerdən, insanların hansı istiqamətə dəyişməsindən asılı olmayaraq insanlar kitaba qarşı qəzəbli olmurlar. Bəzən kitabı oxuduqda depressiyaya da düşə bilirlər, amma bu halda ancaq kitabı qəzəblə yerə atıb bir neçə dəqiqə var-gəl edə bilirlər, amma bu yenə də kitabın məzmunundan asılı olmayaraq ona olan sevgini azaltmır.

Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra kitablara qarşı ağlagəlməz hücumlar başladı. İnsanlar küçələrə axışıb kitabları mağazalardan yığıb yandırmağa başladı. Sanki onların fəlakətinin baiskarı kitablarmış. Onlar öz qəzəblərini, hirsini kitabardan çıxmağa başladılar.

Fantastika ədəbiyyatının yazıçılarından olan Rey Bredberinin “451 Farenqeyt” adlı romanı var. Həmin roman utopik janrda yazılmış ən gözəl əsərlərdən biridir. Müəllif bu romanda kitabsız bir cəmiyyət formalaşdırmışdır. O cəmiyyət ki, orada kitab oxuyanlar düşməndir, kitablar təhlükəli obyektdir. Romanı oxuduqca fikirləşirsən ki, doğrudanmı belə bir cəmiyyət mövcud ola bilər? Türkiyədə baş verən hadisələri gördükdə o cəmiyyətin artıq mövcud olduğunu görürsən. Baxmayaraq ki, bu əsər utopik janrda yazılmış əsərdir, sağ olsun türklər, utopiyanı artıq reallığa çevirməyi bacarmış və kitab yandıran, kitablardan qaçan bir cəmiyyət formalaşdırmağı bacarmışlar.

Bəlkə də Bredberi yatsaydı yuxusuna da gəlməzdi ki onun yazdığı əsərdəki cəmiyyət həqiqətən də mövcud olacaq, kitablar yandırılmağa məruz qalacaq. Amma təkcə kitablar yandırılmağa məruz qalmadı, həm də kitabları oxuyanlar da həbsə atılmağa başladı.

Azərbaycan höküməti Türkiyədə baş verən bu hadisələrdən sonra Türkiyə hökümətinə dəstəyini və sədaqətini nümayiş etdirmək üçün müxalif düşərgədə həbslərə başladı. Bu həbslər əvvəlki həbslərdən fərqli olaraq qanunsuz olaraq narkotik vasitə və ya silah gəzdirmə, saxlama ittihamları ilə yadda qalmadı. Deyəsən artıq bu cür ittihamlar populyarlığını itirməyə başlayıb və hökümət yeni ideyalar tapıb.

Azadlıq qəzetinin yayım işlər üzrə direktoru Faiq Əmirli məhz  kitablara görə həbs olunub. Onun idarə etdiyi nəqliyyat vasitəsinə ilahi qüvvə nəticəsində yerləşdirilib aşkar edilən hansısa kitablara görə.

Artıq ölkədə kitablara qarşı hücumlar artıb. Indi yolda əlində kitab varsa, polis səni saxlayıb kitabın üzünə baxacaq, təhlükəli bir şey görərsə bölməyə getməyə hazırlaşmalısan. İstintaq Təcridxanalarında da saxlanılan şəxslərə aparılan kitablara xüsusi diqqət yetirilir, kitabın adı təhlükəli gələrsə onu içəri buraxmayacaqlar. Kitablar onlar üçün təhlükəli mənbəyə çevrilib. Hər yerdə bir kitab xofu yaranıb. Kitablar niyə nifrət obyekti oldu, niyə onlardan qorxmağa başladılar? Bredberi bunun izahını belə verir: Onlar bizə həyat çöhrəsindəki çapıqları göstərir.

Artıq kitabları yandırmaq lazımdır, yoxsa növbəti hədəf sən ola bilərsən. Həyatın üzündəki çapıqları görmək istəmirsənsə, onları yandır. Bir müəllif deyirdi ki, kitablar az olduqca, axmaqlar da çox olacaq.

Hakimiyyətə də məhz beləsi lazımdır.