Gəncədəki silahlı toqquşma ilə bağlı təfərrüatlar

MTN-in keçirdiyi əməliyyat barədə sakinlər nə deyir?

MTN-in Gəncədə vəhhabilərə qarşı keçirdiyi əməliyyatla bağlı yeni məlumatlar almışıq. Məlumatlarda bildirilir ki, nazirlik Sumqayıt, Zaqatala və digər bölgələrdə keçirdiyi əməliyyat zamanı Gəncədə silahlı vəhhabilərin olduğu məlumat alıb. Dərhal dəstəni zərərsizləşdirmək qərarı qəbul edilib və aprelin 5-i gecə saatlarında əməliyyata start verilib. Əməliyyat ciddi hazırlıq görülməməsi, eyni zamanda vəhhabilərin silahlı müqavimət göstərə biləcəyinin nəzərə alınmaması isə MTN-in bir yüksək rütbəli əməkdaşının həlak olması, 3 əməkdaşının isə yaralanması ilə nəticələnib. Məlumatlarda o da bildirilir ki, MTN-in polkovnik leytenantı vəhhabilərin atdığı qumbaranın partlaması nəticəsində həlak olub. Üç nəfərin də məhz bu zaman yaralandığı bildirilir. Həmçinin partlayışdan sonra bina boşaldılıb.
MTN-in əməliyyat keçirdiyi binanın sakinləri bildirir ki, onlar əvvəlcə nəyin baş verdiyini bilməyiblər. “Bizə heç bir xəbərdarlıq edilməmişdi. Partlayış və atəş səsləri eşidəndə vahimə içində idik. Qorxudan çarpayının altında gizlənmişdik”, – adının çəkilməsini istəməyən sakinlərdən biri belə deyib. Sakinlər terrorçular barədə də danışıb: “Onlar təzə köçmüşdülər. Vəhhabiyə oxşamırdılar. Yəni, nə vəhhabilər kimi qısabalaq geyinirdilər, nə də saqqalları var idi. Özlərini çox sakit aparırdılar. Hamıya hörmətlə yanaşırdılar. Açığı biz baş verənləri görəndə və onların terrorçu olduğunu biləndə şoka düşdük”.
Sakinlər adlarının çəkilməsini istəməmələrini onlara bu barədə danışmamaq tapşırığı verilməsi ilə izah ediblər.
“Azadlıq”ın əməkdaşı hadisənin baş verdiyi bloka da baxış keçirib. Blok qan ləkələrindən təmizlənib. Həmçinin əməkdaşımızın müşahidələrinə görə, terrorçuların yaşadığı mənzilin qapısı atəşdən dəlmə-deşik olub. Bu isə atışmanın necə baş verməsi barədə müəyyən mülahizələrə yol açır. Mümkündür ki, əməliyyatçılar dəstədən qapını açmağı tələb edərkən onlar buna məhəl qoymayıb. Bu baxımdan da qapı gülləyə tutulub. Yəni, ilk atəşi əməliyyatçılar açıb. Atəşə ara verilən anda isə terrorçular qəfil qapını açaraq qumbara atıb və nəticə ağır olub.    
Xatırladaq ki, MTN-in əməliyyatı Gəncə şəhəri Təbriz küçəsi, 93 saylı binada keçirilib. Terrorçular binanın 3-cü mərtəbəsində məskunlaşıb. Olay nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Ölənlərdən biri MTN-in polkovnik leytenant rütbəli əməliyyatçısı Elşad Quliyev, digər ölü isə silahlı dəstənin üzvüdür. Dəstənin qalan 2 üzvü isə həbs edilib.

Ərşad