Ukraynanın iki baş naziri siyasi qətllərdə şübhəli bilinir

Prokurorluq Timoşenko və Lazarenkonun iş adamlarının öldürülməsində iştirakını araşdırır

Ukraynanın Baş prokurorluğu ölkənin keçmiş baş nazirləri Pavel Lazarenko və Yuliya Timoşenkonun üç qətldə əlinin olmasını araşdırırlar. Baş prokurorun birinci müavini Renat Kuzmin “İnter” telekanalına bildirib ki, deputat və iş adamı Yevgeni Şerbanın qətli ilə yanaşı, Lazarenko və Timoşenkonun iş adamı Mamotun qətlində əlinin olması ehtimalları yoxlanılır. Renat Kuzmin bundan başqa, keçmiş baş nazirlərin Vadim Getmanın qətlində iştirakı da araşdırılır.

“Yuliya Timoşenkonun qətllərdə iştirakı sübut olunsa, ona qarşı ittiham irəli sürüləcək və iş məhkəməyə göndəriləcək. Əgər sübut edə bilməsək, mən açıq şəkildə bəyan edəcəm ki, sübut olunmadı və iş bağlandı”, – deyə baş prokurorun müavini bildirib.

Xatırladaq ki, son aylar Ukrayna hakimiyyəti Yuliya Timoşenkonun qətldə iştirakına eyham vursa da, indiyədək söhbət yalnız Yevgeni Şerbanın ölümündən gedirdi. Şerban həyat yoldaşı ilə birlikdə 1996-cı ildə Donetsk hava limanında güllələnib. Ukrayna Mərkəzi Bankının və Banklararası Valyuta birjasında birja komitəsinin rəhbəri Vadim Getman isə 1998-ci ilin aprelində Kiyevdə qətlə yetirilib.

İnformasiya şöbəsi