“Hədəf rejim dəyişikiliyinə nail olmaqdır”
Ictimai Palata (IP) dünən növbəti sesssiyasını keçirdi. Sessiyanın aparıcısı IP Koordinasiya Şurasının üzvü Rafiq Manaflı idi. Sessiyanın gündəliyində ölkədəki ictimai-siyasi durum və mitinq hazırlığı vardı. Sessiyada əvvəlcə ötən dövrdə Koordinasiya Şurasının işinə rəhbərlik etmiş Pənah Hüseynin çıxışı dinlənildi.
Bundan sonra ölkədəki siyasi durum barədə IP KŞ-nın üzvü, Müsavat başqanı İsa Qəmbərin məruzəsi oldu. Başqan çıxışında bildirdi ki, beynəlxalq və daxili şərtlər Azərbaycan xalqının xeyrinə dəyişib. Onun sözlərinə görə, beynəlxalq aləmdə də azadlıq dalğasının növbəti ünvanlarından biri kimi, məhz Azərbaycanın adı çəkilir: “90-cı illərdə deyilirdi ki, sabitlik demokratiyadan daha önəmlidir. 2000-ci illərin əvvəllərində deyirdilər ki, öz diktatorlarımız demokratiyadan daha önəmlidir. Amma indi diktatorlarla əməkdaşlıq etmək qəbahət hesab olunur. Son zamanlar Ictimai Palataya artan diqqətin səbəbi də budur. Son aylarda Almaniya, Isveç və Finlandiyanın xarici işlər nazirləri bizimlə görüşdü. Bir neçə gün əvvəl Avropa Ittifaqının komissarıyla görüşdük. Son aylar xarici səfərlər və görüşlərlə bağlı çoxsaylı dəvət və təkliflər gəlib ki, bunları dəyərləndirmək o qədər də asan deyil. Bugünlərdə Avropadan gələn bir deputat dedi ki, Bakı inqilablar üçün gözəl şəhərdir.
Ilham Əliyevin Qarabağla bağlı cəmiyyətin də dəstəklədiyi fikirlər səsləndirsə də, qalan məsələlərlə bağlı tamamilə əsassız fikirlər söyləyir. Onun “Azərbaycanda demokratiya var” fikri yalnız gülüş doğurur”.
Dünya Azərbaycan xalqının haqqını tələb etməsini gözləyir
Yürüdülən yanlış siyasət nəticəsində Azərbaycanın və hakimiyyətin dünyada təkləndiyini deyən Isa Qəmbər buna misal kimi, Seulda 50-dən artıq dövlət başçısının toplaşdığı tədbirdə Ilham Əliyevin onların heç birilə görüşə bilməməsini qeyd etdi: “Bu, Ilham Əliyevin yanlış siyasətinin nəticəsidir. Beynəlxalq diplomatik qüvvələrin Ictimai Palataya artan diqqəti bu təklənməni kompensasiya edəcək. Dünya Azərbaycan xalqının ayağa qalxmasını və haqqını tələb etməsini gözləyir. Ən kiçik aksiyalar belə, dünyanın diqqətindədir”.
Müsavat başqanı qeyd etdi ki, ölkə daxilində əhalinin əksəriyyəti dəyişiklik istəyir. Ölkədə tək hüquq və qanunlar ayaqlar altına atılmayıb, insanları fiziki cəhətdən də əzirlər: “Taksi sürücülərini bellə döyürlər, Kür daşqınlarından əziyyət çəkənlərin vəziyyəti bəllidir. Bu və digər məsələləri nəzərə alaraq, 8 aprel mitinqinə qərar verdik. Bizim strategiyamız xalqın problemlərinin həllinə, rejimin dəyişməsinə, əhalinin seçim etməsinə yönəlib”.
Isa Qəmbər razılaşdırılmış mitinqlərlə bağlı səslənən fikirlərə cavab olaraq dedi ki, bu gün ictimai rəy razılaşdırılmış aksiyalara üstünlük verir: “Əsas məsələ qərarların hansı səviyyədə yerinə yetirilməsidir. Bu qərar konsensus əsasında verilib. Dostlarımızı bizə xatırlatmağa ehtiyac yoxdur. Arif Hacılını, Tural Abbaslını, Elnur Məcidlini bir nəfər də unutmayıb. Hakimiyyət onları həbs edib ki, cəmiyyətdə prosesin sürətini azaltsın. Biz birliyimizi nümayiş etdirəcəyik və bu mitinq onların azadlığa çıxmasını sürətləndirəcək. Minlərlə başlayan mitinqlər, on minlərin, yüz minlərin mitinqinə çevriləcək”.
“Bizi heç kim qorxutmağa çalışmasın”
Məruzədən sonrakı çıxışlarda IP üzvü Sabir Məmmədli gələcəkdə mitinqlərin miqyasının daha da genişləndirilməsi üçün siyasi partiyalarla danışıqlar aparılmasını təklif etdi.
P.Hüseyn bildirdi ki, üzrlü səbəb olmadan IP üzvlərinin mitinqə gəlməmək haqqı yoxdu: “Azərbaycanda hakimiyyət idarəçiliyinə xalq mandat verəcəyi halda, bu idarəçiliyi həyata keçirməyə iddialı olan qurumun mitinqini keçiririk. O mitinqin təhlükəsizliyini də biz təmin edəcəyik. Addımlarımızı qanun çərçivəsində atacağıq. Hüquq və azadlıqlarımıza müdaxilə olunmasına imkan verməyəcəyik. Azərbaycan xalqı şüurunda, fikrində bu avtoritarizmdən azad olub. Arzu edirəm ki, vicdan məhbusları növbəti mitinqdə iştirak etsinlər. Bizi heç kim qorxutmağa çalışmasın. Biz bu qorxunu 20 il əvvəl keçmişik”.
Məsuliyyəti təkcə liderlərin üzərinə qoymaq olmaz!
IP üzvü, AXCP sədrinin müavini F.Qəhrəmanlı mitinqə çağırışla bağlı on minlərlə vərəqə paylandığını diqqətə çatdırdı. Məsuliyyəti təkcə liderlərin üzərinə qoymaq mərhələsinin geridə qaldığını deyən Fuad Qəhrəmanlının sözlərinə görə, bugünkü aksiya kollektiv əməyin nəticəsi olacaq: “Biz kütləvi şəkildə güc nümayiş etdirsək, tərəddüd edənlər də sıralarımıza qoşulacaq. Növbəti aksiya üçün daha fəal çalışacaqlar. Demokratik dəyişikliklər xaosla olmayacaq. Prosesləri idarə edəcək güc mərkəzi var. Bu da Ictimai Palatadır”.
Heç kim təxribata uymasın!
Müsavat başqanının müavini Gülaaa Aslanlı AXCP sədrinin müavini Asəf Quliyevlə birlikdə Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini Səhlab Bağırovla görüş barədə məlumat verdi: “Polis meydana daxil olanları metal axtaran qurğu ilə yoxlayacaq. Səhlab Bağırov iddia edirdi ki, guya, onlarda meydana əllərində armatur və bıçaq olan adamların gələcəyi haqda məlumat var. Biz də dedik ki, o adamlar bizimkilər olmayacaqlar. Bizdən meydana şüşə butulkada olan içkilər gətirməməyimizi xahiş etdilər. Plastik qutularda olan məhsullardan istifadə etməyimizi məsləhət gördülər. Polisin şüarlara müdaxilə etməməsi tələbini irəli sürdük, bildirdik ki, polis siyasətə qarışmamalıdır”.
Mitinqin möhtəşəm olacağına əminliyini vurğulayan Gülağa Aslanlı hər hansı problem yaranacağı təqdirdə onunla və ya Asəf Quliyevlə əlaqə saxlamağı məsləhət gördü. Həmçinin əlavə etdi ki, heç kim təxribata uymasın.
IP üzvü Valeh Hümmətoğlunun fikrincə, bu aksiya hakimiyyəti islahatlara getməyə məcbur edəcək mitinq olmalıdır.
Iddialı mərhələyə qədəm qoyuruq
IP KŞ-nın üzvü, AXCP sədri Əli Kərimli çıxışıyla sessiyadakı müzakirələrə yekun vurdu. Bugünkü mitinqi sıradan bir aksiya hesab etməyən Əli Kərimli hesab edir ki, bu, Azərbaycanda yeni bir prosesin başlanğıcıdır: “Biz fəaliyyət proqramımızı qəbul edərkən bu ili ”Xalq hərəkatı ili” elan etmişik. Xalq hərəkatı yalnız kütləvi mübarizə ilə mümkündür. 8 aprel də bu kütləviliyin başlanğıcıdır. Yeni bir mərhələ başlayır, bu, çox iddialı mərhələdir və davamlı olacaq”.
“Biz xalqa güzəştə getmişik”
Mitinq üçün “20-ci sahə”yə getməyi Əli Kərimli güzəşt adlandırdı, amma dərhal əlavə etdi ki, bu, hakimiyyətə yox, xalqa edilən güzəştdir: “Bizim hakimiyyətə münasibətimizdə heç bir dəyişiklik yoxdur. Bizim əsas hədəfimiz hakimiyyətdir. Biz ona münasibətdə mövqeyimizi bir addım da dəyişmək fikrində deyilik. Amma başa düşürük ki, bu işi – köklü dəyişikliyi biz xalqımızla birgə edə bilərik. On minlərlə, yüz minlərlə fəallarımız şəhərin mərkəzində keçirdiyimiz aksiyalarda iştirak edə bilmirsə, bizim borcumuz onlarla razılaşmaqdır. Həmin o narazı əksəriyyət proseslərə qatılmaq üçün razılaşdırılmış aksiyalar istəyirlərsə, biz o şəraiti yaratmalıyıq. Bizim bu mitinqimiz minlərlə narazı insanlarımıza sivil formada narazılığını ifadə etmək imkanı verəcək”.
“Marafona” özümüzü hazırlamalıyıq”
“Biz bu aksiyaları davamlı edəcəyik. Konkret günləri Koordinasiya Şurası müəyyənləşdircək. ”Eurovision”a qədər vicdan məhbusu olan dostlarımız azad olmayacaqsa, o ərəfədə rəngarəng aksiyalarımız olacaq. Biz yüz metrlik qaçışa yox, marafona hazırlaşırıq. Elə etməliyik ki, mitinqlərlə paralel təşkilatlanma işimiz də axsamasın. Bir tərəfdən güc formalaşdırmalı, o biri tərəfdən də həmin gücü mitinqlərə cəlb etməliyik”.
Xalqı siyasətə qaytarmalı…
AXCP sədri dedi ki, IP-ın aydın bir strategiyası var. Bütün hərəkət və fəaliyyət də həmin starategiyaya uyğun aparılır: “Əsas hədəfimiz ölkədə azad, ədalətli seçkilər yolu ilə rejim dəyişikliyinə nail olmaq, legitim hakimiyyyət formalaşdırmaqdır. Amma bu, müəyyən mərhələlərdən keçəcək. O mərhələlərdən biri də bundan ibarətdir ki, biz hökumətin zorakı, məqsədyönlü şəkildə siyasətdən uzaqlaşdırdığı xalqı siyasətə qaytarmalıyıq. Xalq ictimai-siyasi proseslərin iştirakçısına çevrilməlidir. Bizim dəyişiklik üçün dinc və seçki yolundan başqa bir planımız yoxdur. Dinc və seçkili dəyişiklik üçün kifayət qədər güclənmək vacib şərtdir. Başladığımız bu mərhələ tərəfdarlarımızın və məmurların ölkədə keyfiyyətcə dəyişik baş verdiyini, daha saxtakarlığın mümkün olmadığını başa düşməsini labüdləşdirməlidir”.
Aksiyanın əksər şüarları sosial məzmundadır
Əli Kərimli bugünkü mitinqin özəlliyindən də danışdı. Bildirdi ki, bu aksiyanın tələblərindən yalnız ikisi siyasi məzmunludur: vicdan məhbuslarının, əqidəsinə görə həbs olunanların azadlığa buraxılması və yeni parlament seçkilərinin keçirilməsi. Yerdə qalan tələblərin hamısı vətəndaşları gündəlik narahat edən sosial problemlər – mülkiyyətə qarşı törədilən qəsdlər, əmanətlərinin ədalətli ödənilməməsi, korrupsiya ilə bağlıdır. Əli Kərimli onu da əlavə etdi ki, IP əmanətlərin məbləğinin birə-bir qaytarılmasını tələb edir.
“Mübarizə bizi birləşdirir”
Əsas strategiyalarının Azərbaycanın bütün müxalifət qüvvələrini bir yerə toplamaqdan ibarət olduğunu vurğulayan AXCP sədri bu istiqamətdə uğur əldə olunduğunu da söylədi: “Baxın, biz fəaliyyətə keçən kimi Ictimai Palataya daxil olmayanlardan da dəstək almağa başladıq. Onlar da 8 aprel mitinqinə dəstəklərini ifadə ediblər. Əminəm ki, biz bu istiqamətdə davamlı olsaq, Azərbaycanda dəyişikilik istəyən qüvvələrin hamısı Ictimai Palatanın başlatdığı prosesin ətrafında birləşəcək. Bütün müxalifəti birləşdirmək kimi məqsədimiz özü-özünə həll olunur. Biz mübarizəni artırdıqca, reallıqda tək alternativ olduğumuzu sübut etdikcə bütün dəyişiklik etmək istəyənlər ətrafımızda toplaşacaq.
Bu gün Azərbaycan gəncliyilə uzun illərin sınağından keçən ənənəvi, prinsipial, idealist müxalifətin çiyin-çiyinə mübarizə aparması çox önəmlidir. Məmnunam ki, gəncliyin bütün avanqard hissəsi mitinqimizə dəstək verib. Deməli, hakimiyyət Azərbaycan gəncliyini real. prinsipial müxalifətdən ayıra bilmədi. Gənclik prinsipial, idealist, Məmməd Əmin-Elçibəy yolunda olan qüvvələri seçdi. Bu, çox mühüm hadisədir”.
Vətəndaşlarda inam yaratmalıyıq!
Əli Kərimli onu da qeyd etdi ki, vətəndaşlar narazı olsalar da, dəyşikilik istəsələr də, onların dəyişikliyə tam inamı yoxdur. IP-in əsas vəzifələrindən biri məhz vətəndaşa inamı qaytarmaqdır: “Bu gün vətəndaşlarımızın özünə, bizə, Azərbaycana inamı yetərincə deyil. Biz o inamı vətəndaşımıza verməliyik. Ona görə də ilk növbədə özümüz ciddi şəkildə inanmalıyıq ki, daxili və xarici obyektiv, subyektiv şərtlər ölkəmizdə dəyişiklikləri diqtə edir. Bu səbəbdən Ictimai Palatanın fəalları heç bir tərəddüd göstərmədən mitinqləri birinci hədəf seçməlidir, dayanmadan, yorulmadan, cəmiyyətə enerji, inam verərək, şəxsi nümunə göstərərək, xalqın arasında olmalıdır. Bu inamla xalqı ayağa qaldırıb, yeni bir xalq hərəkatı başlamağı bacarmalıyıq”.
***
Qeyd edək ki, dünən KXCP, AMIP, Liberal, Açıq Cəmiyyət, Aydınlar partiyaları bugünkü mitinqə dəstək verərək, üzvlərinin aksiyada iştirakını təqdirəlayiq hesab ediblər.
Natiq