Azərbaycan: balaca türmə, böyük türmə (II yazı)

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Azərbaycan gömrüyü Azərbaycandakı türmə qapıları kimi bir yerdi: orda özünü özgür yurddaş kimi görə bilməzsən – korrupsiya qanunları buna yol vermir. Gömrüyün giriş-çıxışına rejim patriarxının unudulmaz sözləri yazılıb: “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir”. Bir sıra bilgilərə görə, “əsas atributdan” ildə 10-12 milyon dollar “mərkəzləşdirilmiş” fonda ötürülür – sözsüz, “dövlət müstəqilliyimizin” qorunması üçün! Yadınızdadır, hakimiyətə qayıdışından az sonra Bakının hər yanına rejim patriarxının daha unudulmaz sözlərini yazmışdılar: “Neft xalqın sərvətidir!” Gömrük də “xalqın sərvətidir” neft kimi: adı bizim, dadı başda duranların.

Karnegi institutundan yayılan bilgiyə görə, “Azərbaycanda korrupsiya mərkəzləşdirilib”. “Mərkəzləşdirilmiş” bilirsiz də nə deməkdir? Bu, ölkəni bürümüş rüşvətin-korrupsiyanın başında BIR adamın durması deməkdir. Indi gəl o adamı tap…

Bir daha demək gərəkir: Demokratiya yoluna çıxmış Gürcüstanda “mərkəzləşdirilmiş-mərkəzləşdirilməmiş” korrupsiya yoxdur. Bunu adamların üzündən də görmək, bilmək olar. Azərbaycanda hamının üzündən acıq yağır, ağrı-acı tökülür. Gürcüstanda hamının üzü gülür. Bu isə dövlətin doğruluğundan, hakimiyətin düzgünlüyündən doğan görsənişdir. Gürcüstanda təhsil, sağlamlıq sistemi pulsuzdur. Məhkəmə-hüquq sistemi Azərbaycanda olduğu kimi korrupsiyanın deyil, qanunçuluğun keşiyində durur. Çox xırda, ancaq dövlətçilik baxımından önəmli bir fakt: Azərbaycanda kimlik kartı (şəxsiyət vəsiqəsi) 25 manata satılır, Gürcüstanda… pulsuz verilir. Azərbaycanda, başlıcası da Bakıda torpaq yurddaşa çox baha qiymətə satılır, Gürcüstanda… pulsuz verilir (kiçicik dövlət rüsumunu ödəməklə).

Maşını olmayanlar üçün Azərbaycandan Batuma ən ucuzu avtobusla getməkdir. Tiflisdən Batuma avtobusla da getmək olur, taksiylə də. Avtobusla qiymət bir olduğundan taksiylə getmək daha əlverişlidir. Biz də daha əlverişliyə üstünlük verdik. Batuma Azərbaycandan ilboyu böyük axın var. Bunlar daha çox harın məmurlar, harın məmur balalarıdır – daha çox kef çəkməyə, qumar oynamağa gedirlər. Onları mağazadan çıxanda görəsən: üçü-beşi bir yerdə torba dolu araqla – gecəni çox şən keçirmək üçün. Onlardan Gürcüstanda rüşvət olub-olmadığını soruşun, “hər yerdə rüşvət var” deyəcəklər. Rüşvət ortamında doğulub-böyüyən, rüşvət ortamında yaşayanlar dünyanı başqa cür görə bilməzlər. Onlar daha çox bahalı hotellərdə qalırlar. Hotellərdə kazino var, bir də qadınlar. Pul – yetərincə: korrupsioner rejimin qazandırdığı pullar!

Bəlli olduğu kimi, Batum liman şəhəridir. Limanın illik gəliri 200-300 milyon dollar arasındadır – bu, başlıca olaraq neftdən gələn gəlirdir: Azərbaycan, Qazaxıstan, Türkmənistan nefti Batumdan dünya bazarına çıxır. Batumun ikinci gəlir qaynağı daha çox Azərbaycandakı korrupsiya sisteminə bağlı kazinolardır. Batum başda olmaqla Gürcüstan bu gün geniş turizm ölkəsinə çevrilib. Qanunçuluq bu işdə başlıca rol oynayır. Gürcüstanın başqa yerlərində olduğu kimi, Batumda da polis gözə dəymir. Ancaq hər yanda qaynar yaşam görürsən. Batum dövlət park-bulvarı, 111 hektarlıq Botanika bağı, bir də Batum delfinarisi – bunlar Batumu illərlə unutdurmayacaq yerlərdir. Başlıcası da delfinari. Burada gündə üç yol şou göstərilir. 703 yer gündə üç yol bütünlüklə dolur. Adamlar 40 dəqiqə sevinc içində olur. Batum büdcəsi hər gün delfinaridən 25 min dollar qazanır. Batuma baxdıqca adam yanıb-yaxılır: bizdə milyardlarla neft pullarını bir ailə, bir qrup mənimsədi, dağıtdı, göyə sovurdu. Bizdə də Batumda yaradılanları yaratmaq olardı. Bizdə xalqın gözünə Bakıdakı tikintiləri soxurlar. Gedin Batumdakı bir-birindən original binalara baxın. Yeri gəlmişkən, Batumda ən original bina Əliyevlərin tikdirdiyi hotel binasıdır. Tikintisi hələ bitməmiş bu binanın 30 milyon dollara başa gələcəyi bildirilir…