Səhiyyəni məhv edənlər keçmiş səhiyyə nazirini nədə ittiham edirlər?
Ötən gün xəbər yayıldı ki, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq səhiyyə naziri Əli Insanova qarşı yeni cinayət işi açılıb. Daha sonra məlum oldu ki, Əli Insanov, qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq, məhbuslara resept yazıb və qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurmuş.
Sən demə Ədliyyə Nazirliyinin Baş Tibb Idarəsi Əli Insanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr aşkarlanıb.
Əli Insanova qarşı hakimiyyətin münasibəti aydındı. 10 ildir ki, bu adam həbs həyatı yaşayır və hakimiyyəti kəskin şəkildə tənqid edir. Bu illər ərzində Əli Insanova əfv ərizəsi yazdırmaq mümkün olmadı, bu adamın dilindən hökumətin mədhi eşidilmədi. Əksinə, Əli Insanov keçmişdəki mövqeyinə görə peşiman olduğunu vurğuladı, hökumətin iç üzünü ortaya qoydu. Məhkəmə proseslərindəki çıxışları isə hökumətin mahiyyətini daha açıq şəkildə ifadə etdi.
Əlbəttə ki, hökumət bütün bunları bağışlamaq istəmir, qisaçılıq hissiylə alışıb-yanır və Əli Insanovun sınmadan həbsdən çıxamsını sinirə bilmir. Ona görə də prosesləri izləyən adamlar da bu qənaətdəydi ki, Əli Insanovu həbsdən buraxmamaq üçün hökumətin şər maşını işə salacaq. Yəni, Əli Insanova qarşı yeni cinayət işi açılması təəccüblü olmadı.
Amma hökumətin fantaziyası o qədər tükənib ki, şərin gülməli formasına keçiblər. Əli Insanova qarşı irəli sürülən ittihamlar lətifə mövzusudur. Sən demə bu adam qanunsuz həkimlik edirmiş, dustaqlara resept yazırmış.
Əvvəla, bugünə qədər Əli Insanovun reseptlərinə görə dünyasını dəyişən olmayıb. Bu hökumətin mədh etdiyi səhiyyə sistemi isə hər gün öldürür. Birinin sağ ayağı əvəzinə sol ayağını kəsirlər, birinin burnunu əməliyyat edirlər, dünyasını dəyişir, birinə baş əvəzinə, diş diaqnozu qoyurlar və s. Vəziyyət o həddə çatıb ki, əhali kütləvi şəkildə Gürcüstana, Irana, Türkiyəyə üz tutur. Vətəndaş yerli səhiyyəyə etimad göstərmir. Üstəlik, məlum oldu ki, ölkəyə gətirilən dərmanların tərkibi dəyişdirilir, dərmanlar 10 qat bahasına satılır. Hökumət isə bayırda səhiyyəni “ölüm maşını”na çevirənlərə sərbəstlik verib, həbsdə məhbusları müalicə edən adamı hədəf seçib.
Ikincisi, Əli Insanov ölkənin Səhiyyə naziri olub. Əli Insanov bu hökumətin kadrı olub. Bir vaxtlar milyonlarla insanın sağlamlığını etibar etdikləri adamı, indi “qanunsuz həkimlik etməkdə” suçlayırlar. Bütün ölkədə resept yazanların başında duran adamı, dustağa resept yazmaqda günahlandırırlar. Belə getsə, Əli Insanova qarşı “qanunsuz məsələhət vermə” ittihamı da irəli sürülüəcək.
Görəsən, Əli Insanovun “qanunsuz həkimliyi”, “narkotik tərkibli dərman yazması” 10 ildən sonra niyə aşkarlanıb? Bu adam “qanunsuz fəaliyyətə” cəzasının bitməsinə 2 ay qalmış başlayıb?
Bu qədər cılız, gülməli, absurd ittiham olarmı? Dövlət adına, qanun adına, hüquq adına bu qədər ləkə vurmaq olarmı?
Bu hökumət öz kölgəsindən də qorxur. 70 yaşlı kişinin azadlığa çıxmasından təşvişə düşüb. Bəs, deyirdilər xalq bizi dəstəkləyir, əhalinin 97 faizi Ilham Əliyevə səs verir? Bu qədər xalqdan dəstəyi olan hökumət, 70 yaşlı adamın azadlığından niyə qorxur? Əli Insanov azadlığa çıxıb bu hökuməti udacaq?
Yaxşı olardı ki, hökumət Əli Insanovu da “gülənçi”likdə ittiham etsin. Türkiyə hökumətinə də göstərsin ki, hərtərəfli təmizləmə aparır. Bu “ssenari”ləri kim yazırsa, onun özünün həkim məsləhətinə ehtiyacı var.
Çünki, sağlam düşüncə ilə absurdun zirvəsinə çıxmaq mümkün deyil.
Akif