Saqqız yazısı

(Saqqız mədəniyyətinin olmamasından gileylənən iqtidarın «Evrovision» keçirməsi)

Rəsmi dövlət qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov “Saqqız çeynəmək mədəniyyəti” adlı məqalə yazıb. Belə ciddi və dərin ictimai problemin hərtərəfli təhlili bizdə böyük marağa səbəb olub. Üstəlik, dövlətimizin və xalqımızın bu qədər ağır və bəşəri probleminin tezliklə həll ediləcəyinə ümid etməyə başlamışıq.
Yaxşı olardı ki, ən yaxın müddətdə “2012-2022-ci illərdə Azərbaycanda saqqız mədəniyyətinin inkişafına dair Dövlət Proqramı” qəbul edilsin və bu sahədəki əskiklərimiz uğurla həll edilsin. Məsələnin Milli Məclisdə də müzakirəsinə ehtiyac var və elə parlamentin saqqız mədəniyyəti komissiyasının yaradılması uğurlu fəaliyyətin başlanğıcı olardı.
Bütün sahələrdə analoqu olmayan inkişaf varsa, necə olub ki, saqqız mədəniyyəti bizdə çox zəif inkişafa edir? Bəxtiyar müəllim yazır: “… Müstəqillik yarandı, Irana, Türkiyəyə səfər edənlər başladılar ordan bol-bol saqqız gətirməyə. Hamı hamıya saqqız hədiyyə edirdi, hamı sevinc və fərəhlə saqqız çeynəyirdi! Ilahi, nə qədər xoşbəxt olmuşduq! Artıq biz də ictimai yerlərdə avropalılar kimi görünürdük! Yəni saqqız çeynəyirdik! Onu ağzımızda şişirdib partladırdıq. Hamı dönüb bizə baxırdı! Şükür, daha saqqız sarıdan korluğumuz yoxdur! Əksinə, uşaqlı, böyüklü, qadınlı, qızlı gün ərzində xeyli çənə dayanmadan işləyir. Mentalitet-filan da yaddan çıxıb! Bir də görürsən ki, özəl telekanalların “pullu qonaqları” elə veriliş gedişində şirin-şirin saqqız çeynəyir. Heç xəbəri də yoxdur ki, kameraya düşüb…”
Görürsünüz, problem çox böyükdür və biz hələ də müstəqilliyin ölkəmizə gətirdiyi bu bəlanın əzabını çəkirik. Saqqız bizim axırımıza çıxmasa yaxşıdır.  Saqqız ermənipərəst qüvvələrin ölkəmizə qarşı istifadə etdiyi ən böyük hiylədir.
Məhz saqqız mədəniyyətinin olmaması ucbatından bizdə hələ də bəzi məmurlar rüşvət alır, korrupsiyanın kökü kəsilmir.  
Məhz saqqız mədəniyyətinin olmaması ucbatından kimlərsə gedib Dubayda uşaqlarına villa alır.
Saqqız mədəniyyətinin aşağı olması hesabına  polislər vətəndaşlara işgəncə verir,  vəzifə sahibləri qanunsuz addımlar atır. Hətta yol müfəttişlərinin bu mədəniyyəti yoxdur – onlar xəlvətə düşdükdə sürücülərdən saqqız alırlar.
Irandan gələn saqqızların hesabına isə bəzi vətəndaşlarımız dövlətə üz çevirib, dövlətçiliyin əleyhinə yönələn dini qruplaşmalara qoşulurlar. Iran saqqızı çox ziyanlıdır.
Hələ bu harasıdır. Bəxtiyar müəllim yazır: “Restoran və kafelərdəki xidmət mədəniyyətindən isə danışmağa dəyməz. Böyük əksəriyyətində səviyyə çox aşağıdır. Nə çeviklik var, nə səriştə, nə də qabiliyyət. Bir şey istəyirsən, “baş üstə” deyib gedir. Hər şeyin dadı qaçıb, qanın qaralandan sonra süfrəyə gəlib çıxır. Nə edək, xörəkpaylayanları da xaricdən gətirək? Bəyəm xörəkpaylayan hazırlamaq üçün illərlə çalışmaq, universitetlər açmaq gərəkdir?”
Müəllif haqlıdır. Bəs görəsən Avropa Şurası niyə susur? Onlar niyə hesabatlarına salmır bunu? Onlar daha kiçik problemlərə üz tutaraq hay-küy yaradırlar. Belə ikili standart olar?
Digər tərəfdən, əgər səriştəli xörəkpaylayanlarımız yoxdursa, biz “Evrovizion”u necə yola verəcəyik, gələn qonaqları necə yedirdəcəyik? Onlar ölkəmiz haqda nə düşünəcəklər? Bəs onda çəkdiyimiz asfaltları yolları, körpüləri, fontanları kim tərifləyəcək? Saqqız mədəniyyəti olmadıqda görün necə ağır dərdlərlə üzləşirik.
Radikal müxalifətimiz və hər şeyi qara yazan bəzi jurnalistlər isə bütün günü ölkənin sərvətlərinin talanmasından yazır, xalqın diqqətini gerçək bəlalardan yayındırırlar. Hətta “Ay Zaur”, “Toy olsun” kimi verilişlər də bu problemə diqqət ayırmır. Axı kimə işləyir onlar? “Xəzər” TV təcili bağlanmalıdır.
Saqqız mədəniyyətinin problemləri haqda susanları heç cür başa düşmək olmur. Onlar deyir ki, guya biz saqqız mədəniyyətinin aşağı olmasından yazsaq,  bəzi yazarlar soruşacaqlar:
– Ay Bəxtiyar müəllim, saqqız mədəniyyəti olmayan ölkə nə əcəb bütün dünyaya örnək olan “Evrovision” mahnı yarışması keçirir? Və necə keçirəcək bunu? Bəs saqqız mədəniyyəti olmayan ölkə analoqu olmayan inkişafa necə nail olub? Bəs uğurlu, qüsursuz siyasət nə əcəb bu saqqız probleminə həll edə bilmir?