Xədicə İsmayıl prokurorluğa cavab verdi

«İstintaqla bağlı mənfi rəy yaratmırıq, rəy onsuz da, mənfidir»

“Biz istintaqın gedişi ilə bağlı mənfi rəy yaratmağa çalışmırıq. Rəy onsuz da, mənfidir”. Bunu, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıl Bakı Şəhər Prokurorluğunun bugünlərdə yaydığı açıqlamaya münasibət bildirərkən deyib. Qeyd edək ki, prokurorluq açıqlamasında  iş üzrə hərtərəfli istintaqın getdiyi, lakin X.Ismayıl və vəkili Adil Ismayılovun zəruri istintaq hərəkətlərinin yerinə yetirilməməsi barədə əsassız və həqiqəti əks etdirməyən bəyanatlar verməklə ictimaiyyət arasında istintaqla bağlı mənfi rəy yaratmağa çalışdıqlarını bildirmişdi.
X.Ismayıl bildirir ki, məlum mətbuat konfransından bir gün əvvəl də Prokurorluqda olublar, lakin suallarına cavab ala bilməyiblər: “Biz konkret faktlar səsləndirmişik. Bu faktlar ondan ibarətdir ki, protokol dəyişdirilib, həmin o ATS işçisinin ifadəsi alınmayıb. Bəlkə mətbuat konfransından sonra ifadə alıblar, bunu deyə bilmərəm. Amma o günə qədər bu baş verməmişdi. Heç kimi dindirməmişdilər. Həmin məktubların getdiyi ünvanlara – ”Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə müraciət olunmamışdı. Bizdə hər hansı istintaq hərəkətinin getdiyi ilə bağlı heç bir dəlil yox idi. Belə başa düşdüm ki, işləmirlər. Bildiyimə görə ondan sonra bir neçə nəfəri dindirməyə başlayıblar. Konkret adlar çəkməyəcəm, amma dindirmə işlərinə başlayıblar. Qoy işləsinlər. Ümid edirəm ki, sübutları qeydə almağı unutmayacaqlar. O sübutlar ki, onlar haqqında mətbuat konfransında danışmışıq”.

Gültəkin