Azərbaycan demokratlarının informasiya blokadası yarıldı

Qənimət Zahidin hazırladığı “Azərbaycan saatı” efirə çıxdı

Verilişin təkrarı sabah saat 21:00-da “Kanal Avropa”da

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin müəlliflik etdiyi və “Kanal Avropa”da yayımlanan “Azərbaycan saatı” proqramının ilk yayımı aprelin 6-da efirə verilib.
İlk verilişdə Qənimət Zahidin qonaqları Azərbaycan Kültür Dərnəkləri başqanı Cəmil Ünal, Türkiyənin ölkəmizdəki səfirliyinin keçmiş mətbuat katibi Turqut Ər, tanınmış türkiyəli ekspert Arif Kəskin və hazırda qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı jurnalist-ekspert Rauf Mirqədirov olub.
Qonaqlar proqrama uğurlar arzulayıb, xüsusən Azərbaycanın alternativ səslərin boğulduğu indiki vəziyyətində belə bir müstəqil proqrama ciddi ehtiyac olduğunu bildiriblər.
Cəmil Ünal qeyd edib ki, hazırda Azərbaycanda televiziyalar, azad söz basqı altında olduğu üçün ölkədəki gerçək vəziyyəti dünyaya çatdırmaq mümkün deyil. O, “Azərbaycan saatı” proqramının bu boşluğu nisbətən doldura biləcəyinə inandığını deyib.
Turqut Ər bu proqramın Azərbaycan xalqı üçün xeyirli olmasını arzulayıb və bildirib ki, ölkənin köklü problemlərini həll etməkdən ötrü ilk növbədə o problemləri vətəndaşlara olduğu kimi çatıdrmaq lazımdır. Turqut Ər “Azərbaycan saatı”nın bunu bacaracağına hazırda Azərbaycanda mövcud olan, “dünyanın ikrahla baxdığı durumun gerçək üzünü” ölkə vətəndaşlarına çatdıra biləcəyinə inamını ifadə edib.

Rauf Mirqədirov Azərbaycan vətəndaşlarının uzun illərin siyasəti nəticəsində ciddi informasiya və mövzulara marağının öldüyünü diqqətə çatdırıb. O, Azərbaycanda tərəflərin bir-birini eşitmək probleminin olduğunu deyərək “Azərbaycan saatı”nın diskussiya mühiti yaratmağa xidmət etməsini arzulayıb.
Proqramın müəllifi və aparıcısı Qənimət Zahid onun bütün tərəflərin fikirləri üçün açıq olduğunu və bu yayım siyasətinə sadiq qalacaqlarını qeyd edib.
Arif Kəskin bu proqramın “dünyaya səpələnmiş 40-50 milyonluq azərbaycanlının köklü problemlərini duyurmağa yardımçı olmasını” diləyib. “Bizim Qarabağ, Güney kimi ağır problemlərimiz var” deyən Kəskin açıq və bütün səslərin eşidildiyi müzakirələr olmadan belə problemləri həll etməyi mümkünsüz sayıb. “Hər birimiz öz taleyimiz, Azərbaycanın problemləri haqda danışmaq haqqına sahibik. Bizim sözümüzü kəsənlər inkişafımızın qarşısını alır. Çünki inkişaf müzakirələrdən yaranır. Azərbaycan insanı sözünü deyə, danışa bilməlidir” deyə o qeyd edib..
Proqramda daha sona Bakıda İctimai Palatanın 8 aprelə tətin etdiyi mitinq barədə məlumat və AXCP sədri Əli Kərimlinin “Azərbaycan saatı”na ürək sözləri efirə verilib.
AXCP sədri Qənimət Zahidin Azərbaycan mediasında avanqard rolu ilə tanındığını deyərək, bu proqramla da onun bir ilkə imza atdığını, hazırda ölkənin ciddi basqı altında olan, eşidilməsinə imkan verilməyən alternativ səsləri duyurduğunu deyib. “Qənimət bəyin bu ideyasını alqışlayıram. Bu, xoş missiyadılr. Azərbaycan xalqının belə bir proqrama ehtiyacı var” deyən Əli Kərimli arzu edib ki, proqramda ölkənin köklü problemləri və onlardan çıxış yolları müzakirə edilsin. AXCP sədri proqramda İP-in 8 aprel mitinqinin məqsədi haqda suala da cavab verib.
Proqramın ilk buraxılışı yaradıcı heyətə bəlli olmayan səbəblərdən öz vaxtında efirə çıxa bilməyib. Belə ki, verilişin efirə veriləndə onun səsləndirilməsində problem yaşanıb. Bu üzdən veriliş kəsilib və 20-30 dəqiqə sonra efirə verilib. Nəticədə çəkiliş efirə tam getməyib. Buna görə də, kanal verilişi aprelin 7-də Bakı vaxtı ilə 21:00-da təkrar efirə verəcək.

Kanalın yayım tezliyi: Türksat 12 562 25 000 5/6V

İnternet ünvanı: http://www.kanalavrupa.tv/pages/live/big.html

İnformasiya şöbəsi