Bu həbsdən sonra Ərdoğan sakit yatacaqsa… 

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

…Təxminən dörd – beş il bundan əvvəl cib telefonuma naməlum bir zəng gəlmişdi. Telefonun o biri ucundakı türk nazik səslə salam verib, məni ABŞ – dan aradığını dedi və möhtərəm bir zatın mənimlə danışacağını duyurdu. Olur dedim və etiraf edim ki, qulaqlarıma inanmadım. Mənimlə danışan tərəfdarlarının sevə – sevə “Xocaəfəndi” dedikləri Fətulllah Gülənin ta kəndisi idi.

Uzun sürən salam – kəlamdan sonra birbaşa mətləbə keçdi. Dedi ki, bizin camaat haqqında düşüncələrin yanlışdı, yazılarında bizim təşkilata qarşı qərəzi anlaya bilmirəm. Dedim hocam sizinlə mənim heç bir problemim yoxdur, sadəcə buradakı adamalarınız yüksək çinli məmurlar olduğundan və mən də müxalif yazar olduğumdan vəzifəmi yerinə yetirirəm. Misal da çəkdim dedim hocam, Azərbaycan millisi qapıçısı poçtalyon olan  Lixteynşteyn kimi cırtdan bir ölkəyə uduzur, Qafqaz Universiteti isə futbolumuza cavabdeh olan Rövnəq Abdullayevə ilin idman adamı adı verir. Yazmayım bəs neyləyim?

Hocanı gülmək tutdu. Dedim ağsaqqal kimə gülürsünüz?. Dedi sizin futbolun halına. Xeyli güldü və dedi ki, dürüst və məlumatlı birinə bənzəyirsən, mənə bir kaç kişi haqqında bilgi vermənizi rica etsəm… – “Buyur ağsaqqal” dedim. Məmurlardan Elnur Aslanov, deputatlardan Ceyhun Osmanov, Nizami Cəfərov, Fazil Mustafa, Etibar Hüseynov, nəhayət yazarlardan Rəşad Məcid başda olmaqla on – onbeş şəxsi sordu.

Dedim ağsaqqal məqsədiniz nədir, bu şəxslərlə siz nə etmək istəyirsiniz, haraya varmaq istəyirsiniz? Nəzakətlə sizi daha sonra araram deyib, sağollaşdı və bir daha aramadı…

Kimsə həvəslənməsin, bu bir zarafatdır. Istər Hoca, istərsə də onun Azərbaycandakı müridləri  ilə heç bir əlaqəm yoxdur və olmayıb da. Lakin son günlər Azərbaycan iqtidrının nurçuları başqa yerdə axtarması mənə  Ərdoğan, “darbe” haqqındakı fikirlərimə yenidən baxmağa məcbur etdi.

Hətta bir neçə il əvvəl nurçularla bağlı bir yazımda yazmışdım ki, Azərbaycan vətəndaşları arasında nurçu – filan yoxdur. Hizmət hərəkatının ayırdığı pulları yeyənlər var. Üç il qabaq yazdıqlarım doğru çıxdı. Bu gün ölkədə minlərlə tanıdığımız nurçulardan, eləcə də ayda çox yüksək məbləğdə məvacibə qol çəkənlərdən birinin cəsarəti çatıb demədi ki, mən Gülən tərəfdarıyam, Hizmət hərəkatının pullarını basıb yemişəm. Bir həqiqi nurçu belə məsuliyyətə cəlb olunmadı. Səbəbi çox ilginc və Azərbaycan reallığına uyğundur. Bu mənim subyektiv fikrimdir. Beləliklə…

Yəqin ki, sübut etməyə ehtiyac yoxdur ki, Azərbaycan iqtidarında təmsil olunan məmurların əksəriyyətinin tamahı sərhəd tanımır. Əlləri milyonlarla oynasa da, xaricdən eləcə də yerli xeyriyyə cəmiyyətindən 50 manatlıq yardıma göz tikmələri danılmazdır.

Guqlda axtarış verin siz də əmin olacaqsınız, Gülən tərəfdarlarının sünnət tədbirlərində belə yüksək çinli məmurlar canla – başla iştirak edirlər. PA – nın şöbə müdirlərindən tutmuş, deputatlara qədər. Səbəb sadədir – belə tədbirlərdə qonaq kimi iştirak etmək maliyyəsiz deyil. Sonda sənin paketini mütləq çatdıracaqlar. Indi anladınız niyə nurçuları başqa yerdə axtarırlar. Sizi inandırıram ki, birini həbs etsələr , o mütləq digərlərini uf demədən “baqaca” qoyacaq. Və Elşad Abdullayev demişkən , yer – yerindən oynayacaq.

E.Abdullayevdən söz düşmüşkən, məhz onun rektor olduğu və tarixə “təhsil bespredel”i kimi düşəcək ABU – nun da koridorlarını indiki iqtidarın ağır toplarının portretləri bəzəyirdi. Baş nazirin müavinindən tutmuş, deputatlara qədər…

Bu günə Gülən camaatına yaxınlığı ilə tanınan və bunu gizlətməyən  onlarla deputat, PA – nın şöbə müdirləri, iri məmurlar, baş redaktorlar və s. zatlar dura – dura “məlum olub ki” Fəthullah Gülənin sağ əli və bir nömrəli “imamı” Azadlıq qəzetinin direktoru,  Faiq Əmirli imiş. O Azadlıq qəzetinin ki, darbenin ilk dəqiqələrindən Türkiyənin qanuni hakimiyyətinin yanında olub.

Ərdoğan və komandası iki azyaşlı körpə atasının həbsindən sonra sonra sakit yatacaqsa, olsun. Ancaq rica edirəm, “darbe” deyəndə əllərini vicdanlarına qoysunlar. Əgər varsa əlbəttə…