Putin sui-qəsddə ittiham olunur

Əhməd Zakayev Rusiya baş nazirinin ünvanına sərt ittihamlar səsləndirdi

Hazırda Böyük Britaniyada mühacirətdə yaşayan çeçen dissident Əhməd Zakayev ona qarşı planlaşdırılan, lakin ingilis hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınan sui-qəsdin arxasında Rusiya hakimiyyətinin dayandığını söyləyib. Olayla bağlı “The Guardian”a danışan Zakayev bildirib ki, Vladimir Putin başda olmaqla Rusiya hakimiyyəti onun öldürülməsinə çalışır. Son illər ərzində dəfələrlə ölüm təhlükəsiylə üzləşdiyini deyən çeçen dissident sui-qəsd əmrlərinin birbaşa Kremldən verildiyini vurğulayıb.

“Son 12 ildə Putin Rusiyanı qanqaster sayağı siyasətlə idarə edir. Hakimiyyətinin başlanğıcında o, bu siyasəti Çeçensitanda yürütdü. İndi isə Putin qanlı əməllərini ölkənin xaricində reallaşdırmaq istəyir”, – deyə Əhməd Zakayev bildirib.
Əlavə edək ki, bir neçə gün öncə Britaniyanın təhlükəsizlik xidmətləri Əhməd Zakayevə qarşı hazırlanan sui-qəsdin qarşısını aldığını açıqlamışdı.

Xüsusi xidmət orqanları Zakayevi öldürmək istəyən şəxsin “E1” koda adlı çeçen killer olduğunu dəqiqləşdirib. 6 uşaq atası olan killerin Vyanada Ramzan Kadırovun keçmiş mühafizəçisi Umar İsrailovun qətlə yetirilməsində də şübhəli bilinir.

İnformasiya şöbəsi