Müğənni deputatı ittiham etdi

Aslan Hüseynov: «Arif Alışanov kimi istəyir efirə buraxır, kimi istəyir buraxmır»

Müğənni Aslan Hüseynov “radikal.az” internet televiziyasına müsahibə verib. Müsahibədə müğənni maraqlı mətləblərə toxunub. Belə ki, o, SMS-lə aparılan musiqi yarışmalarını qəbul etmədiyini deyib: “SMS-lə necə ola bilər ki, ən yaxşı müğənni seçilsin? Oxuya bilməyən daydayısının hesabına qalib seçilirsə, o sənətkar ola bilər? Elə adamlar ”sənətkar” olub, əsl sənətkarlara salam da vermir”.
“Əvvəllər ATV-nin aparıcısı Yusif vardı, efirə kim pulla çıxırdısa, onu tərifləyirdi. Əgər sənin musiqidən xəbərin yoxdursa, tanış-tunuşun hesabına gəlmisənsə, efirə diqqətli olmalısan. Türklərə deyir ki, sən oxuya bilmirsən. Qardaş millətə bunu demək olarmı? Buna efirin rəhbəri diqqət yetirməlidir”, – deyə müğənni qeyd edir.
Müğənni müsahibəsində AzTV-nin rəhbəri Arif Alışanov haqqında da danışıb: “Arif Alışanov kimi istəyir efirə buraxır, kimi istəmir buraxmır. Bayram günündə zəng etdim ona dedim ki, dövlət tədbirlərinə gedəndə məni AzTV-də kəsirlər. Ağzında yemək yeyə-yə, fit çala-çala ”sən kimsən ki, sənin dövlət kanalı ilə problemin olsun” – dedi. Dedim nə olub, millət vəkili olmazdan əvvəl belə danışmırdın. Mən də onunla fit çala-çala danışdım. Bu, millət vəkildir, dövlət kanalının rəhbəridir. Deyirlər düz etməmisən onunla belə danışmısan. Anlamıram, o danışa bilər, mən yox? Bu gün heç bir millət vəkili müğənni qədər auditoriya yığa bilməz. Bu gün Arif Alışanov çıxış eləsin görüm gedəcəklər onun çıxışına qulaq asmağa? Bizim bu gün gözəl millət vəkillərimiz var. Amma bəziləri yeyib harınlayıb. Inşallah, o dünyada bunu başa düşəcəklər”.

Ramin DEKO