Milli Şura, o cümlədən AXCP rəhbərliyi və fəalları avqustun 22-də Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, demokratik yolla seçilmiş ilk prezidenti mərhum Əbülfəz Elçibəyi vəfatının 16-cı ildönümündə məzarı başında yad edib. Elçibəyin ruhuna dualar oxunandan sonra Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli çıxış edib.
“Vətənə, millətə xidmətin nümunəsini ortaya qoyub”
Milli Şuranın sədri Cəmil Həsənli: “Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının, Azərbaycanda azad fikrin əsasını qoyan, ona liderlik edən Əbülfəz bəyin həyatdan gedən günüdür. Azərbaycan xalqı, ölkənin vicdanlı adamları, onun qurduğu, rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası və eləcə də ictimai-siyasi qurumlar Əbülfəz bəyin adını, əməllərini unutmurlar. Hər il həm doğum, həm vəfat günündə məzarı önünə yığışaraq onu yad edirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura bu gün də anım tədbirini keçirir. Ona görə keçirir ki, Əbülfəz bəy bu ölkənin anılası birinci şəxsiyyətlərindəndir. Rəsulzadədən başlayan azadlıq hərəkatının çağdaş mərhələsinin lideri o olub. Rəsulzadə ideyalarının yaşamasında, qorunmasında, həyata keçirilməsində müstəsna xidmətləri olub. Ən ağır, ən böhranlı zamanlarda xalqın, millətin önündə gedib. Əbülfəz bəy vətənə, millətə xidmətin nümunəsini ortaya qoyub. Özü də öz mənliyi, işgüzarlığı, tamahsızlığı, dövlət malına olan halal münasibəti ilə. Əbülfəz bəyin həyatının və mübarizəsinin əsas hissəsi sovetlər birliyinin vaxtına təsadüf edib. Bu millətin azadlıq hədəflərini göstərənlərdən birincisi olub. Ötən əsrin 60, 70, 80-ci illərində vətənə, millətə bağlı yeni bir gəncliyin formalaşmasında Əbülfəz bəyin müstəsna xidmətləri olub.
75-ci ildə mən Əbülfəz bəyin məhkəməsində iştirak etmişəm. Onu millətçi cinayətkar ittihamı ilə tutmuşdular. Bu maddə üzrə ona 8-10 il həbs cəzası düşürdü. Bugünkü məhkəmə və istintaq prosesindən fərqli olaraq sovet hökuməti insanlara vəkil təklif edirdi. Əbülfəz bəyə vəkil təklif edəndə bundan imtina etdi və hüquqlarını özü qoruyacağını bəyan etdi. Biz belə bir şeyi ilk dəfə görürdük. Əbülfəz bəy öz hazırlığı, öz müdafiəsi, öz haqq işiylə həmin cəzanı 1 il 6 aya endirdi. Indi belə şeylər mümkün deyil və Əbülfəz bəyin qurduğu və formalaşdırdığı Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bugünkü rəftarlar içində olduğumuz rejimin sovet rejimindən daha qəddar, daha hüquqazidd olduğunu bir daha təsdiq edir.
“İnsan heyrətə gəlir ki, biz hara gəlib çıxmışıq?!”
Əli bəylə ara-sıra Nardaran işi üzrə məhkəmədə iştirak edirik. Insan heyrətə gəlir ki, biz hara gəlib çıxmışıq?! Mətbuat saxlanma yerlərində, cəzaçəkmə müəssisələrində insanlara verilən işgəncələri 37-ci illə müqayisə edir. Tarixçi kimi deyə bilərəmə ki, 37-ci ildə istintaq orqanlarına işgəncə yolu ilə ifadə almağa qanun icazə vermişdi. Bu qeyri-insani hərəkət olsa da, həmin recimin qanunları çərçivəsində idi. Amma bu gün Azərbaycan Konstitusiyasının ən parlaq səhifələrindən biri insan haqları ilə bağlıdır. Görün, ölkəmiz nə yerə gəlib çıxıb ki, döyə-döyə insanı öldürürlər, insanın qabırğasını sındırırlar və s.
Əbülfəz bəy bütün ömrü boyu belə hallara qarşı mübarizə aparmışdı. O millətinin imzasını sivil dünyanın imzası içində görmək istəyirdi. Və elə bu ideallarla da dünyasını dəyişdi. Allah ona rəhmət eləsin!”.
“Millətin bu sevgisinin arxasında nə durur?”
AXCP sədri Əli Kərimli: “Əbülfəz bəyin haqq dünyasına qovuşmasından 16 il keçir. 16 ildir ki, Azərbaycan xalqı bu böyük liderini itirib. Əbülfəz bəyin dəfn mərasimi Azərbaycanda indiyə qədər olmuş ən kütləvi dəfn mərasimidir. O gün yüzminlərlə insan bu acını paylaşırdı. 16 il ötüb, indi də Əbülfəz Elçibəyin haqq dünyasına qovuşduğu gün kədər, dünyaya gəldiyi gün sevinc günüdür. Budur xalqın sevgisi. Millətin bu sevgisinin arxasında nə durur? Onunla uzun illər mübarizə aparmış biri kimi təsdiq edə bilərəm ki, bu sevgi ilk növbədə Əbülfəz Elçibəyin özündən qaynaqlanırdı. Ilk olaraq Əbülfəz Elçibəy millətini sevdi, sonra da milləti ona qarşılıq verdi. Və beləliklə millətlə onun arasında böyük sevgi yarandı. Bu sevginin kökündə nə dururdu? Millətə təmənnasız xidmət, millətin mənafeləri naminə hər bir addıma hazır olmaq, fədakarlıq. Bilirsizmi ki, Əbülfəz Elçibəyin sağlığında ona nə qədər şər-böhtan deyilib, ona qarşı nə qədər əsassız ittihamlar irəli sürülüb? Amma Azərbaycan xalqının gözündən onu sala biliblərmi? Qətiyyən yox. Bu gün də görürük ki, Azərbaycan gəncliyi məhz Elçibəy yolunu davam etdirməyi seçib.
Bu gün bizim üçün bütün mənalarda çətin gündür. Bir tərəfdən Xalq Cəbhəsinin ilk sədrini, Milli Azadlıq Hərəkatının liderini itirdiyimiz gündür. Digər tərəfdən də Xalq Cəbhəsinə qarşı repressiyaların tüğyan etdiyi gündür. Rəhmətlik bəyin çox sevdiyi Faiq Əmirliini bu gün şərləyərək, hər kəsi heyrətə salacaq şərlə həbs etdilər. Son bir həftədə partiyamızın 5 funksioneri şərlənərək həbs olunub. Artıq onların ikisi barədə cinayət ittihamı var. Digərləri isə inzibati həbs olunublar.
“Əbülfəz bəy sağ olsaydı…”
Mən həyatın müxtəlif dönəmlərində düşünürəm ki, Əbülfəz bəy sağ olsaydı, nə deyərdi?! Tam əminliklə deyirəm, deyərdi ki, fikir verməyin, türmə də boş şeydi, gəlib keçəcək. Tale sizdən nəsə böyük adam düzəltmək istəyir. Ona görə sizi bu sınaqlara çəkir ki, daha da möhkəmlənəsiniz.
Öz təcrübəmdən bilirəm. 1994-cü ildə – 29 yaşım olanda beləcə şərlənib həbs olunmuşdum. Məşhur qumbara əhvalatı. Hansı ki bu gün də davam edir və o cinayət işini hələ ləğv etməyiblər. Bir neçə gün sonra qəzeti açanda böyük bir məqalə gördüm. Əbülfəz Elçibəy yazmışdı – Əli bəy, qəzan mübarək!
Çətinliyə düşəndə, sıxılanda, darılanda Əbülfəz bəyi yadınıza salın! Sovet recimini düşünün. Səsin heç yerə çatmır. Istənilən dissidentin taleyi miskin xəstəxanalarda bitə bilir. Varlığından belə, millətin xəbəri olmur. Səni siyasi maddə ilə də ittiham etmirlər. Və sən faktiki gedər-gəlməzə yollanırsan. Belə dövrdə Əbülfəz Elçibəy anti-sovet fəaliyyətini seçib və Azərbaycanın müstəqilliyi üçün mübarizəyə qoşulub. Indi bizləri həbs edirlər, anındaca yüzminlərlə insan bu xəbəri yayır, həbs olunmuş dostumuzla həmrəylik nümayiş etdirir, bütün dünya bir-birinə dəyir, hər yerdən dəstək mesacları gəlir. Şərlənərək həbs olunmuş dostumuz xalqın gözündə bu millətin deputatından, nazirindən, oliqarxından daha hörmətli olur. O zaman bunlar yox idi, amma Əbülfəz Elçibəy heç zaman tərəddüd etmirdi…”.
Anım ziyarətinin sonunda bir qrup qadın AXCP sədri Əli Kərimli ilə söhbət etmək istədiyini bildirib. Əbülfəz Elçibəyin qohumları olduğunu deyən xanımlar Əli Kərimliyə onun siyasi fəaliyyətini diqqətlə izlədiklərini və illərdir səslənən şər-böhtanlara, əsassız ittihamlara baxmayaraq, onu Əbülfəz Elçibəyin ən layiqli davamçısı hesab etdiklərini bəyan ediblər.