“Hökumətin hədəfi Əli Kərimliyə çıxmaqdır”

cemilhesenli-azadliqdaCəmil Həsənli: “Bunlar anlamaq istəmir ki, Rusiyanın dəstəyi ilə Gülən məsələsini müxalifətə qarşı yönəltməkdə ciddi səhvə yol verdilər”

Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsinə münasibət bildirib. C.Həsənli feysbuk səhifəsində yazıb:

Bu hakimiyyət hansı addımı atırsa, özünü ifşa edir. Faiq Əmirlinin 48 saatlıq həbsi də belə oldu. Fətulla Gülənin kitablarını Faiqin maşınına atanlar bütün mənalarda kitabdan uzaq adamlardır. Onlara Faiqi tutmaq üçün Fətulla Gülənin kitablarını bir sübut kimi onun maşınının yük yerindən çıxarmaq lazım idi. Sonrasını düşünməmişdilər. Elə bu kitablarla ifşa olacaqlarını ağıllarına da gətirmirdilər. Bir titul səhifəsinə baxmamışdılar ki, həmin kitablar harada nəşr olunub, kimlərin redaktorluğu ilə çıxıb, kimlər onlara ön söz yazıb?

Gülənin kitabları və onun haqqında yazılmış kitablar ölkənin Mədəniyyət və Təhsil nazirliklərinin tabeçiliyində olan bütün kitabxanaların kataloqunda var və onların şifrlərini elektron kataloqlardan da əldə etmək olar. Bunlar yaddaşsızlıq xəstəliyinə tutulublar. Bir xatırlamırlar ki, Bakıda Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı keçirilmiş kitab sərgisində Gülənin nəfis şəkildə nəşr olunmuş kitabları ən mötəbər yerdə qoyulmuşdu. Qənimət bəy bu məsələ ilə bağlı möhtəşəm yazısında çox mübhəmlərə aydınlıq gətirdi. Görün, bunlar özlərini necə abırsız vəziyyətə salıblar ki, Yeni Azərbaycan Partiyasının qurucularından biri, vəfatına qədər partiyanın yüksək yönətim kurulu sayılan Siyasi Şurasının üzvü, Səbail rayon təşkilatının sədri, Milli Məclisinin komissiya sədri, ölkənin pedaqogika institutunun direktoru, professor və ən nəhayət Faiq Əmrlinin tutulmasına qərar vermiş Baş prokurorun əmisi Zahid Qaralovun redaktorluğu ilə nəşr olunmuş “Gülənin İslam təlimi və humanizm anlayışı” kitabını Faiqin maşınının yük yerindən çıxarıb, onu elə həmin prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsinə aparırlar. Gülənin digər kitabları da məhz hökumət dəstəkçilərinin təqdimatı ilə cəmiyyətə ayaq açıb. Sizə Gülənçi lazımdırsa bircə dəfə Qafqaz Universitetinin keçirdiyi tədbirlərin video çəklişlərinə baxıb görə biləriniz ki, YAP-ın rəhbərliyindən, Milli Məclisdən, Prezident Aparatından, ayrı-ayrı nazirliklərdən (ayrı-ayrı nazirlər də daxil olmaqla) hansı yüksək vəzifə sahibləri bu tədbirlərdə iştirakı özünün vəzifə borcu hesab edirdi. İndi özünüz nəşr etdiyiniz, ön söz yazdığınız, ölkənin kitabxana şəbəkəsinə dağıtdığınız kitablara görə Faiq Əmirli kimi namuslu bir adamı tutmaqla Ərdoğana gülənçilərə qarşı mübarizə apardığınızı sübut etmək istəyirsinizsə, bu çox gülünc bir addımdır.

Şübhəsiz ki, Faiq burada bir vasitədir. Əgər söhbət Faiqin tutulmasından gedirdisə, onu artıq “milli ittiham” statusu qazanmış narkotiklə daha rahat tuta bilərdilər. Hökumətin hədəfi Əli Kərimliyə çıxmaqdır. Onlar içində olduğuqları, himayə etdikləri, dəstək verdikləri, şəbəkəşəşdirdikləri bir prosesi, gülənçi şəbəkə ilə bütün işbirliklərini indi utanıb-qızarmadan Əli Kərimlinin ayağına yazmaq istəyirlər. Sanki Antaliyada və Türkiyənin ayrı-ayrı şəhərlərində ildə ən azı 2-3 dəfə keçirilən Gülən şəbəkəsinin tədbirlərində iştirak edən bunlar yox, 10 ildir xarici pasportu olmayan Əli Kərimlidir.

Bunlar neçə ildir Əli Kərimli üçün tor toxuyurlar. Əvvəl onu Xamneyiyə xidmət etməkdə suçladılar, Razi “əməliyyatının” peşmançılığı qurtarmamış Nardaranda dövlət çevrilişinə cəhdin təşkilatçısı kimi məsuliyyətə cəlb etməyi planladılar, bu məsuliyyətsiz iddiada əlləri boşa çıxanda, 15 iyula qədər gülə-gülə “Gülən havasına” oynayanlar verdikləri sifarişin hesabını Əli bəyin adına kəsdirmək istəyirlər. Hər halda tutduğu vəzifənin böyük və kiçikliyindən asılı olmayaraq adam gərək özünü bu qədər abırsız vəziyyətə salmasın. Bunlar anlamaq istəmir ki, Rusiyanın dəstəyi ilə Gülən məsələsini müxalifətə qarşı yönəltməkdə ciddi səhvə yol verdilər. Çünki məsələ gözə kül üfürmək üçün Faiq Əmirilin maşının yük yerindən 5-6 Gülən ədəbiyyatı çıxarmaq qədər sadə deyil. Hətta o qədər sadə deyil ki, son nəticədə “camaatın imam xətibləri” hakimiyyətin yuxarı eşalonundan çıxa bilər.