Vəkil Ceyhun Yusifov: «Bu adam özü öhdəlik müqaviləsində, iddia ərizəsində faizlə pul verdiyini yazıb»
Deputat Rüfət Quliyev onun barəsində “sələmçi” ifadəsini səsləndirənləri məhkəməyə verməklə hədələyib. “Mənim haqqımda səsləndirilən fikirlərin hamısı şər, böhtan və iftiradır. Onların hamısı əsassız fikirlərdir. Mənə şər və böhtan atanlar məhkəmə qarşısında cavab verəcəklər”, – Rüfət Quliyev “modern.az”a açıqlamasında bildirib.
O, haqqında mediada yazılan sələm, faiz qalmaqalı haqqında danışarkən deyib ki, sentyabr ayında məhkəmə olacaq: “Artıq bu işlə hüquqşünasım da məşğul olmağa başlayıb. Sentyabrda məhkəmə olacaq. Günahkarlar mütləq öz cəzalarını alacaqlar”.
Qeyd edək ki, Rüfət Quliyev mərhum dostunun ailəsini məhkəməyə verib və onlardan 328 min dollar pul tələb edir. Deputat iddia ərizəsində göstərib ki, 81 min 850 dollarını öhdəlik müqaviləsilə vaxtilə Namiq Səfərova 8-10 faizlə verib. 2015-ci ilin fevralına qədər isə 246 min 800 dollar faiz yığılıb.
Qarşı tərəfin vəkili Ceyhun Yusifov deyir ki, deputat özü iddia ərizəsində, öhdəlik müqaviləsində faizə pul verdiyini açıq-aşkar yazıb. Belə olan halda, heç bir böhtandan söhbət gedə bilməz.
“Deputatın vəkili deyir ki, guya faizə verdikləri pul Rüfət Quliyevin deyil, onun oğlunun olub. Digər tərəfdən də Rüfət Quliyevin imzası olan, sələmə pul vermə müqaviləsini məhkəməyə təqdim edirlər. ”Öhdəlik müqaviləsi” adlanan həmin sənədə lupa ilə baxsınlar, görsünlər orada deputatın oğlunun adı bir yerdə keçir? Digər tərəfdən, deputatlıq faizə pul vermək üçün lisenziya almaqdan azad edirmi? Məgər Rüfət Quliyevin sələmçilik üçün lisenziyası var? Deputat bu fəaliyyətinə görə vergi ödəyib? Rüfət Quliyev faktiki həmin o “öhdəlik müqaviləsi” ilə, məhkəməyə təqdim etdiyi iddia ərizəsilə sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf edib”, – deyə Ceyhun Yusifov “gununsesi.info”ya açıqlamasında bildirib.
Vəkil onu da əlavə edib ki, yaxın günlərdə mətbuat konfransı keçirib, məsələnin detallarını açıqlayacaq: “Bu zaman aydın olacaq ki, qanunvericilik orqanının təmsilçisi qanuna necə hörmətsizlik edir, ən əsası da qanunu qəbul edən şəxsin primitiv qanundan xəbəri yoxdur”.




