Milli Şura sədri hakimiyyətin növbəti böhtanını darmadağın etdi

cemil-hesenli-itv1“Bəlkə Qafqaz Universitetinin rəsmən qeydə alınma qərarını, ali məktəb kimi tanınma lisenziyasını, Universitetə 20 hektar torpaq sahəsi ayrılması göstərişini də Əli Kərimli ilə mən vermişəm?”

“Hakimiyyətin əsas yalan ruporuna çevrilmiş Eynullanın haqqımızda böhtanları davam edir. Görünür bu adam bəzi zəruri keyfiyyətləri ilə yanaşı yaddaşını da itirib. Fətullahçı Qafqaz Universitetinin açılması ilə bağlı Fətullayev yazır ki, bu universitet Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə açılıb. Əlbəttə bu məlumatsız oxucunu aldatmaq üçün bir jurnalist priyomudur. Lakin az-çox təhsil sisteminə bələd olanlar bilir ki, heç bir komissiya universitet aça bilməz, onun açılmasına yalnız rəy verə bilər. Universitet ya Nazirlər Kabinetinin, ən azı isə Təhsil Nazirliyinin qərarı, əmri, sərəncamı ilə açıla bilərdi”.

Bu sözləri Milli Şuranın sədri Cəmil Həsənli Fətullah Gülən şəbəkəsinə məxsus olmuş Qafqaz Universitetinin Azərbaycanda necə açılması barədə feysbuk qeydində yazıb. Milli Şura sədri keçmiş təhsil naziri Firudin Cəlilovun bir müddət əvvəl bu barədə dediklərini də xatırladaraq, davam edib:

“Bu yaxınlarda Xalq Cəbhəsi hökumətində Təhsil Naziri işləmiş Firidun Cəlilov yazdı ki, “Həmin dövrdə bunlar “nurçular” adı ilə ölkəyə gəlirdilər. Mən də bunlara imkan vermədim. Sonra gedib adlarını dəyişdilər və Çağ Öyrətim Şirkəti adı ilə gəldilər. Guya adı dəyişməklə məni aldada biləcəkdilər. Mən yenə də bu şirkəti Azərbaycan təhsil sisteminə buraxmadım”. Əgər boş patronlarla Fətullaçı ovuna çıxmış Fətullayevi Qafqaz Universitetinin rəsmi olaraq fəaliyyətə başlaması maraqlandırırsa bu məlumatlar hər yerdə var. Qafqaz Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli, 203 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Daha sonra mövcud qaydalara əsasən 20 avqust 2002-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Qafqaz Universitetinə rəsmi lisenziya verilməsi ilə onun statusunun qanunauyğunluğu bir daha təsbit edilmişdir. Bilavasitə Azərbaycan Respublikasının sabiq prezidenti “Heydər Əliyevin şəxsi göstərişi ilə” (bu ifadə Qafqaz Universitetinin rəsmi sənədlərində də keçir) Azərbaycanın müvafiq icra orqanları Qafqaz Universitetinin yeni kompleksinin inşası üçün Bakı-Sumqayıt yolu üzərində 20 hektar torpaq sahəsi ayırmış və həmin sahədə Universitet şəhərciyi salınmışdır. Halbuki, bütün Azərbaycan ali məktəblərinin birlikdə yerləşdiyi ərazilərin sahəsi üst-üstə 20 hektar deyildir. Gərək “FETÖ” araşdırmalarına başlamış Fətullayev bu məsələləri diqqətlə araşdırsın. Çünki onların hər ikisinin heç olmasa ortaq bir “Fətullası” var.

Bəlkə Nazirlər Kabinetinin Qafqaz Universitetini rəsmən qeydiyyata alan qərarını, onun dövlət qurumu tərəfindən ali məktəb kimi tanınma lisenziyasını, Universitetə 20 hektar torpaq sahəsinin ayrılmasını da Əli Kərimli ilə mən vermişəm? Bəlkə son vaxtlarda Ankaranın təzyiqləri altında Gülən şəbəkəsinin Azərbaycanda olan məktəblərinin və kurslarının adını dəyişib bizim istifadəmizə veriblər? Bəlkə gülənçilərin əsas təbliğat şəbəkəsi olan, Azərbaycan rəsmi orqanlarının icazəsi ilə Samanyolu tv.-nin bazasında yaradılmış Xəzər televiziyasının məlum təzyiqlərdən sonra təsisçilərinin sırasına gülənçiləri çıxarıb Əli Kərimli ilə mənim adımı salıblar? Bəlkə Azərbaycanda Gülən camaatının minlərlə “işıq evlərində” toplantılarını indiyə qədər öz qərargahı olmayan Milli Şura və Xalq Cəbhəsi partiyası himayə edib? Bütün bunlar jurnalist araşdırmaları üçün əlavə imkanlar verir və Azərbaycanda “FETÖ” şəbəkəsinin sirrinə yaxından “vaqif olmaq” üçün yeni üfüqlər açır”.