Hüquq müdafiəçiləri hadisələri yerində araşdırır
Bir qrup hüquq müdafiəçisi ötən gün Quba-Xaçmaz Insan Resursları Mərkəzində Quba hadisələri ilə bağlı həbs edilənlərin yaxınları ilə görüşüb. Qeyd edək ki, Qubada tutulanların ümumi sayı 25 nəfərdir, bundan başqa, hüquq-mühafizə orqanları əməkdaşları 200 nəfərdən ölkəni tərk etməmək barədə iltizam alıblar.
Həbs edilənlərin yaxınlarının sözlərinə görə, Qubada baş verən ən şiddətli aktı – Rauf Həbibovun evinin yandırılmasını heç kəsin tanımadığı, saqqallı bir nəfər təşkil edib. Camaat Rauf Həbibovun evinin qarşısında “istefa” şüarları qışqırarkən, o, hasardan içəri keçib, evə nə atıbsa, qısa müddətdən sonra ev partlayıb və yanmağa başlayıb. Ondan sonra onu heç kəs görməyib.
Yerli “Xəyal” televiziyasının həbs olunmuş icraçı direktoru Vüqar Qonaqovun atası Fiyəddin Qonaqovun sözlərinə görə, oğluna Icra Hakimiyyətində toplantını lentə almağı Rauf Həbibov özü tapşırıb: “Həmin toplantıya öz təşəbbüsü və öz maraqları üçün getməyib. Hadisə baş verən gün, yəni martın 1-də Vüqar Bakıda, ATV-də olub, onun bu olaylara heç bir qarışacağı olmayıb. Bununla belə, onu martın 13-də çağırıb danışdırıb, sonra buraxıblar. Ancaq sonradan yenidən həbs ediblər”.
Fiyəddin Qonaqov oğlu üçün tutulmuş vəkildən Vüqarın imtina etməsini ona verilən işgəncələrlə bağlayır və deyir ki, bu, onun iradəsi ilə yox, müstəntiqlərin təzyiqi ilə olub.
Monitorinq qrupuna daxil olan hüquq müdafiəçisi Səidə Qocamanlının sözlərinə görə, hazırda onların Quba hadisələrinə görə saxlananların yaxınları ilə görüşləri davam edir: “10-a yaxın ailə ilə görüşdük. Real vəziyyəti araşdırmağa çalışırıq. Onlarla söhbət zamanı məlum oldu ki, heç bir basqı olmayıb, vəziyyətləri normaldır. Narahatçılıqları həbs olunanlarla görüşə bilməməkdir. Biz onlara bildirdik ki, istintaq müddəti zamanı məhbuslarla yalnız vəkili görüşə bilər. Məhbusların ailələri gördülər ki, onların dərdlərinə şərik çıxan var, bir az toxtaqlıq tapdılar. Tam ətraflı məlumat əldə etdikdən sonra Bakıya qayıdıb müvafiq orqanlara müraciət edəcəyik”.
Xatırladaq ki, martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Icra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun iki villası yandırılıb.
Martın 2-də Ilham Əliyevin sərəncamı ilə Rauf Həbibov Quba Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ancaq bəzi məlumatlarda onun yeni vəzifəyə təyin olunduğu deyilir.
Ramin DEKO