Binəqədidə ötən il mayın 19-da baş vermiş yanğınla əlaqədar həbs olunanlardan biri, binanı üzləmiş “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov məhkəmədə ifadəsində yanğında dolayısıyla keçmiş MTN-in rolu olduğuna işarə vurub. Bildirib ki, hadisədən az öncə MTN-in vəzifəli əməkdaşları ondan pul istəyib.
Lakin o, tələb olunan pulu verməkdən imtina edib. Bu söhbətdən iki gün sonra – mayın 16-da onların üzlədiyi tikililərdən biri olan Veteranlar Şurasının yerləşdiyi binada yanğın törədilib. Bundan da üç gün sonra – mayın 19-da 15 nəfərin ölümü ilə nəticələnən məlum yanğın baş verdi.
Miryusif Mahmudovun söylədikləri kifayət qədər ciddi ittihamlardır. Maraqlıdır, belə bir ifadədən sonra müvafiq qurumların üzərinə düşən vəzifə nədir? Dəhşətli yanğınla bağlı həbs olunan əsas fiqurun dedikləri araşdırılmalıdırmı?
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, məhkəmə ona təqdim edilən ittihamın həcminə görə işə baxır. Amma məhkəmənin gedişində belə məsələlər ortaya çıxanda, məhkəmənin özündə də əsaslı şübhələr yarananda araşdırılması üçün istintaq orqanına müraciət oluna bilər.
“Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, həmin materiallar prokurorluğa göndərilməli, aidiyyəti üzrə yenidən istintaq aparılmalıdır. Araşdırma aparılandan sonra isə təqsiri olan şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir”, – hüquqşünas bildirib.
Nigar



